111 ölkə içində ən çirkli 29-cu ölkə – Gerçəkmi, qərəzmi?

Azərbaycan Numbeo dünya çirklənmə indeksində 111 ölkə arasında 29-cu yerdədir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, MDB məkanında “ilk otuzluq”da Azərbaycan və Qazaxıstan yer alır.
Bildirilir ki, reytinq müxtəlif ölkələrin şəhərlərində çirklənmənin ümumi səviyyəsini – havanın və suyun çirklənməsini, zibillərin yığılmasının keyfiyyətini, işıq və səs-küy çirklənməsini, yaşıllıqların səviyyəsini və çirklənmədən asılı olaraq yaşayış rahatlığını qiymətləndirir.
Azərbaycana 73,4 (Qazaxıstana 73) indeks təyin edilib. Müqayisə üçün ən çox çirklənmiş beş ölkədə – Monqolustan, Myanma, Livan, Qana və Nigeriyada 92,4-dən 88,2-yə qədər indekslər var.
Reytinq tərtib edənlərin fikrincə, ən təmiz ölkələr Finlandiya (11,8), İslandiya (15,7) və Estoniyadır (17,1).
MDB ölkələrindən ən yaxşı vəziyyət Belarusdadır (44,4). O, 80-ci yerdə qərarlaşıb. Ermənistan 57-ci pillədədir.
Bununla belə, qeyd edək ki, əvvəllər bu cür reytinq cədvəllərinin tərtib edilməsi zamanı açıq-aşkar qeyri-obyektivliyə yol verilməsi halları da müşahidə olunub.
Milli.Az