“Məsələ açıq-saçıqlıqda deyil, ötürəcəyimiz mesajdadır ki, biz nəyi, necə ötürəcəyik?!”

Bu günlərdə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” adına layiq görüldüm. İllər ərzində gördüyün işin dövlət tərəfindən qiymətləndirilməsi çox qürurvericidir. Haqqını almaq, layiq olduğuna nail olmaq, bu dünyaya dəyər. Bu bir şeyə halallıqla nail olmaq deməkdir. Hamının səni mükafat aldığın üçün yox, layiq olduğunu bildirib təbrik etməsi çox möhtəşəm, gözəl duyğulardır. Mən buna görə Allaha və bu işə vəsilə olan insanlara təşəkkür edirəm. Qoy həmişə layiq olan, ədalətli olan qazansın. Heç bir zəhmət qarşılıqsız qalmasın. Heç bir gəncin əməyi, ümidləri, arzuları cavabsız qalmasın. Həqiqətən də buna layiq olan insanlar, gənclərimiz var. Mən yenə də öz işimdə-gücümdə, öz sahəmdə, teatrıma, peşəmə olan xidmətimdəyəm”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Aygün Fətullayeva deyib. O daha sonra əlavə edib.

“Mənim yaradıcılığımın növbəti məqamı hansı obraz olmalıdırsa, o obrazı canlandırmaq istəyirəm. Hansı ki, orada özümü ifadə edəcəyəm. Bu arzularımdan növbətisi də budur ki, mən həmin obrazı Azərbaycandan kənarda canlandırım. Həqiqətən də teatrımı, vətənimi hansısa bir xarici ölkədə təmsil etmək istəyirəm. Daha çox fundamental rollar arzusundayam. “Onun qəribə taleyi” sənədli filmində görkəmli aktrisamız Amaliya Pənahovanın obrazını canlandırmışdım. Bu obrazla bağlı bir çox fikirlər eşitdim. Xüsusən də obrazımla bağlı peşəkarların fikrinin müsbət olması məni çox sevindirdi. Ən əsası isə Amaliya xanımın övladları, yaxınları, onunla birlikdə çalışan sənətkarlar obrazımı bəyəndilər. Böyük sənətkarımız Rasim Balayev də bu obrazla bağlı mənə öz fikirlərini dedi. Bu mənim üçün Allahın bir mükafatıdır. Gənc aktrisa üçün bundan artıq nə ola bilər?! Hələ ki, tənqidi fikrə rast gəlməmişəm. Olsa belə bu çox normaldır. Təbii ki, tənqid də sağlam olmalıdır” deyə aktrisa bildirib.

 

Aktrisa açıq-saçıq obrazlarla bağlı suala isə bu cür cavab verib.

“Açıq-saçıq obrazlarla bağlı sual sənətçilərə çox ünvanlanır. Həmin obrazı ya oynayırsan, ya da ki, oynamırsan! Bu haqda niyə danışasan ki? Burada mental bir fikir önəm daşıyır, aktualdır, amma niyə akyor və aktrisalar belə bir sualın obyektidir?! Biz nə qədər insan talelərini canlandırırıq. Məsələ nəyi göstərdiyimiz yox, necə göstərdiyimiz, təqdim etməyimizdir. Məsələ burada Aygün necə geyindi deyil?! Mənim üçün önəmli olan Aygün bu hissi necə ifadə etdidir. Təbii ki, seçimlər var. Mən də ya oynayaram, ya da oynamaram. Amma bunu bir seçim olaraq düşünmək istəmirəm. Məsələ açıq-saçıqlıqda deyil, ötürəcəyimiz mesajdadır ki, biz nəyi, necə ötürəcəyik?!” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button