Pulun insan psixikasına təsiri…- Hərislər, korrupsionerlər necə yetişir?..-ARAŞDIRMA

“Burada əsas məsələ ondadır ki, sən pulun ağasısan, yoxsa qulusan…”

 

“Əgər insan pulun quluna çevrilirsə, onda onu acı tale gözləyir – asılılıq, narazılıq, hərislik, korlanmış əlaqələr və ya maddi gəlir meyarlarına əsaslanan münasibətlər…”

 

Çağdaş dünyanın və eləcə də Azərbaycanın problem, bəla və faciələrinin əsas səbəblərindən biri insanların əksəriyyətinin var-dövlətə və konkret olaraq pula-paraya bağlılığıdır. Ölkəmizdə son onilliklərdə rüşvətxorluq və korrupsiyanın baş alıb getməsi, korrupsioner məmurların həbs olunduqca belə, yenə də çoxalmasının da  məhz bu murdar xislətlə bağlı olduğunu söyləsək, yanılmarıq…

Bəs insan pula necə bağlanır? Para adamların psixikasına necə təsir edir ki, onlar bu kağız, metal parçaları uğrunda nəinki öz xalqlarını, vətənlərini, dövlətlərini,  hətta ən doğma və əzizlərini, öz şəxsi mənliklərini, ləyaqətlərini belə, satmağa hazır olurlar?..

 

Moderator.az-ın tərcüməsini təqdim etdiyi  psixoloq-məsləhətçi, “transaksiya təhlili” istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın Dağıstan mediasında dərc etdiyi “Pulun insan psixikasına təsiri” məqaləsində bəhs edilən suallara daha çox Quran və Peyğəmbər(ə.s.) hədisləri prizmasından yanaşılır.

 

“Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) səhabələri arasında Səid Əmir əl-Cüməhi adlı bir gənc də var idi. Gəncliyində İslamı qəbul etdi, Mədinədə Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanına köçdü. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonra hər iki saleh xəlifə: Əbu Bəkr və Ömər ibn Xəttab Səidin doğruluğuna və düzlüyünə əmin olaraq məsləhət və kəlamları üçün tez-tez ona müraciət edirdilər…  

Ömər ibn əl-Xəttab, Allah ondan razı olsun, xəlifə olduqdan sonra özünün istəmədiyi halda Səidi Hums sakinlərinə hakim təyin etmək qərarına gəldi. Bir dəfə Ömər, Allah ondan razı olsun, Hums yoxsullarının siyahısını istədikdə onların adları arasında Səid ibn Əmr əl-Cümahinin adını da gördü. Ömər, Allah ondan razı olsun, göz yaşı tökdü ki, saqqalı islandı, sonra min dinar götürüb Səidə göndərdi. Nümayəndə heyəti pulla Səidə çatdıqda o, pul kisəsinə baxdı və qorxaraq pul kisəsini atdı: “Həqiqətən, biz Allaha məxsusuq və dönüşümüz də Onadır ( hər hansı bir bəla baş verəndə deyilən sözlər). Ərinin dilindən bu sözləri eşidən Səidin arvadı soruşdu:

 

– Nə olub, Səid? Möminlərin hökmdarı öldümü? 

Səid isə belə cavab verdi: 

 

-Bundan daha ciddi bir şey oldu…

 

-Müsəlmanlar döyüşdə məğlub oldularmı?! 

– Yox, bundan da ciddi bir şey oldu… 

– Bundan pis nə ola bilər? 

 

Səid  bu dəfə isə belə cavab verdi: 

 

-Dünyanın vəsvəsələri mənə yaxınlaşdı. Evimə məni aldadan fitnə daxil oldu… 

 

Arvad Səidin nə demək istədiyini bilmədən “Yaxşı, onda bitir o işi” -deyə məsləhət verdi.

 

“Bunu etməkdə mənə kömək edərsən?” soruşan ərinə  “Bəli”- deyə  cavab verdi. 

 

Sonra isə dinarları cüzdanlara qoyub başqa yoxsul ailələrə payladılar… 

 

Həqiqətənmi pul elə bir bəladır ki, səhabələr onu fitnə və hiylələrin sayına istinad edərək ondan tez bir zamanda xilas olmağa çalışıblar?.. 

 

Pulun psixikaya təsiri hələ elmi təcrübələrlə araşdırılmayıb. Lakin onun nə qədər dağıdıcı ola biləcəyini qiymətləndirmək üçün müşahidələrə müraciət etmək kifayətdir. 

 

Beləliklə, pula hədsiz psixoloji bağlılıq aşağıdakı nəticələrə gətirib çıxarır:

 

1. Rifah üçün real və ya xəyali təhlükə depressiyaya və ya onun kəskinləşməsinə səbəb ola bilər.

Çox vaxt pul bir insanın uğurunun meyarı kimi qəbul edildiyindən bu,  paranın itkisi ilə insanın özünü aşağı, gücsüz, bədbəxt hiss etməsinə səbəb olur. Nəticədə stress, depressiya və psixosomatik xəstəliklər “qazanır”. 

 

2. Pul əmanətləri ilə bağlı narahatlıqdan qaynaqlanan müxtəlif növ paranoyalar…

 

Pul sevgisi onu itirmək qorxusuna səbəb olur, həmçinin onlara maneə ola biləcək vəziyyətlərə və ya insanlara qarşı inamsızlıq və düşmənçilik yaradır. Tədqiqatçıların aralarında ticarət əlaqələri qurduqları meymunların qəddar, şübhəli, bir-birlərinə inamsız olduqlarını xatırlatmaq kifayətdir. 

 

3. Pul yığımının kəskin şəkildə itirilməsi nəticəsində intihara meyil… 

 

Təəssüf ki, bəzi insanlar üçün həyatın mənası pulun yığılmasındadır. Pul yox olanda – həyatın mənası da itir. Elə hallar var ki, müflisləşmiş vətəndaşlar könüllü olaraq yalnız özlərinin deyil, ailə üzvlərinin də həyatına son qoyub, onları intihara məcbur ediblər. Və sonda özlərini də öldürüblər… 

 

4. Başqaları ilə və özünüzlə fikir ixtilafları… 

 

Bu, yalnız şəxsi həyatınızda problemlərə deyil, həm də kəskin psixoza səbəb ola bilər. Bu halda gəlir, mənfəət çox vaxt dəyərlər sistemində şəxsi, ailə münasibətlərinin üstün sayılır. Çoxları üçün pul ən yaxşı dostları və ailə üzvlərini əvəz edir ki,  bu da istər-istəməz psixi pozğunluqlara gətirib çıxarır. 

 

5. Həyatdan narazılıq… 

Qəribədir ki, psixoloji mərkəz və klinikaların müştərilərin ən çox  məhz zəngin insanlar olur.  Buna səbəb kasıbların psixoloji yardım ala bilmək imkanı olmaması yox,  çox vaxt həyatdan narazılıq səviyyəsinin rifah səviyyəsi ilə paralel olaraq artması olur. Dünyəvi iştaha gəlirin artması ilə artır və bildiyiniz kimi, dünya susuzluğu artıran, onu doyurmayan bir içkidir… 

 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: “Əgər Adəm oğlunun iki vadi dolu var-dövləti olsa, o,  üçüncü vadini də əldə etməyə çalışar! Və yalnız torpaq, nəhayət,  Adəm oğlunun qarnını doldura bilər. Allah tövbə edənin tövbəsini qəbul edər”…

 

6. Daxili azadlığın itirilməsi… 

 

Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurur: “Adəm övladı yaşlandıqca cılızlaşır, amma onda iki qayğı cavanlaşır – pul və can qayğısı”.

 

İnsan pula nə qədər çox bağlıdırsa, xoşbəxt həyat və məhsuldar fəaliyyət üçün bir o qədər daxili azadlığı azalır.

 

Pulla bağlı həyatdan narazılıq ona görə təhlükəlidir ki, o, Uca Yaradana naşükürlük, icazə verilən hüdudlardan kənara çıxmaq, iman və məna itkisinə səbəb olur.

Burada söhbət pulun olub-olmaması deyil, ona münasibət, ona bağlılıq və asılılıq dərəcəsindən gedir.

Xoşbəxtliyi və bədbəxtliyi ancaq pulla bağlı olan kasıb da, malını Allah yolunda bağışlayan zənginlərdən də ola bilərsən. Deməli, burada əsas məsələ ondadır ki, sən pulun ağasısan, yoxsa qulusan.

 

Əgər siz pulun ağasınızsa (yəni onunla bağlı ehtiyaclarınıza uyğun olaraq, özünüz və başqaları üçün maksimum fayda ilə sərəncam verirsiniz), deməli, həsəd aparılanlardansınız. Necə ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurur: 

 

“İki nəfərdən başqa heç kimə paxıllıq etmək olmaz: Allahın mal verdiyi və onu gecə-gündüz sərf edən şəxs və Allahın Quran bəxş etdiyi və gecə-gündüz onunla məşğul olan şəxs…” 

 

Əgər insan pulun quluna çevrilirsə, onda onu acı tale gözləyir – asılılıq, narazılıq, hərislik, korlanmış əlaqələr və ya maddi gəlir meyarlarına əsaslanan münasibətlər və s. Amma ən böyük acılıq Allah Rəsulunun lənətidir. 

 

Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayətinə görə, Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurub: “Dinar, dirhəm və hər cür dəbdəbəli əşyaların qulu həlak olsun, çünki o,  verilən zaman sevinər, əks halda qəzəb içində narazı qalar”.

 

Qeyd:

 

Növbəti yazımızda tədqiqatçıların pulun meymunları hansı inanılmaz vəziyyətə saldığı təcrübələrindən bəhs edən daha  maraqlı bir mövzudan bəhs edəcəyik.

 

Tərcümə və təqdim etdi: Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button