“Ajda Pekkan, Hülya Avşar açıq-saçıq geyinəndə bizimkilər üstlərinə atılırlar, bizsə…”

“Bu günə qədər nəyə nail olmuşamsa Allaha şükür edirəm. Dövlətimizin və tamaşaçıların sayəsində gəlib bu yerə çatmışam. Biz sənətçiləri dolandıran xalqdır, dəyər verən tamaşaçılardır. Mən bundan sonra da kimdənsə pul istəmirəm, yalnız sayğı və hörmət istəyirəm. Açıb sosial şəbəkələrdə insanların haqqımızda yazdığı təhqirləri görəndə ürəyim ağrıyır. Təbii ki, bu cür mesajları görəndə öz-özümə deyirəm ki, bizim millətimiz budurmu?! Biz söyüşdən başqa heç nə bilmirik görəsən? Bu söyüşləri məktəbdə bizə öyrədirlər ya evdə?! Təbii ki, dediklərimi hamıya şamil etmirəm. Metroda da, yolda da çox insan gedir, onların içərisində yaxşısı da, pisi də var. Ümumiyyətlə hara getsən yaxşı insan da var, pis insan da. Amma o demək deyil ki, biz ağzımızı açıb, gözümüzü yummalıyıq! Sənətçilərin də içərisində yaxşısı, pisi var. Kim özünü çöldə qoyubsa, özünə hörmət etmirsə onlara təhqirlər yazın da! Bir-birimizə hörmət edib, sayğı göstərmək pisdir ki? Hərdən istəyirəm onların şəkilini paylaşım ki, görəsən onlar bu tərbiyəni kimdən alıblar?! Bəlkə də onların fotolarını paylaşsaq görərlər ki, biyabır olurlar, ondan sonra bizimlə işləri olmaz! Axtarsan bəlkə də gözəl və məsum ailələri də var. Bilmirəm bunların içinə şeytan girib yaxud ilbis. Bizdən gözlədikləri, istədikləri nədirsə bilmirik. Salam verən kimi söyüş söyür. O tərəfə dönürsən söyüş söyür, bu tərəfə baxırsan söyüş söyür. Lap tutaq ki, qarşındakının tərbiyəsi yoxdur, bəs sənin tərbiyənə nə gəlib?! Sən mənim instaqram səhifəmə daxil olmusansa, demək ki, məni sevirsən də. Yox əgər məni sevmirsənsə, evimə gəlmə, səhifəmə daxil olma da”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O, daha sonra əlavə edib.

“Çox istərdim ki, dövlətimiz tərəfindən sosial şəbəkələr tənzimlənsin, dövlət nəzarəti olsun! Dünya dərəbəylik deyil ki! Sabah kiminsə qatığını vurub sındırsam məni məhkəməyə qədər verə bilər! Niyə görə biz onlara göz yummalıyıq? Bu tərbiyəsizliyi yığışdırmaq istəyirəm! Bəlkə kimlərsə öz səhifələrinə baxmırlar, veclərinə deyil, amma bu mənim üçün çox önəmlidir. Orada yazılan sözlərin hər birini ailəm də oxuyur, özüm də. Yad bir insan kimdir ki, ona hörmətsizlik etmədiyim anda götürüb şəkilimin altına təhqir yazsın?! Bu günə qədər heç kimdən, heç nə istəməmişəm. Amma dövlətimizdən bunu istəyirəm! Bir də istərdim ki, mənşəyi bilinməyən saytların, instaqram səhifələrinin hər birinə nəzarət olsun. Əgər bu müsahibəni məndən siz almısınızsa, niyə başqaları götürüb yazmalıdır ki? Sosial şəbəkələrdə əcaib başlıqlarla yazıb, paylaşırlar. Axı bu əziyyət sizindir, sizin saytındır! Mən uzun müddətdir ki, heç bir sayta müsahibə vermirəm, çünki onlara artıq güvənim qalmayıb. Amma sizin saytı davamlı izləyirəm və istərdim ki, o saytlar da sizdən nümunə götürsünlər. Bu insanlar düzələn deyillər. Bəzən düşünürəm ki, bizim düşmənimiz kimdir?! Bizimkilər də bizə düşmənçilik etsələr daha nə oldu?! Özlərini biyabır edirlər! Kiməsə mənfi rəy yazanda bir baxın görün ki, o sizə qarşı hansı sayğısızlığı, hörmətsizliyi edib?! O  boyda Hülya Avşar, Ajda Pekkana baxıram, kürəyindən ayaqlarına qədər açıq-saçıq geyinirlər. İnanın ki, adlarını çəkdiyim məşhurlar Bakıya gələn kimi o dəqiqə atdanacaqlar üstlərinə. Heç onda deməyəcəklər ki, yaşına bax, geyiminə bax! Amma bizimkilər yazıqlar bir az səhnə geyimlərini rəngarəng, açıq-saçıq edən kimi o dəqiqə başlayırlar təhqirə. Onlar başa düşmürlər ki, bunlar səhnə adamlarıdır! Müəllimənin müəllimə, sənətkarın sənətkar geyimi var. Heç kim durub deməməlidir ki, sənin 60-70 yaşın var, niyə qırmızı rəngdə geyinmisən?! Təki sənətkar sənə sayğı göstərsin! Bir insan deyə bilməz ki, Ruhəngiz xanım bizə hörmətsizlik edib! Yazırlar ki, nə gündəsən?! Sənə nə?!! Dəvəni dəngiynən yiyən qalıb kənarda, ancaq işləri bizik! Nə istəyirsiniz bu incəsənətədən? Nə vermisiniz ala bilmirsiniz?” deyə Ruhəngiz Allahverdiyeva deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button