Tədqiqatçı-alim, pedaqoq və tərcüməçi Cavanşir Feyziyev haqqında

Nəsiman Yaqublu,

tarix elmləri doktoru, professor

 

5 cildlik “Türk dünyası” kitabının müəllifi, alim, pedaqoq və tərcüməçi  Cavanşir Feyziyev haqqında

Bir insanın öz intellekti, savadı ilə əldə etdiklərinin cəmiyyətə obyektiv olaraq çatdırılması  vacib və əhəmiyyətlidir. Son günlərdə millət vəkili Cavanşir Feyziyevin adı ilə bağlı olanları izlədikcə  qəribə məqamların da şahidi olurdum- hadisədən faydalanmağa çalışan “maraqlılar” dəstəsi. Bu “dəstə”də müxtəlif mənafelər güdən peşə sahiblərini də görmək mümkündür.Və bir “dəstə”nin isə müxtəlif oliqarxlar tərəfindən(təbii ki, rəqibi vurub onun  nəzarətində olan biznesini  ələ keçirmək cəhdləri) qızışdırılıb ortaya atıldığını da sezməmək mümkün deyildi.Bu “haqq və ədalət” carçıları arasında bir oliqarxın ortaya atdığı şəxslərin C.Feyziyevin ünvanına çox təhqiranə yazılarını oxuyanda bu məqaləni yazmaq qərarına gəldim.Çünki bu adamların maliyyə qaynağı olan  şəxs vaxtilə qanunsuz olaraq bir müharibə əlilinin yaşadığı evin  həyətinin düz  ortasında bina tikdirirdi.Bu qanunsuzluğa etiraz edən, müharibə əlili olan   hərbçini isə həmin şəxs  şərləyərək bir müddət  polis təcridxanasında saxlatdı.(O dövrdə “Zerkalo” qəzetində də bu haqda məlumat yazıldı).İndi  həmin faktı xatırladım  və fikirləşdim ki, burada, deyəsən, başqa oyunlar görünməkdədir (təbii ki, bu oyunlar sırasına əqidəsinə sadiq olmayıb müxtəlif partiyalar dəyişmiş insanları, dünən iqtidara qarşı olan, bu gün isə onun  süni şəkildə “alovlu” təbliğatçısına cevrilənləri,mənsub olduğu təşkilatı maddiyyata qurban verənləri, xalqın sərvətini talayan oliqarxların  maliyyələşdirdikləri bəzi media qurumlarının “canfəşanlığını” və s. daxil etmək mümkündür).

    

Bu yazıda isə məqsədim maddiyyatdan , biznesdən  kənarda  öz intellekti, savadı və baçarığı ilə elmdə, pedaqogika və tərcümə sahəsində böyük nəticələr qazanmış bir Azərbaycan ziyalısı haqqında bilgilər verməkdir. Eyni zamanda, insanları çaşdıran, ictimai fikrə  sosial şəbəkələrin yaratdığı sərbəstlikdən sui istifadə edərək  adi etika  qaydalarından da uzaqda dayanıb  söyüş və təhqir elementləri  yağdıran və ümumi tərbiyə sistemini pozmağa çalışanlara(bu gün informasiyanın hər yaş qrupuna çatdırılması imkanları vardır) problemə daha çox hüquqi  müstəvidən yanaşmalarını tövsiyə edirəm.  

     

C.Feyziyev, hər şeydən öncə, bir pedaqoqdur, fransız dilindən Azərbaycan Dillər Universitetinin Tərcümə Kafedrasında dərs deyib və onun bu fəaliyyəti haqqında  müsbət məlumatlar vardır.Onun dərs dediyi tələbələr bu gün də C.Feyziyevin yüksək peşə hazırlığını, auditoriyadakı davranış mədəniyyətini dəyərləndirirlər.

     

C.Feyziyev “Qızıl qələm” mükafatı laureatıdır, Fransa Respublikasının Kolmar şəhərinin Azərbaycanda fəxri səfiridir, Beynəlxalq Türk Akademiyasının qızıl medalı ilə,  Türk Dünyasının “Şərəf”medalı ilə təltif olunub. 

   

C.Feyziyev, savadlı  tərcüməçidir(qeyd edim ki,o, 3 xarici dil bilir-ingilis,fransız, rus).Onun fransız dilindən çox maraqlı və yüksək səviyyəli tərcümələri vardır.Həmin tərcümələri təqdim edirəm:1) 2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabı,2) 2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanı,3) 2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin “Böyük ürək” romanını Azərbaycan dilinə tərcümə etmişdir. 

   

Tərcümə sənəti ilə məşğul olduğumdan (rus və Türkiyə türkcəsindən kitablar tərcümə etmişəm) bu işin  çox mürəkkəb bir sahə olduğunu bilirəm və tərcüməç ilərə hər zaman sayğılarım vardır.  

     

C.Feyziyevin 60-dan çox  məqaləsi Azərbaycan,Türkiyə, ABŞ, Qazaxıstan,Ukrayna və Rusiyanın  müxtəlif elmi nəşrlərində dərc olunub.

     

C.Feyziyevin bütün jurnalistlərin özünə ustad saydığı mərhum professor Şirməmməd Hüseynov haqqında olan çox dəyərli bir yazısı bu yaxınlarda Türkiyədə “Təmrin” jurnalında çap edilib. Qeyd edim ki, jurnalistlərin hamısının ustad saydığı professor Ş.Hüseynov söhbətlərində C.Feyziyevin savadlı, çalışqan  və millətə faydalı insan olduğunu dəfələrlə qeyd edirdi.

   

C.Feyziyev haqqında tanınmış şair Bəxtiyar Vahabzadənin də dəyərli mövqeyi olmuşdur.

   

C.Feyziyev tanınmış bir alimdir.2004-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə,Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş,2009-cu ildə “Etno-siyasi münaqişələrin mənəvi aspektləri” mövzusunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

     

C.Feyziyevin çox böyük əhəmiyyət daşıyan “Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri” adlı kitabı 2002-ci ildə ingilis dilində çap edilib.

       

C.Feyziyevin  “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya  modeli” adlı kitabı isə 2014-2017-ci illərdə türk, qazax,qırğız,rus, boşnak və macar dillərində həmin ölkələrdə nəşr olunub.

   

C.Feyziyev gərgin araşdırmaları nəticəsində  türk dünyası tarixinə böyük  töhfə olan beşcildlik “Türk dünyası” kitablarını 2017-ci ildə nəşr etdirmişdir.Həmin kitablar bunlardır:1) “Türk dünyasının təməl dəyərləri”;2) “Türk xalqları”;3) “Türk dövlətçiliyi tarixi”;4) “Türkşünaslıq”;5)”Türk dünyasının tarixi şəxsiyyətləri”.  

 

Bu çox dəyərli və ağır zəhmətin sonucu olan araşdırmalardır.Türk dünyasının nəhəng fikir adamları olan Ə.Ağaoğlu, Ə.Hüseynzadə və digərləri haqqında  bu kitablarda bilgilər vardır.

 

Qeyd.Bu yazıda Cavanşir müəllimin  elmi və yaradıcı fəaliyyəti ilə bağlı  faktları əsas götürmüşəm.C.Feyziyevin Azərbaycanın görkəmli ictimai-siyasi və mətbuat xadimləri olan H.Zərdabi,Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə  və professor Şirməmməd Hüseynov haqqında olan sənədli filmlərə köməyini(Azərbaycan mətbuat Şurasının xətti ilə), Cümhuriyyət dövrünə aid sənəd və materialların toplanılıb Azərbaycan arxivlərinə gətirilməsinə dəstəyini də xüsusi qeyd etməliyik.Eyni zamanda o, mühacirət irsinin müxtəlif tədqiqatçılar tərəfindən əldə edilib toplanılmasına köməyini əsirgəməyib.  Bundan əlavə,  onun  xeyriyyəçilik fəaliyyəti ilə 100-ə qədər müxtəlif şair və yazarın, tədqiqatçının kitabı işıq üzü görüb. Burada  onun B.Vahabzadənin  kitablarının nəşri problemini həll etməsini xüsusi dəyərləndirirəm.

 

Azərbaycan mətbuatı tarixində ilk qadın mətbuatı nümunəsi olan “İşıq” jurnalı haqqında sənədli filmin də əkilişinə Cavanşir müəllimin faydalı yanaşması olmuşdur.Bu mənada onun-yəni Azərbaycan mətbuat tarixini yaşadan bir şəxsin Mətbuat Şurasının üzvü seçilməsi  doğru  mövqe idi.

     

C.Feyziyevin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və Avropa ölkələrinin parlamentlərində, xüsusən  Şotlandiya parlamentində Xocalı soyqırımının tanınması istiqamətində çalışmaları da çox önəmlidir.

       

C.Feyziyevin “Türk Dövlətləri Birliyi” (Qlobal İnteqrasiyanın Avrasiya modeli) kitabını   oxuyarkən etdiyim qeydləri isə  indi oxucuların diqqətinə çatdırıram.

     

Azərbaycan  alimi Cavanşir Feyziyevin “Şərq – Qərb” nəşriyyatı tərəfindən nəşr edilmiş “Türk Dövlətləri Birliyi” (Qlobal İnteqrasiyanın Avrasiya modeli) kitabını böyük maraqla oxudum və bu qənaətə gəldim ki, araşdırılan mövzu tarixi, siyasi həm də strateji baxımdan əhəmiyyətlidir. Müəllif isə bu vacib problemi adi sözlərlə oxucuya təqdim etmir, onu tarixi baxımdan da düzgün olaraq və elmi əsaslarla təhlilə cəlb edir. Kitabda yalnız türk xalqlarının şərəfli keçmişi əksini tapmır, eyni zamanda, bugünkü problemlərinə də toxunulur və öyrənilir.

     

Kitab altı fəsildən ibarətdir: 1) I fəsil – Tarixdən doğulan gələcək; 2) II fəsil – Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi; 3) III fəsil – Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri; 4) IV fəsil – Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti; 5) V fəsil – Sarsılmaz təməllər üzərində; 6) VI fəsil – Türk Dövlətləri Birliyinin strategiyası.

         

Təbiidir ki, Sovetlər Birliyinin dağılması ilə bu imperiyanın əsarətində yaşamış türk xalqları da azadlığa çıxdı və öz müstəqil dövlətlərini elan etdilər. Əslində,XX əsrdə baş verən bu ikinci hadisə idi. Çar Rusiyasının çökməsindən sonra Türk xalqlarının müstəqil dövlət qurmaq cəhdləri baş tutub uzun müddətə reallaşmasa da, ikinci mərhələdə bu artıq reallıqda özünü göstərdi. Və bu hadisə türk xalqlarının yalnız mövcudluğu uğrunda mücadiləni deyil,eyni zamanda, onların tarix, siyasət, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə inteqrasiyaya ehtiyaclarını ortaya qoydu. Çünki dəyişən və sürətlə inkişaf edən dünyamızda “qloballaşma”, “inteqrasiya”, “insan haqları”, “demokratiya”, “beynəlxalq hüquq normaları” terminləri tez- tez eşidilməkdədir və türk toplumlarının da bu dəyərlərdən uzaqda dayanması qeyri – mümkündür.

       

Türk Xalqlarının Birliyi uğrunda mübarizənin çox maraqlı tarixi və o qədər də asan olmayan inkişaf mərhələləri vardır. Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə yazırdı: “Bütün türk elləri coşğun irmaqlara (çaylara) bənzər. Bir gün gələcək ki, bu irmaqlar axıb böyük Türk dənizində birləşəcəkdir”.

         

Əslində, C. Feyziyevin bu kitabında Türk ellərinin yaxın zamanlarda birləşib, bir gücə çevrilə bilmək imkanlarından danışılır.

         

Kitabın birinci fəslinin adı da çox mətləblərdən xəbər verir: “Tarixdən doğulan gələcək”. Həqiqətən, toplumların inkişafı üçün tarix ciddi bir mənbədir və onu yaşatmağı, dəyərləndirməyi bacarmaq isə daha əhəmiyyətlidir.

       

Türkiyə dövlətinin qurucusu M. K. Atatürk yazırdı: “Tarixi yapan da böyükdür, tarixi yazan da”. Bu baxımdan C. Feyziyevin Türklərin tarixinə üz tutması, ən maraqlı məqamları oxuculara təqdim etməsi faydalıdır. Müəllif yazır: “Qədim türklərin etnik – tarixi differensasiyası onları tədricən Avrasiya hərbi – siyasi proseslərinin, eyni zamanda, daxili sosial strukturlaşmanın yeni üfüqlərinə çıxarır. Nəhayət, bu proseslər 552-ci ildə, adında “türk” etnonimini daşıyan ilk dövləti – Göy Türk imperiyasını meydana gətirir. Göytürklər tarixdə ilk dəfə olaraq ümumtürk siyasəti və ideologiyasını daşıyan dövlət qururlar” (bax: səh. 30).

       

Kitabda türklərin yaratdığı imperiyalardan, onların tarixindən də maraqlı məlumatlar verilir. Bu baxımdam müəllif yazır: “Dövlətlərin imperiyalara transformasiyası – bir çox daxili və xarici amillərlə bağlı olan mürəkkəb bir proses olub, ulusal – siyasi sistemin təkamülündə onu dominantlığa çatdıran həlledici mərhələdir, bu sistemin daha geniş coğrafi – siyasi məkanda özünün təhlükəsizliyini etibarlı şəkildə təmin etmək məqsədlərini gerçəkləşdirməsidir” (bax: səh. 37).

         

Müəllif bir fikri də vurğulayır ki, türk xalqlarının sayca böyük əksəriyyəti – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikası kimi müstəqil dövlətlərə malikdir. Lakin hələ də böyük əksəriyyəti müxtəlif səviyyəli muxtariyyat statusuna malik olmaqla digər dövlətlərin tərkibində yaşayır. Məsələn, Rusiya Federasiyasında 6-ya qədər belə bölgələr var: Tatarıstan, Başqırdıstan, Çuvaş Respublikası, Xakasiya, Yakutiya – Saxa Respublikası, Altay Respublikası, Tuva Respublikası. Digər bölgələrdə də türkəsilli xalqların – tatar, başqırd, çuvaş, xakas, yakut, altay, tuvalılar, Krım tatarları, uyğur, qaqauz, qaraçay, balkar, noqay, kumık, şor və karaimlərin yaşadığını nəzərə alsaq, geniş bir xəritə göz önündə canlanır.

 

       

C. Feyziyev bu kitabında Türk Birliyi ideyasının təkamül prosesinə də diqqət yetirir və maraqlı məqamlar açıqlayır: “Ən qədim zamanlardan bizim eranın I minilliyinin sonlarına qədər davam etmiş, uzun bir tarixi dövrdə hun – türküt – göytürk – yeni nəsil türk – oğuz, türk – qıpçaq, türk – bulqar, türk – karluk, türk – uyğur varislik xətti üzrə etnik və sosial – siyasi differensasiyasının bütün reallıqları nəzərə alınmaqla, bu etnosistemin öz dixotomik bütövlüyünü saxlamağa çalışması və ona nail olması, nəticə etibarı ilə, Avrasiyada dinamik olduğu qədər də elə bir sabit tarixi mənzərəni formalaşdırdı ki, hətta bütün qonşu xalqlar da bu coğrafiyada Türk və ya Turan dünyası deməklə, onun əsl adını təyin etmiş oldular. Bundan sonra  ta XIX əsrə qədər Avrasiyada nə baş verəcəksə, bilavasitə və dolayısı ilə Türkün adı ilə bağlı olacaqdır” (bax: səh. 56-57).

       

Həqiqətən, tarixin gedişatında və ictimai – siyasi hadisələrə təsirində şəxsiyyətlərin böyük rolu vardır. Bu mənada müəllif Türk dünyasının böyük şəxsiyyətlərini də unutmur, onların fəaliyyətindən danışır. Görkəmli türkçülər olan Yusif Akçuranın (1876-1935), Əli bəy Hüseynzadənin (1864-1940), Əhməd bəy Ağaoğlunun (1869-1939), İsmayıl bəy Qaspıralının (1851-1914), Ziya Göyalpın (1876-1924), Zəki Vəlidi Toğanın (1890-1970), Ayaz İshaqinin (1878-1954) və digərlərinin türklərin tarix, mədəniyyət sisteminin inkişaf edib formalaşmasında böyük rolu olub.

         

Müəllif doğru olaraq göstərir ki, dünya tarixini tarix olmadan təsəvvür etmək mümkün olmadığı kimi, dünya mədəniyyətini də türk mədəniyyəti olmadan təsəvvür etmək mümkün deyil. Odur ki, çağdaş dünyamızın sivilizasiya sistemində türklərin ayrıca rolu vardır. Bu gün dünyada haqlı olaraq bir məqam ciddi vurğulanır və belə termin də işlədilməkdədir: “Qros kommunikeyşin system” (ingiliscədir). Yəni  ayrı – ayrı mədəniyyətlərin yaxınlaşması, əlaqəsi. Yəni yalnız Qərb mədəniyyəti yox, həm də Şərq mədəniyyəti. C.Feyziyevin kitabında isə Şərq mədəniyyətinin ən dəyərli məqamlarını özündə yaşadan Türk Dövlətləri Birliyi ideyası ilə bağlı maraqlı fikirlər vardır.

       

Kitabda Azərbaycanın Türk Birliyi dünyasında əhəmiyyətli rolu vurqulanmaqdadır. Müəllif isə oxuculara fikrini Bütöv Azərbaycan mövqeyindən  çatdırır: “Bütöv Azərbaycan vahid Türk dünyasının tərkib hissəsi kimi”. Müəllif yazır: “Biz Qarabağ probleminə dünya ictimaiyyətinin diqqətini cəlb edə bilsək də, Azərbaycan torpaqlarının iki dövlət (İran və Rusiya) tərəfindən bölünərək işğal edilməsi, nəticədə tarixi – siyasi ədalətsizliyə yol verilməsi və bu gün Güney Azərbaycanın müstəqil dövlətçilikdən məhrum edilməsi faktına böyük siyasət sferasında biganəliyi – indeferent münasibəti aradan qaldıra bilməmişik”.

         

Kitabın “Qaynaqlar” (yəni istifadə edilmiş ədəbiyyat) bölməsi də zəngindir. Burada verilən 315-ə qədər ədəbiyyat mənbəyi, əsasən ,Azərbaycan, Türkiyə türkcəsi, ingilis və rus dillərini əhatə edir. Kitabda müxtəlif internet saytlarından da istifadə edilmişdir.

       

C. Feyziyevin nəşr edilən bu kitabı təhsildə, elmdə, diplomatiya sahəsində çalışan insanlar üçün faydalı  bir vəsaitdir.

   

Bu gün türkdilli xalqların ümumi inteqrasiyasından, ümumi türk tarixinin yaradılmasından və türk həmrəyliyinin inkişafından danışırıqsa, bu proseslərdə C.Feyziyevin də araşdırmalarının böyük əhəmiyyəti olduğu  qeyd edilməlidir..

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button