“Tezliklə Azərbaycanın etdiyi jestlərə Ermənistanın qarşılıq verməsini gözləyirik…”

“Fevralın 4-də Cənab Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronla videoformatda görüşməsindən sonra bu gün Azərbaycan 8 erməni hərbi əsirini Ermənistana qaytardı. Bu, Azərbaycanın dünyaya növbəti dəfə göstərdiyi bir xoş niyyətdir. Bu görüşün ilk öncə Azərbaycanımızın istəkləri qismində gerçəkləşdiyi anlaşılmaqdadır”

 

Bunu Moderator.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib. H.Kılıç Azərbaycanın atdığı humanist addımlara qarşı Ermənistanın da cavab verməsinin vacib olduğunu bildirib: 

 

“Sərhəd məsələləri, nəqliyyat koridorlarının açılması, quru və dəmir yollarının bərpası, sərhəddəki atışmaların qarşısını almaq üçün delimitasiyanın həyata keçirilməsi – bunlar Azərbaycanımızın başdan bəri söylədikləridir. Görüşdə Makronun tərəfsiz olaraq iştirak etdiyi başa düşülür. Ayrıca barış anlaşmasının da bir an öncə həyata keçirilməsi məsələsinin də nəzər alındığı görünür. İndi Avropa İttifaqı Şurasının yayımladığı açıqlamada bu dəfə ATƏT-in Minsk Qrupunun fəaliyyəti bəyənilmədi, Qarabağdan və statusdan bəhs edilmədi. Fransanın artıq ağlını başına yığdığını görürük. Fransa bununla gördü ki, ermənipərəst mövqe sərgiləmklə Azərbaycanda bir çox layihələrini itirir, burdakı yatırımlardan pay almır. Fransanın burda artıq dürüst olması lazımdır. Fransa təkcə Minsk Qrupunun üzvü deyil, sadəcə Avropa Birliyinin üzvüdür. İndi Avropa bu işə qarışırsa, bir gerçəyin ortada olduğunu qəbul etməsi lazımdır. Ortada yeni bir gerçək var və buna görə davranması lazımdır. Onsuz da Azərbaycan özünə aid olan, otuz il öncə zorla işğal edilən torpaqlarını geri aldı. Bu, Birləşmiş Millətlərin qərarlarında da var və o sənəddə Fransanın da imzası yer alıb. Avropa Birliyinin yanaşması ədalətli bir yanaşma ola bilər, onlar bu danışıqlara kölgə salmamalıdırlar. Bu günə qədər həmişə tərəf tutan bir Avropa gördük, xüsusilə Fransanı vurğulamaq istəyirəm. Amma bundan sonra rəsmi Paris daha adil, beynəlxalq hüquqa söykənən bir yanaşma göstərərsə, bunu başa düşmək olar.  Xatırladım ki, 14 dekabr görüşündən sonra cənab Prezidentin Avropa Birliyi və Paşinyan arasında  ikinci görüş oldu. Bu görüşlərin konstruktiv olduğunu görürük. Onsuz da Azərbaycan hər zaman humanist addımlar atır. Bu gün də gördük ki, 8 erməni hərbi əsirini Ermənistana geri qaytardı. Digər tərəfdən də bu Paşinyanın əlini gücləndirir, çünki əsirlərin valideynləri həmişə onu narahat edir. Bu da bölgədə gərginliyin yumşalması baxımından çox önəmli bir addımdır. Azərbaycan sürətli şəkildə bölgədə yumşaldıcı addımlar atmağa davam edir. İndi ən qısa vaxtda sülh müqaviləsinin imzalanması lazımdır. Komunikasiyaların, Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün qərarlar qəbul etmək lazımdır. İrəlidəki günlərdə Azərbaycanın etdiyi jestlərə Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyirik”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button