“Boyu balaca olduğundan daşın üstünə çıxıb mənə sevgi etirafı edirdi”

““Yol əhvalatı” filminə mənə dəvət gələndə fikirləşdim ki, komik obrazdır, sözün düzü bu məni qorxutdu. Çünki komediya janrında ilk dəfədir çəkilirdim. Ssenarini oxudum, gördüm ki, Zümrüd müsbət qəhrəmandır, sadəcə olaraq vəziyyət orada komikdir. Bu filmin komik vəziyyətləri illər keçsə də yadda qalır”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib. O daha sonra əlavə edib.

 

““Yol əhvalatı” filmində tərəf müqabilimi gürcü aktyoru Vaxtanq Pançaludze oynayırdı. Onun boyu mənim boyumdan çox balaca idi. Biz də sevgi etirafı səhnəsini çəkməli idik. Kinoteatrdan çıxan yerdə mənə etiraf edir ki, səni sevirəm və nənəmi sizə elçi göndərmək istəyirəm. Nənə roluna da Sofya Bəsirzadə çəkilirdi. Rejissorumuz Teymur Bəkirzadə dedi ki, oğlan qızdan balacadır, götürdü onun ayağının altına daş qoydu. Oğlanı qaldırdılar daşın üstünə. Bu səhnələr çəkildikcə qız da aşağı baxıb utanmalıdır. Mən də özümü elə aparıram ki, oğlanın ayağının altındakı daşı görməyim, çünki məni gülmək tutur. Rejissor da mənə deyir ki, Həmidə, sən azərbaycanlı qızını oynayırsan, mütləq utanmalısan. Hər dəfə aşağı baxanda gülməkdən uğunub gedirdim. Aktyorun daş üstünə çıxıb mənə eşq elan etməsi səhnəsi yadımdan çıxmırdı” deyə xalq artisti bildirib.

 

 

Həmidə Ömərova bildirib ki, filmdə bəzi səhnələr montaj olunaraq çıxarılıb.

 

“Bu film əsasən improvizələrlə çəkilib. Ssenari və filmin quruluşu yaxşı idi. 4 aktyorumuz, Siyavuş Aslan, Yaşar Nuri, Hacı İsmayılov və Akif Məhərrəmov bu filmə xüsusi şarm gətiriblər. O qədər improvizə edirdilər ki, rejissor da uğunub gedirdi. Zərnigar Ağakişiyeva və Siyavuş Aslanla bağlı bir səhnəmiz var idi ki, mənə elçi gəlirlər, orada qız inkar edir ki, yox mən istəmirəm. Bu səhnələr nədənsə montaj olundu. Bir də məni atam işdən çıxarır, aparır ki, filankəs xəstədir, qal kişiyə qulluq et. O mayak səhnəsində qız gecə ilə ayılıb, qaçmaq istəyir. Hansı pəncərəyə yaxınlaşırsa görür ki, it var.  O səhnələr də montaj olunaraq çıxarılmışdı. Rejissor dedi ki, bu səhnələr “Qafqaz əsri” filmində Ninanın səhnələrinə bənzədiyi üçün kəsilib. Həmin səhnələrə mənim heyfim gəlir. Üstündən neçə illər keçsə də hər dəfə bu film ekranlarda göstəriləndə tamaşaçılar həsədlə baxırlar, həvəslə gözləyirlər, hər bir sitatını isə əzbər bilirlər” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button