“Nə yaxşı ki, atam içindəki o boyda Kəlbəcər dərdini aparmadı haqq dünyasına…”

Fevralın 7-də Kəlbəcərin ən sayılıb seçilən ağsaqqalarından olan dəyərli ziyalı, istedadlı şair, pedaqoq, nasir, daramtuq, publisist, ictimai xadim, Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü Qənbər Şəmşiroğlunun haqq dünyasına qovuşmasından 40 gün ötdü. Q.Şəmşiroğlu bütün həyatını halallıq-dürüstlük kimi insani ali dəyərlərin təbliğinə həsr etdi, uzun və mənalı ömür yaşadı. Dünya fani, ömür qısadır və nahaq yerə deyilməyib ki, dünya bir pəncərədir, hər gələn baxar gedər. Q. Şəmşiroğlu da beləcə bu pəncərədən baxaraq getdi, ancaq arxasında dünya durduqca rəhmət oxunacaq, hörmət və ehtiramla xatırlanacaq bir mənəvi irs qoymağı bacardı…

Təbii ki, bu zalım və çeşidli xəstəliklərin tüğyan etdiyi dünyada 88 il ömür yaşamaq nə qədər Allahın lütfü olsa belə həm də bir qəhrəmanlıqıdır. Deməli, onun bu qədər yaşaması və insanlığa, məmləkətimizə xoş nümunələr bəxş etməsi lazım imiş. Gerçəkdən xoşbəxt və Rəhmətlə anılacaq ömür. Görək oğlu Cavid Qurbanov atasını necə xatırlayır və onun yoxluğunu sinəsinə çəkə bilibmi…

Cavid Qurbanovla görüşüb müsahibə götürmək müşkül məsələdir və hər zaman deyir ki, bizim borcumuz bu dövlətə xidmət etmək və cənab prezidentin qarşıya qoyduğu tapşırıqlara əməl etməkdir. Amma C. Qurbanov həm də Dədə Şəmşir ocağından qor götürən söz adamı olduğundan onun “sarı sim”inə toxunaraq bir neçə cümlə oğurlamaq üçün məhz atası Qənbər kişinin vəfatından 40 gün keçməsini fürsət bilərək nəhayət onu danışdıra bilmişik. Cavid müəllim atasının 88 il yaşamasına baxmayaraq ona elə gəlir ki, Qənbər kişi dünyadan tez köçüb və onun yoxluğu ilə hələ də barışa bilmədiyini deyir. Bəhmən Vətənoğlunun məşhur şeirindən bir bəndi xatırladır ki, ataya da ata lazım olarmış, dillərinə qurban olum, ay dədə. Deyir ki, yeganə təsəllisi odur ki, Qənbər kişi ömrünün sonlarında işğaldan qurtulan Kəlbəcəri gedib gözucu görə bildi, doyunca gəzə bilməsə də. Heç olmasa içində o boyda dərd aparmadı haqq dünyasına. Cavid müəllimin yadına salırıq ki, bir neçə gün öncə, atasının 40-ı tamam olan gün ona həsr etdiyi şeirdə də “ataların yaşı olmur övladçün” deyərək onun yoxluğundan keçirdiyi sarsıntını çox poetik ifadə edib. Deyir ki, mən özümü şair hesab etmirəm, sadəcə o dağların suyundan hopub gələn poeziya havası bəzən onu qələmə əl atmağa vadar edərək düşüncələrini nəzmə çəkdirib, bu şeir də içindəki ata yoxluğunun odunda qovrularaq üzə çıxıb:

 

Ataların yaşı olmur övladçün

Atasından qanad alar həyatçün

Çətin olsa məsləhətçün, imdadçün

Baş daşından tutasıyam, ay ata.

 

“Təbii ki, dünya gəldi gedərdi və heç birimiz daimi deyilik. Mən xoşbəxt övlad olmuşam ki, atamla bu qədər uzun müddət çiyin çiyinə yaşamaq, onun varlığından güc alaraq qol-qanad açmaq şansım olub. Amma həyat davam edir, yuxarıda uca Allah, yerdə cənab prezident bizə belə bir bənzərsiz xoşbəxtlik bəxş edib ki, torpaqlarımız igid oğullarımızın canı və qanı bahasına işğaldan azad edilib, anamız kimi sevdiyimiz, 27 il yoxluğundan qovrulduğumuz Kəlbəcərimiz azadlığına qovuşub. Nə yaxşı ki, biz nəvələrimizin yanında üzü qara olmadıq. Hər dəfə onlara “baba, Kəlbəcərdən danış, necə yer idi, ora getmək doğrudanmı heç zaman mümkün olmayacaq” suallarına cavab verəndə min bir əzab çəkərdik. Azərbaycanın və dünyanın hansı bir gözəl təbiəti olan yerini görəndə xəcalət çəkirdik ki, nəvələrimizə necə deyək ki, bax filan yer Kəlbəcərə oxşayır, filan yer tutaq ki, Ağdabandakı hansısa yeri xatırladır. Amma indi nəvələrimiz həmin torpaqları öz gözləri ilə görəcək və anlayacaqlar ki, biz nələri itirmişdik, nələri qazanmışıq, yağının caynağından hansı gözəllikləri geri ala bilmişik”.

Soldan Leyla xanım, Qənbər kişi, Diləfruz ana, Şəmşir Şəmşirli, Cavid Qənbəroğlu, Aypara xanım

24 avqust 2021-ci il

Cavid müəllim danışdıqca nəvələrindən dil qəfəsə qoymur sanki. Səbəbini soruşuruq. Deyir ki, nəvənin nənə-baba üçün hansı qiymətdə, hansı mərtəbədə olduğunu anlatmaq çətin, gərək özün baba-nənə olasan ki, bu şirinliyi dada biləsən: “Allah hamının övladlarını, nəvələrini saxlasın və sağlıqlı ömür versin. Bizim də 8 nəvəmiz var və işdən evə gələndə, yaxud əhvalımız xoş olmayanda, səhhətimizdə azca nasazlıq hiss edəndə  yorğunluğumuzu, gərginliyimizi çıxaran, dünyanın ağrı-acısını unutduran ən gözəl əyləncə elə onlardır. Doğrudur, vaxt məhdudluğundan mən nəvələrlə o qədər də ilgilənə bilmirəm və Leyla xanım onlara daha çox zaman ayırır. Onların bir dəfə bizi ürəkdən çağırması, bizdən nəsə soruşması, bəzən sualları və cavabları ilə bizi yaxşı mənada heyrətləndirmələri adama sözlə ifadə edilməsi mümkünsüz adrenalin bəxş edir. Allahıma şükür edirəm ki, xoşbəxt ailəmiz, sağlıqlı və intellektual nəvələrimiz var və ümid edirik ki, onların parlaq gələcəkləri olacaq və biz bu günləri görə biləcəyik”.

Cavid müəllimə bizə ayırdığı dəqiqələr üçün təşəkkür edib ona da atası qədər uzun ömürlü olmasını, ailəsi, dəyərli xanımı ilə, şirinbala nəvələri ilə birgə xoşbəxt və firəvan ömür sürməsini arzu edirək sağollaşırıq.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button