“Əslində mən siz jurnalistlərə bu sualı verməliyəm ki, sonuncu dəfə nə vaxt…”

XALQIN MƏNƏVİYYAT ÇIRAĞI

 

14 fevral Azərbaycan televiziyasının yaranmasının 66 ili tamam olur. Bu münasibətlə Moderator.az əməkdaşının “Mədəniyyət” kanalının direktor müavini, professor İlham Rəhimli ilə apardığı müsahibəni oxucularımıza təqdim edirik.

 

– 14 fevral televiziya günüdür. Siz də uzun illərdir televiziya ilə bağlısınız. Hətta başqa işlərdə çalışanda da televiziya ilə yaradıcılıq ünsiyyətlərinizi saxlamısınız. Müxtəlif verilişlərə aparıcılıq etmisiniz, öz layihələriniz olub. Bu bayram sizin üçün nə ilə daha əlamətdardır?

 

– 1956-cı ildə Azərbaycanda ilk televiziya verilişi öz yayımına “Salam, göstərir Bakı!” sözləri ilə başlayıb. Gündə bir neçə saat yayımlanan efirdə əsasən konsert və bədii film göstərilib. Bu gün isə Azərbaycan televiziyasna və onun “İdman Azərbaycan”, “Mədəniyyət” kanallarına dünyanın beş qitəsinin beşində də, sutkanın 24 saatının 24-də də baxmaq mümkündür. Yalnz elə bu fakt mədəniyyət və təbliğat ocağının möhtəşəmliyini, milli mənəvi-əxlaqi dəyərini göstərmək üçün kifayətdir.

 

AzTV güclü, əzəmətli təbliğat lokomotividir. Əsas odur ki, bu lokomativin məramı, məqsədi, amalı aydındır, milli olduğu qədər də bəşəri bədii-estetik zövqün, ülvi insani duyğuların carçısıdır, ana dilimizin müqəddəsliyinin, ülviyyətinin, şirinliyinin, lətafətinin, sirli-sehrli hüsnünün qoruyucusudur. Azərbaycan televiziyası ana dilimizin ən namuslu qoruyucusu, ən etibarlı keşikçisidir. Cəsarət və qətiyyətlə deyirəm ki, dilimizin paklığı, ülviyyəti, şirinliyi, dadı-ləzzəti, latafəti Azərbaycan televiziysı və radiosundakı qədər heç bir ideoloji qurumda qorunmur.

 

AzTV-nin hər bir üzvü üçün, adi texniki işçidən tutmuş sədrə qədər, sıravi işıqçıdan tutmuş rejissora qədər, montajçıdan tutmuş redaktorlara qədər, operatordan tutmüş ayrı-ayrı verilişlərin aparıcılarına qədər, hamı üçün Azərbaycan televiziyası xalqımız, vətənimizdə yaşayan müxtəlif millətlərin nümayəndələri üçün ölkəmizin mənəviyyat aynasıdır. Onun saflıq və qüdsiyyətini qorumaq isə televiziya işçilərinin müqəddəs borcudur.

 

Kollektiv səylə çalışır ki, efiri müqəddəs ideallarımızı, ülvi əxlaqi keyfiyyətlərimizi, halal arzularımızı, bakirə duyğu-düşəncələrimizi, möhtəşəm əməllərimizi tərənnüm edən verilişlərlə bəzəyək. Azərbaycan televiziyası bu inkaredilməz həqiqətə daim sadiq qalmağa çalışır. Yurdumuza gələn qonaqlar bu əlvan, konül oxşayan, estetik cazibə gücünə malik olan mənəviyyat aynasına heyranlıqla, məhəbbətlə, ehtiramla tamaşa etməklə Vətənimiz haqqında, onun vətəndaşları haqqında, millətin dövlətçiliyimizə müqəddəs yanaşması barədə müəyyən qənaətə gəlir.

 

– Kollektiviniz bayramı necə qarşılayır?

 

– Bizim işimiz göz qabağındadır, tamaşaçıların da qiymətləndirmə meyarları müxtəlifdir. Əsas odur ki, kollektivimizin hər bir üzvü üçün əsas meyar bayram, gün, saat deyil, hər dəqiqənin və hətta saniyyənin belə gözəlliyinin, mənalılığının, mahiyyətinin dəyəri böyükdür. AzTV-nin, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının hər birini ayrılıqda 2-3 gün müntəzəm izləsəniz son illərdə ekranda göstəriliən verilişlərin bədii-estetik dəyərlərinin daha da gözəlləşdiyini, mövzu əlvanlığını, ümumilikdə XXI əsrə xas olan ritm-ahəng, dinamika-çeviklik özəlliklərini görə bilərsiniz.

 

Azərbaycanda elə bir sahə yoxdur ki, günün müəyyən saatlarında həmin mövzuya toxunulmasın. Dünya miqyasında, o cümlədən ölkəmizin xarici və daxili siyasətində elə bir vacib ictimai-siyasi, sosial yenilik olmur ki, “Çıxışa doğru”, “Əsas məsələ”, “Həftə” onu şərh və təhlil etməsin. Yer kürəsinin hər hansı nöqtəsində diqqətəlayiq idman hadisələri mütləq “İdman Azərbaycan” kanalının efirində tamaşaçılara çatdırılır. Respublikamızın idman sahəsindəki bəzi axsamalar, çatışmazlıqlar mütləq peşəkar idman jurnalistləri və dəvət edilən səriştəli mütəxəssislıri ilə bilikdə təhlil olunur. Onu da nəzərinzə çatdırım ki, dünya televiziyalarının böyük əksəriyyətinin idman kanalları pulludur. Barmaqla sayılacaq az ölkələrdən biri də Azərbaycandır ki, “İdman Azərbaycan” kanalı pulsuz yayımlanır. Heç uzağa getməyək, hazırda Çində keçirilən qış olimpiya oyunlarının gündəlik işıqlandırılmasına baxsanız hər cür lazımı məlumatı ala bilərsiniz.

 

“Mədəniyyət” kanalının ana xəti milli mədəniyyət və incəsənət sərvətimizi diqqət mərkəzində saxlamaqdır. Bunula belə, kanalımız dünyanın möhtəşəm tarixi abidələri, təbiət gözəllikləri, açıq havadakı qoruq-muzeyləri, teatrları, sənət muzeyləri, ayrı-ayrı qitələrdəki qədim möcüzələri, yaradıcılıqları bəşəri əhəmiyyət kəsb edən yazışılar, rəssamlar, bəstəkarlar, aktyorlar və digər sənət dühaları haqqında xaricdə ictehsal olunan publisit oçerkləri, sənədli, elmi-kütləvi, sənədli-bədii filmləri tərcümə edib yayımlayır.

 

– Proqram tərtibi hansı prinsipdə işlənir?

 

– Hər kanalın ayrılıqda oz proqram şöbəsi var. Eyni zamanda AzTV-nin baş proqram şöbəsi ümumi kordinasiyaya ciddi nəzarət edir. Proqramın hazır olmasına qədər qaynar yaradıcılıq prosesi keçilir. Yeri gələndə hansısa tarixi hadisəyə aid proqram tərtibi 2-3 ay əvvəl, bəzən daha uzun müddət şöbə və redaksiya rəhbərlikləri ilə geniş müzakirə olunur, mövzular, verilişlərin janrları, forma-məxmun vəhdəti dəqiqləşdirilir. Yeri gəlmişkən qeyd edim ki, AzTV-də həm ictimai, həm da daxili bədii şuralar fəaliyyət göstərir. İctimai bədii şurada Xalq yazıçısı Anar, akademik Kamal Abdulla, Xalaq artisti, bəstəkar Eldar Mansurov, Xalq artisti, məşhur diktor Ofeliya Sənani və bu kimi tanınmış simalar təmsil olunurlar. Televiziya rəhbərliyi ilə birlikdə keçirilən müzakirələr lentə alınır və kollektivin vacib struktur rəhbərləri onlara baxıb öz qeydlərini götürürlər. Daxili bədii şura azı ayda iki dəfə, vacib tarixi hadislər olanda hər həftə yığılıb efirdə gedən verilişləri köklü şəkildə müzakirə edir. Sirr olsa da deyim ki, biz öz verilişlərimizə çox sərt tamaşaçıdan da amansız yanaşmağı bacarırıq və ilk vəzifəmiz də mütləq ən xırda qüsur və çatışmazlığı belə aradan qaldırmaqdır.

 

– Tamaşaçıların zövqü sizin üçün vacibdirmi? Və nəzərinizə çatdırılan qüsurlara necə münasibət bəsləyirsiniz?

 

– Burada bir incə məqam var. Bizim milyonlarla tamaşaçımız var, onların hər birinin fərdi istəyini ekranda reallaşdırmağa çalışsaq onda gərək sutka 24 saat yox, 124 saat ola. Bununla belə söylənilən iradları mütləq ümumiləşdirib kompleks şəkildə müzakirəyə çıxarır və onların həllinə əsaslı prinsiplərlə yanaşırıq. Əsaslı prnsip deyəndə nəyi nəzərdə tuturam? AzTV-nin minimum 5 ilə hesablanmış yaradıcılıq məramnaməsi işlənib. Təbii ki, ilbə-il mövcud reallıqla bağlı bu məramnaməyə əlavə və dəyişikliklər edilir. Əsas odur ki, konsepsiyamız, məramımız, estetik ölçü-meyyarlarımız aydındır və bu bədii, eləcə də texniki keyfiyyətlərə əsaslanmaq fəaliyyət kompasımızdır, yaradıcılıq nizamnaməmizin ana xəttidir.

 

– İki-üç gündür efirdə yeni layihə olan “Şuşam mənim” verilişinin anonsunu görürük. Yeni veriliş hansı istəkdən doğub, onun məram və məqsədi nədir?

 

– Əvvala, onu fəxr və qürurla, tam qətiyyətlə deyə bilərəm ki, Şuşa hər bir Azərbaycan vətəndaşının doğma şəhəridir. Ona görə layihənin adını “Şuşam mənim” qoymuşuq. Bu, öz yerində. Ölkə prezidenti cənab İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan edib. Prezidentin sərancamı çıxan kimi teleşirkətin sədrinin yanında geniş tərkibdə müzakirə keçirdik və bu layıhənin reallaşması fikir çoxluğu ilə qəbul edildi. Yaradıcı heyət müəyyənləşdirildi. Artıq beş verilişin çəkilişləri edilib. İlk verilişimiz bu həftənin ortalarında efirdə göstərilicək. Teatr tamaşası hazırlananda quruluşçu rejissor tərəfindən onun məqsədi, ali məqsədi və ən ali məqsədi müəyyənləşir. Bizm məqsədimiz Şuşanı tamaşaçılarımıza daha yaxından tanıtmaq, sevdirmək, onun hüsnünün füsunkarlığına daha gur çıraq tutmaqdır. Əsas məqsədimiz odur ki, Şuşanın özü, qollarını şəhərin boynuna dolamış qalası, tarixi abidələri, məhəllələri, bulaqları, məscidləri, bu şəhərdən çıxmış dühaları barədə tamaşaçılara bilavasitə şəhərin öznüdən, məhəllələri, küçələri gəzə-gəzə məlumat verməkdir. Ən ali məqsədimiz də odur ki, Şuşanın müqədds Azərbaycan şəhəri olduğunu, orada gedən əsaslı, əzəmətli milli memearlıq üslubuna əsaslanmaqla bəşəri dəyərlərdən şirələnən yeni quruculuq işlərinin möhtəşəmliyini, “Şuşa ili”nin müqəddəs məramını həm xalqımıza, həm də bütün sülhsevər, haqqsevər ölkələrə bəyan etməkdir.

 

– Şuşa ilə bağlı verilişləriniz silsilə olacaq?

 

– Bəli, il boyu davam etməlidir. Şirkətin sədri Rövşən Məmmədov başda olmaqla, ayrı-ayrı qrum rəhbərlərinin, eləcə də layihənin yaradıcı heyətinin məqsədi adi veriliş hazırlamaq deyil. Çalışmışıq və gələcək işlərimizdə də çalışacayıq ki, Şuşanın dünənindən bu gününə çanlı körpü salaq: Həqiqət və gözəllik körpüsü! Həmçinin Şuşanın indisinin canlı salnaməsini yaradaq. Çünki bir müddətdən sonra Şuşada bizim verilişlərimizdə görəcəyiniz dağıntılardan, vandalizmin nümunələrindən əsər-əlamət qalmayacaq. Çünki şəhərdə nəhəng quruculuq işləri aparılır və bütün bunlar ölkə rəhbərinin daim nəzarətindədir. Biz orada işləyən müxtəlif peşə sahibləri ilə söhbətlər edirdik. Onların şövqlə, qürurla, sevə-sevə işləmələri, səmimi ehtirasla danışmaları bizə coşqunluq bəxş edir, qürur verirdi. Məhz bütün bunlara görə də çəkiliş qrupumuzda hamımız xüsusi səylə çalışırıq ki, “Şuşam mənim” verilişləri gəlcək nəsillər üçün yaddaş aynası olsun. Tarixi həqiqətlər unudulmasın.

 

Elə buradaca qeyd edim li, “Oxuyur Vətən” layihəsi də geniş mənada Qarabğın işğal olunmuş ərazilərindəki ürək göynədən dağıntılar fonunda çəkilib. Bu da daha çox gələcək nəsillərin yaddaşına hesablanıb. Eyni zamnda xalqımızın qürurunu, hər ağrılı kədəri belə nəğməylə ovundura bilmək bacarığını, həqiqət hayqırtısını, vətənpərvərlik coşqusunu, ülviyyət sevgisini dünyaya göstərməyin parlaq və ecazkar nümunəsidir.

 

– Adi bir ziyalı kimi 66 yaşlı Azərbzycan televiziyasının ümumi fəaliyyətini neçə qiymətləndirərdiniz?

 

– Azərbaycan televiziyasının 66 yaşı tamam olur. İlk baxışda bu iki rəqəm quru, soyuq, adi, bəlkə də ötəri təsir bağışlaya bilər. Amma di gəl ki, Azərbaycan televiziyası öz verilişlərində, öz yaradıcılıq qayəsində xalqımızın indi içində yaşadığı 2022-ci ildən də çox qədimlə bağlı olan mədəniyyətmizin salnaməsini yaradıb və yaratmaqda davam edir.

 

Azərbaycan televiziyası 66 ildə onlarla 66 ilə bərabər olan sənət xəzinəsinə lentlərdə əbədiyyət ömrü verib. Xalqımızın keçdiyi rəşadətli, qəhrəmanlıq dolu, həmçinin ziddiyyətli, burulğanlı tarixi yolun salnaməsini məhz Azərbaycan televiziyası əbədiləşdirib. Qarabağdakı 44 günlük zəfər savaşının da nadir lentləri məhz Azərbaycanın qızıl fondndadır. Cəsarətlə deyə bilərəm ki, min ildə müxtəlif vasitələrlə xalqa verilən maarifçilik işığından daha artığını Azərbaycan televiziyası 66 ildə millətimizə bəxş edib.

 

– Azərbaycan televiziyasının gələcək planları varmı? Varsa nədən ibarətdir?

 

– Perspektiv plansız işləmək mümkün deyil. Plan sözü bəlkə də yerinə düşmür. Çünki, yuxarıda dediyim ki, şirkət öz işini fundamental konsepsiya və təsdiqlənmiş məramnamə əsasında qurmağa səylə çalışır. Təkcə son beş-altı ayda yeni verilişlərimiz efirə çıxıb. Verilişlərimizin ritm ahəngi köklü şəkildə dəyişib. Yeni forma və janrlarda verilişlər hazırlanır. Çalışırıq ki, formaya “forma” xatirinə yanaşılmasın, məzmunun estetik dəyəri, mövzunun əsas qəyəsi, ideyasının poetik, lirik, dramatik, publisit (hər mövzunun öz təqdimetmə xüsusiyyətini reallaşdırmağa səy göstərilir) təqdiminə uyğun olsun. Dil-ifadə özəlliklərini həssaslıqla qorumaq ilk vəzifələrimizdəndir. Səmimi etiraf edim ki, biz işlərimizdə çatışmazlıqları tamaşaçılardan qat-qat daha yaxşı görürük və yol verdiyimiz qüsurlara qarşı barışmaz olduğumuza siz də inanın.

 

– Deyirsiniz ki, son vaxtlar xeyli yeni verilişləriniz efirə çıxıb. Adlarını çəkə bilərsinizmi?

 

– Əslində mən siz jurnalistlərə bu sualı verməliyəm ki, son dəfə AzTV-nin, “Mədəniyyət” və “İdman Azərbaycan” kanalının hansı verilişinə baxmısınız? Nə sizi qane edib, nəyə iradlarınız var? Bu qalsın gələn müsahibəmizə… Mən burada xeyl maraqlı yeni verilişlərin adını çəkə bilərəm. Ancaq hansısa verilişin adını çəkməyi unudaram və bunu özümə bağışlamaram. Ona görə də ad çəkmirəm, ancaq tamaşaçı rəylərini dinləmək və onlara səmimi ehtiramla yanaşmaq borcumuzdur.

 

Bir məsləni də diqqətinizə çatdırmaq istəyirəm. Telefilm son illər sırf adının daşıdığı estetik meyara və janr xüsusiyyətlərinə uyğun olaraq səmərəli işlər görür. Azərbaycanın televiziya məkanında seriallar çəkilir, məqsəd yaxşıdır, ancaq keyfiyyət baradə danışmaq üçün geniş ictimai müzakirə aparılmalıdır. Şirkətimiz tarixi, sosial, uşaq mövzularında seriallar çəkmək üçün Türkiyənin TRT kanalı ilə sıx yaradıcılıq əlaqələri qurmaqdadır. Əminəm ki, tamaşaçılarımız il ərzində bu istiqamətdə də görülən yaradıcılıq işləri ilə tanış ola biləcəklər…

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button