“Hər iki Şuşanın bir-birinə qovuşmasını özümüzə borc bilirdik…”

“Ötən il yanvar ayının 23-də “Birinci studiya” verilişində belə bir xəbər oxudum ki, şəhid övladı dünyaya gəlib və adını Şuşa qoyublar. Həmin vaxtdan bu mənim beynimdə fərqli bir iz buraxdı. 8 noyabr zəfər günündə dedim ki, Şuşanı Şuşaya aparacağıq. Valideynini, nənəsi ilə babasını studiyaya çağırdım. Mən söhbət əsnasında dedim ki, nə vaxtdır Şuşanın doğum günü?! Dedilər ki, yanvarın 23-də. Dedim ki, onun doğum günündə Şuşaya gedəcəyik. Valideynləri də dedi ki, bu bizim ən böyük arzumuzdur. Əslində Şuşanın atası Xocavənd uğrunda şəhid olub, amma Şuşa eşqiylə döyüşə gedib. Gedəndə də deyib ki, Şuşanı alıb geri qayıdacağıq. Həmişə də Şuşadan danışarmış. Mən sözümü tutmaq üçün Xəzər tv rəhbərliyinə müraciət etdim, sağ olsun Xəzər rəhbərliyi bu kimi işlərdə mənə hər zaman dəstək göstərir. Hələ-hələ söhbət şəhid övladından gedirsə, biz buna çox həssaslıqla yanaşırıq. Dərhal biz Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinə müraciət etdik və onlar da bizə razılıq verdilər. Biz Şuşaya yol çıxdıq”.

 

Bunu Moderator.az-a açıqlamasında “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş deyib. O daha sonra əlavə edib.

“Yol çıxanda Şuşanın anası Cəmaləni və əmisini də götürdük. Yol boyu mənə çox qəribə və fərqli hisslər hakim idi. Mənim təxminən Şuşaya 10 dəfəyə qədər səfərim olub, hamısı bir-birindən dəyərli olsa da, hər dəfə orada olanda Şuşa mənim üçün əlçatmaz olsa da, hamısının mahiyyəti çox dəyərli olsa da, bu səfər tam fərqli idi, çünki Şuşanı Şuşa ilə qovuşduracağdıq. Hər iki Şuşanın bir-birinə qovuşmasını özümüzə borc bilirdik. Şuşa bizi ağappaq örpəyə bürünmüş, paklanmış qəbul etdi. Balacamız orada qar örpəyinin üstündə gəzdikcə ayaq izləri qalırdı. Dedim ki, Şuşa, sənin bu ayaq izlərin atanın vətənə olan sevgisinin möhürüdür. Həqiqətən də o şəhidimizin iki həsrəti var idi, biri Şuşa, biri isə övlad həsrəti. Biz hər iki Şuşanın qovuşmasına nail olduq. Ailəsinə də çox fərqli hisslər hakim idi. Şuşanın əmisi dedi ki, qardaşım Şuşa haqqında o qədər danışırdı ki, danışdığı qədər varmış və Şuşa üçün ölməyə dəyərmiş. Biz üzgün olduğumuz qədər də bu gün çox qürurluyuq. Dedim ki, Şuşa, atan səni Şuşaya gətirməyimiz üçün ruhunu göylərə qovuşdurdu və görüş yerimizi Şuşaya təyin etdi. Bu gün biz həmin görüş yerindəyik. Atanın hər iki Şuşa həsrətinə son qoymağa çalışırıq.  Şuşaya daxil olanda bu sözləri dedim: “Sənə qədər heç bir uşağı Şuşa adlandırmağa dili gəlmirdi heç kimin. Çünki, Şuşa nisgil idi, qəlb yarası idi.  İndi sən qələbənin adısan! Şuşa səni öz qoynunda adınla böyüdəcək. Sən yalnız adını daşıdığın şəhərin gözəlliyi ilə yarışacaqsan. Sən atanın haqqa qovuşduğu torpaqda onun ruhu ilə əl-ələ gəzirsən bəlkə də. Və onu yalnız sən görürsən. Uşaqlar mələkləri görür deyirlər. Aslanın erkəyi dişisi olmur Şuşa. Sən igid atanın igid qızısan. Bu gözəl şəhər sənə, sən isə bu şəhərə əmanətsən! Sən Şuşanın gözəl gələcəyisən! Həqiqətən Şuşamız gözəlliyi ilə meydan oxuduqca, balaca Şuşamız da böyüyəcək,yalnız Şuşanın gözəlliyi ilə yarışacaq. Ümid edirəm ki, Şuşa Şuşa ilə qovuşanda nəinki atasının ruhu sevindi, nənəsi ilə babası da bundan sonra mənəvi rahatlıq tapacaqlar” deyə Lalə Azərtaş bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button