Türkiyə tarixinin kritik prezident və parlament seçkilərindən birinə hazırlaşır. Mayın 14-də keçiriləcək seçkilərə tək ölkə daxilində deyil, xaricində də diqqət pik həddədir.
Türkiyə mediasında mövzu ilə bağlı dərc olunan materiallarda vurğulanır ki, hər bir ölkənin bu seçki ilə bağlı müxtəlif planları, gözləntiləri var. Təəssüf doğuran hal ondan ibarətdir ki, onların böyük əksəriyyətinin gözləntiləri mənfiyə söykənir. Qardaş ölkənin son illər dünyada artan nüfuzu, qüdrəti bədxahları narahat edir. Bu səbəbdən də hakim partiyanın qələbə qazanmasını istəmirlər. Beləliklə, siyahıya nəzər salaq.
Məsələn, Birləşmiş Ştatlar Suriyanın şimalında kürd dövləti qurmaq planını nəyin bahasına olursa-olsun reallaşdırmağa çalışır, mümkün hakimiyyət dəyişikliyi də bu səbəbdən onun gözləntiləri sırasındadır. Vaşinqton Türkiyənin qoşunlarınn bu ölkədən geri çəkməsini istəyir. Eləcə də, PKK ilə əməkdaşlıq edir. Yunanıstana gəldikdə, o da əbədi rəqibi Türkiyədə seçkilərin nəticəsini gözləyir, hədəfi qonşuluqdakı adaları işğal etmək və Aralıq dənizində nüfuzunu gücləndirməkdir.
İrana gəldikdə, bu ölkə Azərbaycana təzyiq etmək, rəsmi Bakının Türkiyə ilə əməkdaşlığına mane olmaq onun əsas gözləntisidir. Ermənistanı da bu səbəbdən dəstəkləyir.
Fransaya gəldikdə, Paris Türkiyənin Liviyada, bütövlükdə Afrikadakı mövqeyinin zəifləməsini istəyir. İsveçə gəldikdə, NATO-ya daxil olmaq üçün o da Türkiyədəki seçkiləri gözləyir. Ölkəsindəki PKK-çılara dəstək verir, Türkiyəyə silah embarqosu qoyur. Rusiyaya gəldikdə – o da Türkiyənin Liviyada olmasını istəmir və Suriyadakı rolunu davam etdirmək istəyir. Hətta İraq da bu mövqedədir. Ölkə bölünüb, amma yenə də PKK-ya dəstəyini davam etdirir və seçkiləri gözləyir. Suriyada Bəşər Əsəd bir az yumşalmış kimi görünsə də, o da seçkiləri gözləyir.
Türk mediası yazır ki, İngiltərəyə gəldikdə, “bu ölkə həmişə etdiyi şeyi edir – saman altından su yeridir. Almaniya da İngiltərə kimi addım atır, lakin Türkiyəyə silah embarqosu qoyur. Yunan Kipri adanı ABŞ-dan aldığı silahlarla silahlandırır və gözləyir. Bu ölkələri Qara dənizdən çıxan təbii qaz, pilotsuz təyyarələrimiz, yeni nəsil döyüş təyyarələrimiz, təyyarədaşıyan gəmimiz, Türkiyə istehsalı olan avtomobil və hava hücumundan müdafiə sistemləri, Türkiyənin istehsal etdiyi, adını çəkə bilmədiyim silahlar narahat edir. Yəni görünən odur ki, bu seçki təkcə Türkiyə seçkisi deyil, dünyanın liderini və taleyini müəyyən edəcək”, – deyə türk mediası yazır.
Azər Nuriyev
Milli.Az