“Təəsüf ki, nə Lütfi Zadənin potensialından lazımınca istifadə etdik, nə də Rafiq Əliyevin…”

Dünya şöhrətli alim, nümunəvi şəxsiyyət…

 

Bu gün xalqımızın beynəlxalq elm aləmində böyük nüfuzu olan görkəmli alimi, öz şəxsiyyəti, davranışı ilə onu tanıyan tərəqqipərvər insanlar üçün nümunə olan bir insanın –  Rafiq Əliyevin 80 yaşı tamam olur. Bu yubiley ölkəmiz üçün olduqca mühüm  bir hadisədir. Təbii ki, onun elmdə qazandığı uğurlar, qalxdığı zirvələr haqda saatlarca danışmaq olar. Bu barədə xeyli yazılar, kitablar, videomateriallar vardır. Əziz dostum Rafiq müəllimin elmi fəaliyyəti haqda mənim də məqalələrim, müsahibələrim oxuculara tanışdır. Bu yubiley günündə mən, bir sosioloq olaraq onun  müasir dövrdə cəmiyyətimiz üçün hansı mütərəqqi rol oynaması haqda danışmaq istəyirəm.

 

 

Hər bir dövrdə, hər bir cəmiyyətin ideallaşdırdığı, güvəndiyi, tarixi və onun öz müasiri olan böyük şəxsiyyətlərə ehtiyacı vardır. Belə insanlar çox olduqca cəmiyyətdə, insanlarda özünə inam, vətənpərvərlik hissləri daha çox güclənir, insanlar öz xalqını daha çox sevir, onun tərəqqisi üçün daha inamla çalışırlar. Belə şəxsiyyətlər  yeni nəslin daha keyfiyyətli  formalaşmasında mühüm rol oynayır. Sosiologiyada bir “sosietal birlik” anlayışı var. Həmin birlik elə insanlarının birliyidir ki, onlar sanki öz xalqı üçün bir enerji mənbəyidir. O birliyin üzvləri çox olduqca xalq daha güclü olur. Həmin birlik öz tərkibi etibarı ilə müxtəlif ola bilərlər. Məsələn, orada daha çox hərbçilər olduqda xalq daha çox hərbi dəyərlərə köklənir, dindar insanlar çox olduqda, xalq daha çox dini dəyərləri, bu sahədəki davranışı ilə fərqlənir. Ticarət, pul məsələləri ilə məşğul olan insanlar çox olduqda isə həmin xalqın bu sahəyə marağı daha çox olur və s. Hansı xalqın hansı sahəyə marağı çox olduqda, həmin sahədə daha çox peşəkar insanların, mütəxəssislərin, alimlərin yetişməsi müşahidə olunur. Sosietal birliyi  zəif olanlar isə qeyri mütəhərrik bir vəziyyətdə olurlar. Hər kəs dərin düşündükdə bu deyilənlərə xeyli misallar tapa bilər. O xalq daha xoşbəxt xalqdır ki, onun sosietal birliyinin tərkibi həm çoxşaxəlidir, həm də çox güclüdür. Xalqımızın bu sahədə potensialı olduqca böyükdür. Onun ideallaşdırdığı, güvəndiyi, tarixin inkişafına yön verən xeyli tarixi şəxsiyyətləri də var, müasir dövrdə onunla birlikdə yaşayan, fəaliyyət göstərən dünya şöhrətli övladları da. Bizim  həm tarixə yön verən böyük sərkərdələrimiz, siyasətçilərimiz var, həm də böyük şairlərimiz, sənətkarlarımız, alimlərimiz.  Şükür ki, müasir dövrdə də belə insanlarımız var və onlar yeni nəslin formalaşmasına çox mühüm təsir göstərirlər. Elm aləmində belə insanlara misal olaraq müasir dövrdə Yusif Məmmədəliyevi, Lütvi Zadəni, Həsən Abdullayevi, Xudu Məmmədovu, Azad Mirzəcənzadəni və başqalarını göstərmək olar.  Belə alimlər həm  xalqın mənəvi inkişafına mühüm təsir göstərir, həm də gənclərdə elmə marağı xeyli artırır, onları öz sahələrində böyük uğurlar qazanmaq üçün ruhlandırır. Onların hər biri öz ətrafında ciddi alimlərin yetişməsində mühüm rol oynayır. İmkanları çox olduqca daha geniş fəaliyyət göstərirlər, ölkənin tərəqqisinə daha çox kömək edirlər. Onlar bizim tarixi şəxsiyyətlərimizdir.  Belə insanlarımızdan, alimlərimizdən biri də bu gün yubileyini qeyd etdiyimiz  Rafiq Əliyevdir. 

 

 

Yaxşı ki, indiki vaxtda Rafiq müəllim kimi bir müasirimiz var. Belə insanlar həm də  öz dövrlərinin inkişaf göstəriciləridir. Bu gün yeni nəslin elmə maraq göstərən bütün nümayəndələri onun haqqında müəyyən məlumata malikdurlər. Bilirlər ki, o dünyanın tanınmış alimlərindən biridir. Bilirlər ki, dahi Zadənin ən layiqli davamçısıdır  və onun elmi məktəbinin beynəlxalq səviyyədə inkişaf etməsində böyük rol oynayır. Özünün təklif etdiyi bir neçə nəzəriyyə texniki elmlərin, idarəetmə nəzəriyyəsinin inkişafına mühüm təsir etməkdədir… Rafiq müəllim dörd dildə sərbəst danışıq və yazır. Dünyanın bir çox qabaqcıl ölkələrində, nüfuzlu nəşriyyatlar tərəfindən nəşr edilən 80-ə yaxın kitab, yüzlərcə məqalə  müəllifidir. Zigen Universitetinin, Quzey Kıbrıs Yaxın Doğu Universitetinin, ABŞ-ın Corciya Dövlət Universitetinin, Təbriz Universitetinin professor, Azərbaycan Dövlət Neft  və Sənaye Unuversitetində kafedra müdiri, BA proqramlarının direktorudur… O, gözəl, vicdanlı, mənəviyyatlı bir insandır. Ölkəmizdə elmin və təhsilin inkişafı üçün əlindən gələni edir. Başqalarının həqiqi uğurlarına sevinən geniş qəlbi var. Qısqanclıq, paxıllıq hisslərindən uzaqdır. El arasında deyildiyi kimi haqqı nahaqqa verməyən, əyilməz, vüqarlı bir adamdır.   Öz dostlarına qarşı hər zaman səmimi və sədaqətlidir. Mənəviyyatlı insanlar özünün doğması hesab edir. O ucuz mənada yerlibaz deyil. Bunu onu yaxından tanıyanların hər biri bilir. Mən də özümə münasibətdə hiss edirəm. Rafiq müəllim həm də öz əxlaqı, ailəsinə sədaqəti ilə tanınır. On ildən artıqdır ki, dünyada olmayan həyat yoldaşı Aidə xanıma olan sevgisini ən möhtəşəm bədii əsərlər də təsvir edə bilməz… Bir sözlə, o ləyaqətli, nümunəvi insana layiq bütün keyfiyyətlərin daşıyıcısıdır. Ən əsası, gənclərimiz onu yaxından tanımasalar da, bilirlər ki, xalqımızın belə bir övladı da vardır və onların müasiridir…  Bu bilgilər onların böyük bir qismində özünə inam, özünə tələb hissini artırır. 

 

 

Rafiq müəllimi yaxından tanıyanların hamısı onun barəsində xeyli gözəl, onu nümunə insan kimi xarakterizə edə bilən xatirələr söyləyə bilərlər. Mənim də belə xatirələrim çoxdur. Onlardan ber necə ictimai əhəmiyyət daşıyanını da mən danışa bilərəm. 

         

 

1988-89 –  cu illlərdə artıq Qarabağ bəlası qalxmaqda, yayılmaqda idi. Vətənini sevən hər kəs  bu bəlanın qarşısını almaq üçün əlindən gələni etməyə çalışırdı. Mən də bir sosioloq kimi, rəhbərlik etdiyim, o zaman ölkədə yeganə sosioloji araşdırma mərkəzi olan qurumla tez-tez əhali arasında sorğular keçirir, hadisələrin gedişatını proqnozlaşdırmağa calışırdım. Sorğuların nəticələri tez-tez mətbuatda dərc olunurdu. Gözəl şairimiz Vaqif Bayatlının təklifi ilə onun baş redaktoru olduğu Xəzər jurnalında bu sorğuların əsasında bir sosioloji təhlil məqaləm də dərc olunmuşdu. Məqalədə SSRİ-nin tezliklə dağıla bilməsi ilə bağlı fikirlər də öz əksini tapmışdı. Azərbaycan KP MK – da,  bu sorğuların aparılmasına mənfi münasibət bəsləyən, mənim fəaliyyətimə çox qısqanc münasibət bəsləyən birisi, MK-nın Büro iclasında mənim əleyimə sərt çıxış etmiş, məni cəzalandırmağı təklif etmişdi. MK-nın birinci katibi də mənə qarşı ölçü götürülməsini tapşırmışdı. Elə həmin iclasda, MK – nın o zamankı Elm Şöbəsinin müdiri işləyən Rafiq müəllim söz almış və  məni cəzalandırmağın tərəfdarı olmadığını bildirmişdi. Məni bir gənc alim kimi tərifləmiş və apardığım sorğuların nəticələrinin nəzərə alınmasının daha məqsədəuyğun olduğunu təklif etmişdi. Beləliklə xata mənim başımdan sovuşmuşdu. Yoxsa, mənə qarşı “ölçü götürülsəydi”,  allah bilir SSRİ – nin hansı küncünə göndəriləcəkdim. O zaman Rafiq müəllim məni MK- ya dəvət etmiş, baş verənlər haqda heç nə deməmiş, özünün rəhbərlik etdiyi, ölkənin kompüterləşməsi proqramında sosial sahənin kompüterləşməsi ilə bağlı layihələr hazırlamağı, bu sahəyə rəhbərlik etməyi tapşırmışdı. Mən uzun illər keçəndən sonra həmin iclasda iştirak edən bir nəfərdən bu məsələ haqda eşitdim. Rafiq müəllimdən soruşdum ki, nədən bu barədə mənə deməyib, sadəcə gülümsədi. Tək elə bu hadisə onu bir vətənpərvər, mənəviyyatlı insan kimi tanımağa kömək edir. Amma mən də bilirəm ki, o bütün ömrü boyu belə olub. Yüzlərcə adama onların xəbəri olmadan kömək edib. Yaxud başqa bir misal. İndi artıq beynəlxalq elm aləmində xeyli tanınan ahəngyol elmini mən yenicə formalaşdırmışdım. Küçədə təsadüfən Rafiq müəllimlə rastlaşdıq. Hal-əhval tutduq. Mənim nə işlə məşğul olduğumu soruşdu. Ona qısa olaraq bu elm barədə danışdım. Dərhal məni öz seminarda çıxış etməyə dəvət etdi. Bu elə bir zaman idi ki, mən hər yanda – istər hökumət, istərsə də müxalifət tərəfdən, onlara qoşulub fəaliyyətlərini tərifləmədiyim üçün özümə qarşı ancaq biganəlik, etinasızlıq görür, bir ruh düşgünlüyü içərisində yaşayırdım. Elmlər Akademyasında da deyəndə ki, mən yeni bir nəzəriyyə barədə seminarlarda məruzə etmək istəyirəm, bir qayda olaraq inamsızlıq nümayiş etdirirdilər. Birisi soruşurdu ki, bu nəzəriyyəni mən hansı avropa alimindən götürmüşəm, başqa birisi deyirdi ki, elmdə ahəngyol anlayışı yoxdur. Bir ayrısı da deyirdi ki, belə bir mühitdə ciddi elmi nəzəriyyə yarana bilməz və s. Rafiq müəllimsə 10 dəqiqəlik söhbətdən sonra bu nəzəriyyəyə ciddi maraq göstərdi.  Seminar üzvləri – əsasən Rafiq müəllimin tələbələri də mənim məruzəmi ciddi qarşıladı. Rafiq müəllim dərhal bu elmin tezislərini dahi L. Zadəyə göndərdi. Bir qədər sonra Zadə həmin tezisləri dünyanın elm aləmində ən nüfuzlu  mənbələrdən biri olan qapalı BİSC  elektron jurnalında təqdim etdi. Bundan sonra Rafiq müəllimin köməyi ilə ahəngyol haqda məqalələr dünyanın ən yüksək indeksli jurnallarında dərc edildi. Mən Yaponiyadan, Cindən, Cənubi Koreyadan, Hindistandan, İspaniyadan, Türkiyədən, Amerikadan, Sinqapurdan  və s.  beynəlxalq konfranslarda çıxış etmək üçün xeyli dəvətlər aldım. Bunları yazmaqda məqsədim ahəngyolu reklam etmək deyil. Məqsədim ciddi bir alimin elmimiz üçün nələr edə biləcəyindən danışmaqdır. O axı tək mənə kömək etməyib. Əvvəl dediyim kimi, yüzlərcə insana kömək edib. Əgər imkanı olsaydı Azərbaycan elmini beynəlxalq aləmdə necə tanıda biləcəyini, bununla da elmimizi nə dərəcədə inkişaf etdirəcəyini, tərəqqimizə kömək edəcəyini təsəvvür edirsinizmi? Artıq hər kəsə məlumdur ki, hər bir ölkənin gələcək inkişafında, tərəqqisində süni intellektlər, robotlar böyük rol oynayacaqdır. Rafiq müəllim dünyada elmin bu sahəsinin pionerlərindən biridir. Bir vaxt onun tələbələri olan insanlar indi müxtəlif ölkələrdə, nəhəng şirkətlərdə böyük ixtiraçı kimi tanınırlar. Hərbi sənayeni, iqtisadiyyatı, texniki elmləri uğurla inkişaf etdirirlər.  İndi bir çox ölkə bu sahədə L. Zadənin, R. Əliyevin ideyalarından istifadə edərək ciddi elmi bazalar yaratmaqda, müxtəlif sahələrdə böyük nəaliyyətlər əldə etməkdədir. Hər il Rafiq müəllimin rəhbərliyi ilə müxtəlif ölkələrdə  bu sahədə çox nüfuzlu Beynəlxalq Elmi Konfranslar keçirilir. Bir neçə ölkədə Universitetlərin tərkibində “Zadə-Əliyev” Elmi Mərkəzləri  fəaliyyət göstərir. Təəsüf ki, biz ölkəmizdə elmin inkişafında nə L. Zadənin potensialından lazımınca istifadə etdik, nə də Rafiq Əliyevin potensialından istifadə edirik…

Bu 80 illik yubileyində mən xalqımızın fəxri, qüruru olan böyük alimimizi və dostumu təbrik edirəm!

       

Əhməd Qəşəmoğlu      

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button