Sonrakı PEŞMANÇILIQ… – 30 il əvvəl Ukrayna nüvə arsenalından niyə imtina etdi…

Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda bu ölkədə daha çox Kiyevin təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina etməsinin səhv olduğunu deyirlər.

 

Moderator.az xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” nəşri yazır. Bu arada, nəşrin materialında vurğulandığı kimi, bir çox Qərb ekspertləri əmindirlər ki, indi yenidən silahlanmaya doğru irəliləməyə başlayan Ukrayna Moskva ilə münaqişədə tezliklə beynəlxalq dəstəyi itirəcək.

 

Nəşr yazır ki, soyuq müharibənin sonlarında dünyanın üçüncü nüvə dövləti heç də Britaniya, Fransa və ya Çin deyildi bu, Ukrayna idi. “Sovet İttifaqının süqutu – 1991-ci ilin dekabrında başa çatan yavaş-yavaş dağılma, hazırda müstəqillik əldə etmiş Ukraynaya əvvəllər Moskvanın onun ərazisində yerləşdirdiyi 5000 nüvə silahını miras alması ilə nəticələndi. Ölkənin hərbi bazalarındakı buraxılış qurğularında hər biri Hiroşimanı yerlə-yeksan edən bombadan qat-qat güclü olan, ona qədər termonüvə başlığı daşıyan raketlər var idi. Yalnız Rusiya və ABŞ-ın daha çox silahı var idi”, deyə müxbir nəşrin oxucularına xatırladıb.

 

Kiyevin bu arsenaldan imtina etməsi tez-tez silahlanmaya nəzarət üçün zəfər anı kimi təsvir olunur, diplomatlar və sülh fəalları öz döyüş başlıqlarını əldə etmək istəyən ölkələr üçün Ukraynanı nümunə kimi göstərirlər, – deyə materialın müəllifi davam edir. Lakin tarix xatırlayır ki, Ukraynanın nüvə tərksilahı əslində daxili çəkişmələr, hökumət və ölkənin silahlı qüvvələri daxilində qəfil dönüşlər və nifaqla” müşayiət olunan əsl sarsıntıya səbəb oldu”, – deyə jurnalist qeyd edir.

 

Müəllif yazır ki, hətta o vaxt həm ukraynalı, həm də amerikalı ekspertlər nüvə tərksilahının həqiqətən də müdrik addım olduğuna şübhələrini ifadə edirdilər: onlardan bəzilərinin vurğuladığı kimi, öldürücü döyüş başlıqları Kiyev üçün Rusiya təcavüzünün qarşısını almaqda yeganə etibarlı vasitə idi. Bu gün Ukrayna üçün nüvə silahı istehsal etməkdə lazım olan materialları yaratmaq və ya əldə etmək üçün asan yollar qalmayıb – və bununla belə, ölkəni üzük kimi mühasirəyə alan rus qoşunlarının manevrləri fonunda, nüvə cini yenidən qurcalanmağa başlayır”,deyə müəllif xəbərdarlıq edir.

 

Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk “The New York Times” nəşrinə müsahibəsində deyib: “Biz heç nə almadan arsenalımızdan imtina etdik. Kiyevin nüvə statusundan imtinası müqabilində aldığı təhlükəsizlik təminatlarını xatırladan Zaqorodnyuk qeyd edib: “İndi nə vaxt bizə hansısa kağız parçasına imza atmağı təklif edəndə biz belə cavab veririk: “Çox sağ olun, bizdə əvvəllər artıq belə bir şey olub.

 

Bununla belə, Qərb analitikləri hesab edirlər ki, hazırda Ukraynada ölkənin “nüvə keçmişini romantikləşdirməyə” meyl var, – deyə “The New York Times”ın materialında bildirilir. “Bir sözlə, onlar deyirlər: “Bizim silahımız var idi, ondan imtina etdik və görün indi nə baş verir”. Siyasi müstəvidə bu məsələyə yenidən baxılması istiqamətində hər hansı bir hərəkət müşahidə etmirəm. Ancaq sadə xalq dilində belədir. Bu, qismən peşmançılıqdan, qismən də bir insana haqsızlıq edildiyi zaman yaranan hissdən qaynaqlanır”, –  deyə Harvard Universitetinin Ukrayna üzrə eksperti Maryana Bucerin qəzetin müxbirinə müsahibəsində izah edib.

 

Nəşr yazır ki, Ukrayna müstəqillik əldə etdikdən sonra bütün sovet nüvə silahlarını öz ərazisindən mümkün qədər tez çıxarmağa çalışdı. Bombalar, artilleriya mərmiləri, minalar və qısa mənzilli raketlərə quraşdırılmış nisbətən kiçik döyüş başlıqlarının daşınması asan idi, lakin çəkisi 100 tona qədər və uzunluğu 27 metr olan uzun mənzilli raketlər artıq problemli idi. NYT müxbirinin qeyd etdiyi kimi, 1992-ci ilin yanvarında, Sovet İttifaqı dağılandan bir ay sonra, Ukrayna prezidenti və ölkənin müdafiə nazirliyinin rəhbəri hərbi rəhbərlərə və onların tabeliyində olanlara yerdə qalan silahlara nəzarəti ələ keçirmək üçün yeni ölkəyə and içməyi əmr etmişdilər, lakin çoxları bundan imtina etdi və Ukraynanın nüvə qüvvələrinə nəzarət edən hərbçilər arsenalın və onun döyüş hazırlığının  gələcək taleyi ilə bağlı kəskin çaşqınlıq dövrü keçirməli oldu.

 

Ukrayna Ali Radasına deputat seçilən Rusiya Strateji Raket Qüvvələrinin (RSRQ) keçmış diviziya komandiri Vladimir Tolubko nüvə silahından imtinanın qəti əleyhinə idi – 1992-ci ilin aprelində Radada çıxış edərək, tərksilahın Kiyev üçün “romantik və vaxtından əvvəl atılan addım” olacağını bəyan etmişdi və o, uzaqmənzilli raketlərin heç olmasa, bir hissəsini saxlamalı olduğunu vurğulayaraq, hətta belə “qalıq” raket qüvvələrinin “istənilən təcavüzkarın qarşısını almaq üçün” kifayət edəcəyini söyləmişdi, – deyə məqalə müəllifi qeyd edir. Ukraynanın nüvə tərksilahına dair təfərrüatlı tarixi oçerklərdən göründüyü kimi, deputat geniş dəstək qazanmasa da, onun mövqeyi “artıq mövcud gərginliyi” mürəkkəbləşdirmişdi.

 

NYT müxbiri vurğulayır ki, 1993-cü ilin yayında Çikaqo Universitetinin tanınmış beynəlxalq politoloqu Con Mirşaymer Ukraynanın nüvə silahı məsələsi ilə bağlı çıxış etmişdi. “Foreign Affairs” jurnalının səhifələrində ekspert əminliklə bildirmişdi ki, Ukrayna sülhü qorumaq üçün mütləq nüvə arsenalını saxlamalıdır və belə bir çəkindirmə aləti Ukrayna ilə dəfələrlə münaqişədə olan Rusiyanı Ukraynanı geri qazanmaq istəyindən çəkindirəcək”. Müəllif qeyd edir ki, elə həmin 1993-cü ildə Ukrayna hökuməti hətta nüvə raketlərinə və strateji bombardmançı təyyarələrə nəzarəti ələ keçirməyi də düşünürdü.

 

“The New York Times”ın materialına görə, bu, heç vaxt baş vermədi və Ukrayna nüvə tərksilahına cavab olaraq “dəmir təhlükəsizlik zəmanəti” tələb edərək bundan imtina etdi. Belə bir mübadilə əvvəlcə 1994-cü ilin əvvəlində Rusiya, Ukrayna və ABŞ tərəfindən bağlanmış müqavilələr formasını aldı, sonra isə Moskva, Kiyev, London və Vaşinqton tərəfindən imzalanmış Budapeşt memorandumu şəklində bərkidildi. Memorandumun tərəfləri Ukraynaya qarşı güc tətbiq etməyəcək və ondan istifadə ilə Kiyevi hədələməyəcək, həmçinin ölkənin suverenliyinə və sərhədlərinə hörmətlə yanaşacaqlarına dair razılığa gəldilər. Bundan əlavə, sənəddə Ukraynaya qarşı təcavüz olacağı təqdirdə tərəflərin BMT Təhlükəsizlik Şurası vasitəsilə dərhal ona dəstək tədbirləri görəcəyi də qeyd olunub.

 

Maryana Bucerinin NYT müxbirinə söylədiyi kimi, Kiyev istədiyini, daha dəqiq desək, ABŞ Senatı tərəfindən ratifikasiya olunmuş rəsmi sazişdə təsbit ediləcək hüquqi cəhətdən məcburi təminatları almasa da, ABŞ nümayəndələri Kiyevi əmin ediblər ki, Vaşinqton Budapeşt memorandumunda verilən vədlərə əsasən həyata keçiriləcək tədirlərə hüquqi öhdəliklər qədər ciddi yanaşacaqdır. 1996-cı ilin mayına qədər Ukraynanın nüvə arsenalının son elementləri Rusiyaya köçürüldü.

 

Budapeşt memorandumu üzrə danışıqlarda iştirak edənlərdən biri və ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payferin fikrincə, bu diplomatik şücaət Vladimir Putin kimi bir adamın yaranma perspektivini nəzərə almayan Vaşinqton və Kiyevin “kollektiv səhv hesablamanın” məhvinə səbəb oldu. Payferin NYT nəşrinə verdiyi müsahibədə dediyi kimi, 2014-cü ilin əvvəlində Rusiya qoşunlarının Krıma müdaxiləsindən və Ukraynanın şərqində müharibənin başlamasından sonra cənab Putin memorandumu mahiyyətcə etibarsız elan etdi. “Onlar artıq səkkiz ildir ki, zəif gedişatlı bir müharibə aparırlar. Mağazalarda daha patron qalmayıb, bir çox mülki şəxslər isə silahlanır”, – deyə nəşr Payferin sözlərini sitat gətirir.

 

Nəşrin məlumatına görə, Qərb ekspertləri, o cümlədən Maryana Bucerin əmindirlər ki, 2014-cü il hadisələrindən sonra ukraynalı siyasətçilər tərəfindən müntəzəm olaraq səslənməyə başlayan nüvə silahlarının qaytarılması ilə bağlı çağırışlar, sadəcə olaraq boş təhdidlərdir, çünki Kiyev döyüş başlıqlarını yenidən əldə etməklə sadəcə olaraq kütləvi elmi, maddi-texniki, maliyyə və geosiyasi problemlərin öhdəsindən gələ bilməyəcək. Bununla belə, analitiklər ehtiyat edirlər ki, hazırkı böhran Ukraynanı nüvə silahından imtinanın faydaları nümunəsindən daşıdığı risklər nümunəsinə çevirə və İran və Səudiyyə Ərəbistanı kimi ölkələri öz nüvə proqramlarına başlamağa sövq edə bilər.

 

“Diplomatik çıxış yolu tapılmadıqca, nüvə güclərinin belə silahlara malik olmayan ölkələri sıxışdırmağa qadir olduğu təəssüratı yaradacaq xüsusən də nüvə tərksilahı siyasətinin cəlbediciliyini azaldacaq”, -deyə Vaşinqton Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Derril Kimball NYT müxbirinə bildirib. Stiven Payferin fikrincə, yenidən silahlanma yoluna qədəm qoyan Ukrayna son nəticədə Rusiya ilə münaqişədə beynəlxalq dəstəyi də itirəcək, çünki heç kim nüvə silahı alacaq Kiyevin tərəfini tutmaq istəməyəcək.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button