“Məndən çox indi qonorar istəyən müğənniləri efirlərə buraxıb, ulduz ediblər, məni yox”

Müğənni İlhamə Qasımova Moderator.az-ın suallarını cavablandırıb.

 

– İlhamə xanım, sənətinizdə nə kimi yeniliklər var? Mənə elə gəlir ki, siz də bəzi həmkarlarınız kimi ruhdan düşmüsünüz.

 

– Xeyr, ruhdan düşməmişəm. Sadəcə yeni ildən sonra bir müddət rayonda qaldım, burada da ətrafımda xeyli  insanlar xəstələndi. Ona görə Bakıya gələ bilmirdim. Amma keçən il bir az passiv oldum, karantin idi, hərəkət etmək olmurdu. Bununla belə 2021-ci ilin sonunda iki yeni mahnım işıq üzü gördü. Sadəcə olaraq televiziyaya baxan azdır, sosial şəbəkələrdə də bir o qədər fəal deyiləm. Yəqin ona görə kənardan belə görünür.

 

– Valideynlərinizə görə tez-tez Lənkərana gedirsiniz. Rayonda əksər insanlar yuxudan tez oyanıb, tez də yatır. Bir müğənni kimi bu rejimə uyğunlaşa bilirsiniz?

 

– Mənim valideynlərim rayonda tək qaldıqları üçün məcburam ki, tez-tez gedib onlara baş çəkim. Əvvəllər qardaşım gedib-gəlirdi, indi pandemiyadır deyə o da gələ bilmir. Bizim evdə budilnik 5-in yarısı səslənir. Bir neçə gün şoka düşürəm hətta (gülür). Deyirəm ki, heç olmasa budilniki 6-nın yarısına qurun da. Rayonda öyrəşiblər ki, bazara da, küçəyə də, sahəyə işləməyə də ala-qaranlıqda getsinlər. Bu artıq adət halını alıb. Rayondan gələndə 5-10 gün tezdən oyanıram, daha sonra isə Bakı mühitinə uyğunlaşıb, gec yatıb, gec də yuxudan dururam.

 

 

– Deyirsiniz ki, televiziyaya baxan azdır. Bu sözü əllərində bayraq tutan müğənnilər var ki, bu gün vaxtilə məşhurlaşdıqları televiziyalardan pul tələb edirlər. Bu mövzuya necə münasibət bildirə bilərsiniz?

 

– Mən ümumiyyətlə bu haqda rəy bildirmək istəmirəm. Bu söhbəti də yeni eşitmişəm.

 

– Siz də televiziyada məşhurlaşmısınız. Birdən-birə gəlib məşhurlaşdığınız televiziyadan qonorar istəyə bilərsinizmi?

 

– Bəli, mən televiziyada məşhurlaşmışam, amma məndən çox indi qonorar istəyən müğənniləri efirlərə buraxıb, ulduz ediblər, məni yox. Mən də heç vaxt, heç bir televiziyadan qonorar istəməmişəm, bundan sonra da belə bir fikrim yoxdur. Prodakşınlar var ki, sırf bu işlərlə məşğuldur. O zaman qonorar ola bilər. Konsertlərdən qonorarımı alsam mənə bəs edər. Xarici ölkələrdə klublarda bir çox konsertlərim olub, amma mən konsertin mətbəxi ilə maraqlanmamışam, bunu təşkilatçılar edib. Mən sadəcə müğənni idim, gəlib səhnəyə çıxıb, mahnımı oxuyub, qonorarımı alırdım.

 

– Amma bizdə müğənninin konsert verib, ondan pul qazanması bir az qəliz məsələdir.

 

– Bizdə bu hər zaman belə olub. Amma yavaş-yavaş inkişaf edirik. O vaxt mahnılarımız heç bir platformalarda yox idi. 2011-ci ildə bunu ölkəmizdə ilk edənlərdən biri də mən oldum. Dünyanın harasından istəsələr yazıb, mahnıya qulaq asa bilərlər. Çox istərdim ki, heç bir müğənni müstəqil işləməsin, hər biri prodakşınla çalışsın. Şəxsən mənə bu daha rahat olardı.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button