“Putin bizim Ramiz Mehdiyevə oxşayır, o da bunun kimi…”

“Xalqın diqqətini əsas iqtisadi-sosial məsələlərdən yayındırmaq üçün Ukraynada müharibəni başlatmaq Kremlə sərf edir…”

 

“Hələ Zelenski hakimiyyətə yenicə gələndə demişdim ki, Ukrayna üçün çox ağır bir dönəm başlayır. Çünki adətən şoumenlər siyasətə gələndə artıq onların müddəti bitir… Adam 4 ildən sonra yalnız indi başa düşür ki, ciddi bir məsələ ilə qarşılaşıb… Qərblə münasibətlər qurulmasının əleyhinə deyiləm. Lakin gərək Zelenski “gözü çıxmış” digər yenicə müstəqillik qazanmış dövlətlərin Qərbə həddindən artıq meyil etmələrindən sonrakı talelərinə baxaydı”. 

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Ukrayna-Rusiya gərginliyi ilə bağlı gəldiyi son nəticələrdən danışan politoloq Cümşüd Nuriyev ifadə edib.

“Qərbdə, xüsusən Qərbi Avropanın siyasət aləmində ən pis xüsusiyyət odur ki, etibarsız tərəfdaşdırlar. Yəni fikirlərini çox tez-tez dəyişirlər… Rusiya isə müharibə etmək istəyir. Daha doğrusu, buna məcburdur. Çünki general-leytenant Sobolevin başçılığıyla bir qrup tanınmış yüksək rütbəli hərbçi, hərbi elitanın böyük bir hissəsi Putinin əleyhinə çıxışlar etməyə başlayıb. Onlar hesablayıblar ki, Putin hakimiyyətə gələndən bəri Rusiyadan təxminən 20 trilyon rubl, yəni təqribən 3 trilyon dollar xaricə çıxarılıb. Üstəlik, Putinin ətrafındakı əsas vəzifə postlarında bir nəfər də rus yoxdur, əksəriyyəti alman və yəhudilərdir. Əvəzində böyük şəhərləri qismən istisna olmaqla əyalətlərdə rusların çoxu ağır iqtisadi-sosial durumda yaşayır. Və hesablanıb ki, həmin 3 trilyon dollara 147 milyonluq Rusiya əhalisinin  hər birinə bir ikimərtəbəli ev tikmək olar. Dünya resurslarının 21 faizinin cəmləndiyi bir ölkənin gəliri, sərvətləri müqabilində minimum pensiya 3 min dollar olmalıdır…  Bir sözlə, Rusiyada sosial durum gündən-günə gərginləşdiyindən kütləvi etiraz təhlükəsi böyükdür. Odur ki, xalqın diqqətini əsas məsələlərdən yayındırmaq üçün müharibə etmək Kremlə sərf edir… Amma digər yandan, Rusiya savaşa başlamağa cürət etmir. Çünki Putin onsuz da Krımı qanunsuz olaraq ilhaq etdiyini bilir. Yəni istənilən vaxt bu məsələ beynəlxalq səviyyədə ciddi şəkildə qaldırıla bilər… Zelenski isə nə etməli olduğunu anlamır. O,  Azərbaycanın təcrübəsindən nümunə götürərək, heç olmasa, Luqanskı azad etməlidir ki,  dünya onun yanında dursun”- deyə politoloq vurğulayıb. 

 

“Deməli, belə çıxır ki, müharibə faktoru Ukrayna üçün məcburidir, Rusiya üçün isə qaçılmazdır.  Çünki rəsmi Kiyevi savaşa məcbur edirlər. Xüsusən bu saat anqlosakslara müharibə çox lazımdır.  Britaniya maraqlıdır ki, iqtisadi durumu getdikcə gərginləşir. Fransa martda prezident seçkiləri gözlənildiyindən Ukrayna savaşında maraqlıdır.  ABŞ-a isə 4 ailənin əlində olan dolların düşmə ehtimalı çox olduğundan və avro ilə bacarmadıqlarından Avropanı müharibə vəziyyətinə salmaq istəyir ki, avro qiymətdən düşsün. Digər tərəfdən, Ukraynada müharibə başlayacağı halda Pentaqon öz köhnəlmiş silahlarını bu ölkəyə satacaq. Üstəlik, ABŞ Ukraynanın qərb hissəsini tamamilə katolikləşdirəcək. Həmçinin Rusiyanı parçalamaq şansı artacaq. Bir sözlə,  Ağ Ev Ukrayna “gülləsi” ilə 4-5 “dovşan” vurmaq niyyətindədir…

 

Və doğrudan da Rusiyanın parçalanmaq ehtimalı çox böyüyüb. Çinə son səfəri zamanı həmin ölkənin lideri Si Tsinpin  Putini çox aşağıladı. Görüş mərasimində  Sin tərpənmədən yerində durdu və Rusiya prezidenti ona çatanda bir addım geri çəkildi və əlini də uzatmadı, sadəcə, işarə etdi ki, yanımda dur.  Artıq Çin birmənalı şəkildə Putini aşağıladı. Bundan əvvəl isə yanvar ayında Çin  lideri Rusiyanın xəbəri olmadan videoformatda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan liderləri ilə görüş keçirdi.  Yəni artıq Çin Kremlin ayağının altını daha dərindən qazmağa başlayıb.  Bu baxımdan Rusiyanın Ukrayna ilə müharibəyə girməsi Çinin də marağındadır. Və  Si Tsinpin  Avropaya da mesaj verdi ki, baxın, mən Putini aşağıladım. Amma bu da bizim Ramiz Mehdiyevə oxşayır. Nə abırı var, nə də həyası… Nə qədər aşağılayırlar, söyürlər, xeyri yoxdur, getmir ki, getmir… Putin Rusiyanı çökdürüb, Ramiz Mehdiyev isə hakimiyyətdə olduğu müddətdə Azərbaycanı çökdürmək üçün əlindən gələni edib. Di gəl ki, hər ikisi oturduqları kürsüdən dördəlli yapışıb”-deyə Cümşüd Nuriyev fikirlərini tamamlayıb. 

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button