“Bu ərazilərdə nə sülhməramlı, nə də ermənilər qalacaq”

“Qarabağda olan sülhməramlıların ərazidə hərbi təlimlər keçirmək ixtiyarı yoxdur. Bizdə də bəziləri bunu əleyhimizə istifadə etməyə çalışırlar, amma düzgün addım deyil. Azərbaycan şəhid verərək torpaqlarını işğaldan azad etdi. Amma Rusiya Qafqazda qalmaq naminə Azərbaycana daha çox ziyan vura bilərdi. Azərbaycan ziyanla daha az ziyan arasında seçim etdi. Hazırda Qafqaz rusların əlindən çıxır. Azərbaycan da ağıllı siyasət həyata keçirir”.

 

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Rusiyanın Qarabağda olan sülhməramlı qüvvələrinin ərazidə təlim keçməsini şərh edərkən deyib.

 

Politoloq xatırladıb ki, Gürcüstan faktiki Rusiyanın nəzarətindən çıxıb, Nikol Paşinyan isə ölkəsini Qərbə doğru çəkməyə çalışır: “Belə vəziyyətdə Azərbaycan da çox ağıllı siyasət apararaq istəmir ki, yeni siyasi cəbhə açılsın. Əslində belə bir cəbhəni açmağa da ehtiyac yoxdur. Bu, kimlərəsə sərfəlidir, bu səbəbdən də onun təbliğatını aparırlar. Amma bu, düzgün siyasət deyil. Real siyasət səbr və iti ağlı sevir. Bu mənada sülhməramlılar hələlik orada kiçik təlimlər keçirir. Amma nə orada rus sülhməramlıları, nə də ermənilər qala biləcək. Azərbaycanın şərtlərini qəbul edəcəklərsə, qalacaqlar, etməyəcəklərsə bu da onların problemidir. Bakıda 30 minə qədər erməni var və müharibənin ağır vaxtında bir erməniyə belə əl dəyilmədi. Yəni bizim üçün islam qaydalarına görə hər kəsi Allah yaradıb və onu öldürmək günahdır. Erməni Azərbaycan dövlətinin qanunlarını qəbul edirsə, buyurub yaşasın, zatən Bakıda yaşayanlar da var”.

 

Cümşüd Nuriyev deyib ki, əslində erməniləri deyil, rusları daha çox Naxçıvan nümunəsi narahat edir: “Zamanında onlar bu zülmü Naxçıvana etmişdilər. Naxçıvanda əhalinin az qala 20 faizini erməni eləmişdilər. Amma Naxçıvan əhalisi çox mərdliklə, qətiyyətlə, ustalıqla və siyasətlə oradakı ermənilərin faizini birə endirdilər. Yəni erməni qalmadı. İndi onlar həm də bu nümunədən qorxur ki, Qarabağda da təkrarlana bilər. Yəni bilirlər ki, belə proses gedəcək. Rusiya da ona görə çalışır ki, Xankəndi və ətrafında mümkün qədər ermənilər yaşasın. Məncə, nə etsələr də buna nail olmayacaqlar. Zaman özü göstərəcək ki, bu ərazilərdə nə sülhməramlı, nə də ermənilər qalacaq”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button