“Azərbaycanın cavabını hərdən xatırlatmaq lazımdır, həm də yalnız Babayana deyil…”

34 il əvvəl bu günkü gün -13 fevralda Azərbaycanda yaşayan ermənilər Azərbaycana xəyanət etdilər. Xankəndidə minlərlə erməni toplaşaraq Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək tələbi irəli sürdülər. Həmin gün mitinq edənlər istəklərinin həyata keçəcəyinə əmin deyildilər. İnamları olsaydı səhərisi gün-14 fevralda da meydana toplaşardılar. Baxmayaraq ki, saxlanılan olmamışdı, amma yenə də tutulmaq qorxusundan heç kimin meydana çıxmadığının.., elə həmin meydanda şahidi idim. Xəyanətin nətəticələri məlumdur, amma bu son nəticə deyil. Xəyanət davam edir. 

 

Xankəndiyə Rusiya silahlı qüvvələri yerləşəndən bəri separatçılar xəyanət yolunda 34 il əvvəlkindən fərqli olaraq daha inamla addımlayırlar, baxmayaraq ki, ağır məğlubiyyətə uğrayıblar. Səbəb, cəza olacağının hətta ehtimal belə edilməməsidir. Ona görə də, separatçı rejimin qondarma baş diplomatı David Babayan 7-10 fevralda Brüsselə ” işgüzar səfər”dən ( belə təqdim edirlər) qayıdan kimi Azərbaycana ünvanlanan şərtlər irəli sürərək, faktiki meydan oxuyub. Xankəndidə “sülhməramlılar”dan və Avropanın siyasi paytaxtından aldığı gücün hesabına Ermənistan Elmlər Akademiyasında bildirib ki, “..azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasının iki şərti var. Birincisi, Artsax tanınmalıdır, həm də ilk növbədə Azərbaycan tərəfindən. İkincisi, erməni qaçqınlar Bakıya və başqa şəhərlərə qayıtmalıdırlar. Başqa cür ola bilməz!”. Məsələ onda deyil ki, Babayanın dedikləri heç vaxt reallaşmayacaq, vacib olan uduzanın qalibə şərt irəli sürməsinin məntiqsizliyinin qaynağında hansı amilin dayandığını aydınlaşdırmaqdır. Baş sındırmağa ehtiyac yoxdur. 15 aydır müharibə qələbəmizlə bitib, amma separatçı rejimin və Rusiya silahlı qüvvələrinin nəzarət etdiyi Qarabağın bir hissəsinə hələ də təsir imkanlarımız yoxdur. Sülhməramlı adı ilə Azərbaycan torpağında yerləşən Rusiya bu müddətdə sülh üçün bir addım atmış olsaydı, Babayan şərt irəli sürməyə cürət edə bilməzdi. Əksinə, Rusiyanın Qarabağdakı bütün fəaliyyəti Babayanı və onun kimi separatçıları o qədər ümidləndirib, stimullaşdırıb ki, Babayan ”başqa cür ola bilməz”kimi ultimatum verir və bunu özlərinin qırmızı xətti hesab edirlər. Bu deyilənlər Babayanın qırmızı xəttidir, yoxsa Rusiyanın? Sual işarəsi qoyulsa da.., aksiomalara adətən sual verilmir.

 

Təsəvvür edək ki, Rusiya Qarabağ torpaqlarında bu günədək apardığı siyasətdə heç bir dəyişiklik etməyəcək, mövcud vəziyyət belə davam edəcək, o zaman Babayan yaxın, uzaq perspektivdə daha hansı şərtlər irəli sürəcək? Və bu şərtlər Babayanın şərtləridir, yoxsa onu ruhlandıran Rusiya Federasiyasının? Belə olmasaydı, Sizcə Babayan yalnız Şuşaya, Hadruta, Xocavəndə deyil, hətta Ağcakəndə, Çaykəndə iddialarını da dilə gətirə bilərdimi?

 

Bu gün Laçın dəhlizinə nəzarət edən Rusiya hərbiçilərinə arxalanıb “Dağlıq Qarabağın  Ermənistan və xarici aləmlə əlaqəsi fasiləsiz təmin edilməli və bu əlaqəyə Azərbaycan nəzarət etməməlidir” deyən Babayan, hətta yeni Laçın yolunun çəkilməsini və Azərbaycanın nəzarət buraxılış məntəqəsi yaratmağının qəbuledilməz olduğunu şübhə altına alır və maraqları uğrunda mübarizə aparacaqlarını vurğulayır. Babayan “Xarici aləmlə əlaqə” deyəndə, hava yollarının da açılmasını nəzərdə tutduğu aydın məsələdir.

 

Deyə bilərsiniz ki, bir separatçının dediklərinə diqqət ayırmağa dəyməz. 1988-ci ilin 13 fevralını təsadüfi xatırlamadıq. O vaxt da deyirdilər ki, bir-iki erməninin hay-küyünə fikir verməyin, Kreml imkan verməz. Məhz Moskvanın dəstəyi və birbaşa köməyi ilə həmən o “bir-iki erməni” 32 il bizə Qarabağ fəlakəti yaşatmadımı? Xankəndi probleminə müharibə bitəndən keçən 15 aydan fərqli olan bir siyasət ortaya qoymağın vaxtıdır. Daha bir 32 il gözləmək dövlətçiliyimizə baha başa gələ bilər. 

 

Görünür, Babayana, ondan da yekə danışan Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” şüarına Azərbaycan əsgərinin cavabını hərdən xatırlatmaq lazımdır. Həm də yalnız Babayana deyil.

 

İlham İsmayıl

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button