“Rəşid Behbudov mənə dedi ki, sən Şoşunun, yəni Şövkətin tələbəsisən..?”

“Bu il Şövkət Ələkbərovanın 100 illik yubileyi olacaq. İfa etməsəm də çox istərdim ki, Mədəniyyət Nazirliyi məni də yada salıb, həmin tədbirə dəvət etsin. Mən də öz növbəmdə həmin gecədə böyük məmnuniyyətlə iştirak edərdim”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O daha sonra əlavə edib.

“Şövkət Ələkbərova elə bir sənətkardır ki, ondan danışanda elə belə yox, pafosla danışmaq lazımdır. O Azərbaycan mədəniyyətinin sönməyən günəşi, hər zaman parıldayan ülkər ulduzudur. Mən hələ elə insana rast gəlməmişəm ki, desin ki, Şövkət xanıma qulaq asmıram, yaxud da asmamışam. Bəlkə də Şövkət xanım haqda məndən də böyük sənətkarlar söz deməlidir. Mənim Şövkət xanım haqda danışmağım çox cılızdır. Özümü bu adın qarşısında zərrə sayıram. İllər öncə Rəşid Behbudov məni Mahnı Teatrına məhz Şövkət xanımın tələbəsi olduğuma görə götürdü. Mənə dedi ki, sən Şoşunun tələbəsisən?! O qədər doğma idilər ki, Şövkət xanıma bu cür deyə müraciət edirdi. Çox təəssüflənirəm ki, Şövkət xanıma qarşı da vəfasız çıxan tələbələri olub. Tələbələri Şövkət xanımın övladlarından sonra əllərində olan barmaqlarıdır. Bir ailədə də həm vəfalı övlad, həm də vəfasız övlad olur. Bizim kursdan heç kim Şövkət xanıma qarşı vəfasız olmayıb. Onun adı gələndə biz əsim-əsim əsirdik. Onun dərslərini həsrətlə, dörd gözlə gözləyirdik. Mən Şövkət xanımı sevib sənətə gəlmişdim. Bunu onun özünə də deyirdim, indi öz tələbələrimə də deyirəm. Amma indi təəssüflər olsun ki, musiqimiz bərbad vəziyyətdədir. İstərdim ki, gənclərimiz maariflənsin, səviyyəli musiqiləri, mahnıları seçsin. Mən nə qədər çalışdımsa səhnədə cəngavər, yırtıcı ola bilmədim. Çünki musiqiyə elə incəliklə yanaşıram ki, istəmirəm onu tapdalayım. Amma Şövkət xanım mənə deyirdi ki, cəld ol, iti ol. Şövkət xanım özü də cəld ola bilmədi. Çünki o qədər sadə, insanpərvər şəxsiyyət idi ki. Mən onun səsinin vurğunuyam, mənim Məcnunum Şövkət Ələkbərovanın səsi idi. Onu o qədər çox sevirəm ki.. Ona görə mən istəmirəm ki, məni qalmaqala qatsınlar. İstəmirəm ki, təmiz adıma ləkə gətirim. Düzdü, bu illər ərzində müxtəlif hadisələr oldu ki, kaş onlar üzə çıxmazdı. Çünki sənət aləmində olan şəxs hər kəsin gözündə bəxtiyar bir insan kimi görünməlidir. Təəssüf edirəm ki, bu hadisələrdən mətbuata sızmalar oldu. Kaş bunlar heç olmazdı. Bu da mənim sakit təbiətli olmağımdan irəli gəlir” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button