“Xocalı soyrıqımı göstərdi ki, dünya ictimaiyyəti deyilən bir şey təpədən-dırnağa uydurmadır…”

“Xocalı faciəsi bəşər tarixində bəlkə də ən qanlı bir hadisədir. Həm də ən qanlı hadisəni, ən qansız adamlar törədiblər. Onu törədənlər qansızdırlar. Ona görə də qanaxmanın, qanın nə olduğunu bəlkə də bilmirlər. Xocalı hadisəsi həm də bəşəriyyəti özünəməxsus şəkildə imtahana çəkdi. Yəni göstərdi ki, bir kəndi, şəhəri, məmləkəti təmiz batırmaq, yer üzündən silmək, körpə, qadın, qoca bilmədən, qanmadan, nəzərə almadan hamısını qətlə yetirmək olar. Bu hadisə dünyada heç kəsin də vecinə olmaya bilər”.

 

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət Xocalı faciəsinin otuzuncu ildönümü haqda danışarkən deyib. Yazıçı bəşəriyyətin bundan nəticə çıxarmasının vacib olduğunu bildirib:

 

“Xocalı soyrıqımı onu göstərdi ki, dünya ictimaiyyəti deyilən bir şey təpədən-dırnağa uydurmadır. O müəyyən zümrələrin, siyasətinə, marağına, qulluq etmək üçün uydurulmuş bir heçdir. Xocalı sübut etdi ki, yer üzündəki insanlar həssaslığını və ağlını itirib. Çünki Xocalı hadisəsi nə boydadırsa, heç onun yarısının yarısı qədər də dünya tərəfindən reaksiya gəlmədi. Dünya, insanlar bilmirlər ki, bu gün Xocalıda baş verənlər sabah elə Amerikanın özündə, Avropada, ən inkişaf etmiş dövlətlərdə də baş verə bilər. Buna heç kəs zəmanət verə bilməz ki, olmayacaq. Baxmayaraq ki, texnologiya inkişaf edib, kompüter əsridir, amma bəşəriyyətin bu günki həssaslığı və ağlı 150-200 il bundan qabaqkı insanların həssaslığı, ağlı və adamlığından çox-çox geridə qalıb və aşağıdır. Xocalı faciəsi təkcə orda 700 nəfərə yaxın insanın qanına qəltan olması deyil, Xocalı bunlardır. Əgər bunların qarşısı alınmasa, reaksiya verilməsə, təkrar da olsa deyəcəm, sabah dünyanın istənilən ölkəsində, xalqında bu baş verə bilər”.

  

Yazıçı Xocalı və Xankəndini də azad edəcəyimizə inandığını bildirib:

 

“Bizə boş ümid lazım deyil, amma bu ümid də boş deyil. Şəxsən Şuşa alınmamışdan 4-5 il qabaq mənim heç bir ümidim yox idi ki, Qarabağ torpaqları geri alınar. Bu günki dövlətimiz mümkün olan hər şeyi etdi. Hər ölüm qəhrəmanlıq deyil və baxır sən nə uğrunda ölürsən. Əgər sən ölümünlə, qəhrəmanlığınla bir kəndin azad olunmağına nail olmusansa, bu, dünyada ən ucuz ölümdür. Yəni sən bilə-bilə ki, nəticə sən istədiyin kimi olmayacaq, ölümə getməyin özü böyük ağılsızlıqdır. Mən bilən ən yaxın vaxtlarda biz Xocalıya da qayıdacağıq. Əslində biz Xocalını da, Xankəndini də almışıq və bu da bu cür almaqdır. Buna bir az siyasi hövsələ lazımdır. 

 

Vətən müharibəsindən 3-4 ay qabaq Şuşa başda olmaqla desəydilər Qarabağın ətrafında olan rayonlar qaytarılır, onda Şuşanın adı gəlsə, əlimiz çalıb, ayağımız oynayardı ki, razıyıq. İndi bu qələbəmiz böyük bir uğurdur. Sadəcə Xocalı təkcə Azərbaycan üçün yox, bəşəriyyətin çox böyük bir sağalmayan yarasıdır. Xocalı bəşəriyyət üçün böyük bir dərsdir, akademiyadır. Təkcə Azərbaycan xalqının Xocalı soyqırımından çıxardacağı nəticənin heç bir müsbət tərəfi ola bilməz. Bütün bəşəriyyət bundan nəticə çıxarmalıdır və Xocalı dərsi adlı bir dərs almalıdır”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button