“Putin hər şeyi dağıtmağa hazırdır”

Bayden administrasiyası Rusiyanın Ukrayna ilə bağlı qeyri-müəyyən planlarına görə milli təhlükəsizlik strategiyasının elanını gecikdirir.

 

Moderator.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazır. Nəşrin izah etdiyi kimi, Rusiya Ukraynaya müdaxilə edərsə, sənəd ciddi şəkildə yeni dəyişikliklərə uğraya bilər. Strategiyada Rusiya təhlükəsini qiymətləndirmək üçün bu müdaxilənin hansı formada olacağı və ərazi miqyası vacibdir, – deyə informasiya resursu məlumatlı mənbələrə istinadən xəbər verir.

 

“Politico” yazır ki, Ukraynaya olan “Rusiya təhlükəsi” Bayden administrasiyasının milli təhlükəsizlik strategiyasının tez bir zamanda yayımlanmasına olan ümidlərini puça çıxarır. Nəşr yazır ki, qanunla hər il təqdim edilməli olan sənəd Vladimir Putinin Ukraynaya müdaxilə edib-etməməsindən və bunun necə baş verməsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Eyni zamanda, ümumiyyətlə, ABŞ prezidenti və onun köməkçiləri çətin ki, Amerika üçün Rusiyanın deyil, Çinin daha ciddi uzunmüddətli təhlükə olması ilə bağlı əsas iddialarını dəyişsinlər, – deyə informasiya resursu yazır.

 

Nəşr izah edir ki, qanun prezidentlərdən hər il ictimaiyyətə milli təhlükəsizlik strategiyası təqdim etməyi tələb edir, lakin praktikada administrasiyalar çox vaxt bu standartlara riyaət etmir. Belə ki, bir çox xarici siyasətlə məşğul olan rəsmilər bunu gözləsələr də, Bayden komandası keçən il sənədi təqdim etməyib. Daha sonra tarix 2022-ci ilin birinci yarısına keçirildi.

 

Politiconun məlumatlı mənbəsi təsdiqləyib ki, Rusiyanın Ukrayna ilə bağlı qeyri-müəyyən planları strategiyanın dərc olunma vaxtına təsir edən amillərdən biridir. Rusiya müdaxiləsinin ala biləcəyi spesifik forma və onun ərazi miqyası da Amerikanın Rusiya təhlükəsinin prioritetliyini qiymətləndirməsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Beləliklə, Bayden administrasiyası Putin hərəkətə keçənə qədər gözləmə rejimində qala bilər. Yöndəmsiz və qəliz vəziyyətdir, – deyə ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisi vəziyyəti qısaca belə şərh edib.

 

2010-cu ildə strategiya üzərində işləmiş Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü Barri Peyvel sənədin dərcinin gecikdirilməsini “müdrik addım” adlandırıb. “Bu, təhlükəsizlik sahəsində ciddi dəyişikliklərə səbəb ola bilər. Əsas strategiyanın yenidən qiymətləndirilməsinə səbəb ola biləcək fərziyyələrdən biri təkzib oluna və ya rədd edilərsə, milli təhlükəsizlik strategiyası niyə dərc edilsin ki?” deyə ekspert qeyd deyib.

 

Politico xatırladır ki, keçən ilin mart ayında Bayden administrasiyası bir çox xarici siyasət prioritetlərini əks etdirən ilkin sənədi dərc etmək üçün görünməmiş addım atdı. Orada Rusiyanın adı bir neçə dəfə, o cümlədən “sabitliyi pozan” qüvvə kimi qeyd edilib, lakin məhz Çin “stabil və açıq beynəlxalq sistemə uzunmüddətli meydan oxuyacaq iqtisadi, diplomatik, hərbi və texnoloji qüdrətini birləşdirmək potensialına malik yeganə rəqib kimi göstərilmişdi”.

 

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı və Rusiya üzrə mütəxəssis Andrea Kendall-Teylorun fikrincə, Baydenin milli təhlükəsizlik strategiyasında Rusiya ilə bağlı dəyişikliklər sadəcə kosmetik xarakter daşımamalıdır, çünki hətta Rusiya tammiqyaslı müdaxiləyə başlamasa belə, Ukrayna böhranı ABŞ-Rusiya münasibətlərində böyük dönüş nöqtəsidir. Kendall-Teylor bildirib ki, hazırkı vəziyyətdə görünür, Putin çətin ki, təhdidlərindən əl çəkə. “Düşünürəm ki, o, hər şeyi dağıtmağa hazırdır”, – deyə o əlavə edib.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button