“Gələcəyin alyansları” – Dünya düzəni uğrunda mübarizədə hansı güclər birləşəcək…

Yeni dünya düzəni uğrunda mübarizədə indiki fövqəlgüclər alyanslar olmadan keçinə bilməzlər. Rusiya, Çin, ABŞ və Avropa İttifaqı müttəfiqləri ilə bağlı qərar verməli olacaqlar.

 

Moderator.az xəbər verir ki, bu barədə “Die Welt nəşri yazır. Alman nəşri izah edir ki, hələlik Brüssel və Vaşinqton birlikdə hərəkət edir, Pekin və Moskva isə tərəfdaşlıqları dərinləşdirir, lakin hər şey o qədər də sadə deyil, çünki fövqəlgüc münasibətləri çox mürəkkəbdir.

 

“Die Welt” yazır ki, dünya nizamını dörd fövqəlgüc müəyyənləşdirir: Avropa İttifaqı, ABŞ, Çin və Rusiya. Onlar bir-biri ilə yarışırlar, lakin bu yarışda təkbaşına qalib gələ bilmirlər, ona görə də birləşməlidirlər. Hələlik Brüssel və Vaşinqton Moskva və Pekinə qarşı birləşib, lakin Aİ-də bəziləri Vaşinqtonla tərəfdaşlığa son qoymaq və bir növ Avropa-Rusiya ittifaqı yaratmaq arzusundadırlar. Alman nəşri izah edir ki, bu “fantaziyanın” və ona bənzərlərin bir ümumi cəhəti var – onlar fövqəlgüc münasibətlərinin mürəkkəbliyini nəzərə almırlar.

 

Bütün Aİ ölkələri ABŞ-ın Rusiyanın həqiqətən də Ukraynaya müdaxilə etməyə hazırlaşdığı fikri ilə razılaşmasa da, buna baxmayaraq, son illərdə Donald Trampın prezidentliyinin əzablı illərindən sonra transatlantik münasibətlərdə nəzərəçarpacaq yaxşılaşmadan danışmaq olar. Avropalılar amerikalıları ən mühüm təhlükəsizlik müttəfiqləri kimi görürlər. Bu, təbii ki, hansısa fikir ayrılığının olmaması demək deyil. Vaşinqton hələ də Berlin və Romanın müdafiəyə nə qədər pul xərcləməsindən və Avropanın Çinlə münasibətləri necə qurmasından narazıdır. Ağ Ev əmindir ki, Səma İmperiyası “təcavüzkar”dır. Brüsseldə isə Pekini “sistematik rəqib” adlandırırlar.

 

Bununla yanaşı, Die Welt” yazır ki, Çinin infrastruktur layihələrində iştirak edən bəzi Aİ ölkələri artıq şərq tərəfdaşından məyus olublar. Bəziləri vəd edilən sərmayəni almayıb, bəziləri çinlilərin təkəbbürlü davranışını bəyənmir. 2014-cü ildə Krımın ilhaqından sonra Aİ Rusiya ilə özünü yalnız vətəndaş cəmiyyəti və iqtisadi layihələrlə bağlı dialoqlarla məhdudlaşdıraraq, demək olar ki, bütün siyasi əlaqələri dayandırdı. Bununla belə, Kremllə münasibətlərin necə qurulacağı məsələsində avropalılar hələ də parçalanır, bunu Ukrayna böhranı fonunda pərdəarxası mübahisələr göstərir.

 

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddə vəziyyəti gərginləşdirməklə müəyyən bir şeyə nail oldu: artıq həftələrdir ki, ABŞ-da Çindən daha çox Rusiya haqqında danışılır. “Soyuq müharibənin nəfəsi duyulur. Sovet İttifaqının varisi kimi Rusiya müəyyən mənada Amerikanın ənənəvi rəqibidir. Və Vaşinqtonun Rusiyada islahatlara dair bütün ümidləri artıq tükənib sələfi Trampdan fərqli olaraq, Ağ Evin yeni rəhbəri Co Bayden Kremlə daha çox tənqidi yanaşır. Bundan əlavə, ABŞ-ın hazırkı prezidenti transatlantçıdır və o, Aİ-yə hörmət edir, onu əsasən Çin və Rusiya ilə qarşıdurmada müttəfiq kimi görür. Lakin ola bilsin ki, o, Berlin və Brüsselə qarşı bu qədər səxavətli olacaq sonuncu Amerika prezidenti olsun, – deyə nəşr bildirir.

 

Bununla belə, Çin ABŞ-ın əsas rəqibi olaraq qalır. Amerikalılar yer üzündə ən güclü və iqtisadi cəhətdən uğurlu dövlət statusunu itirməkdən qorxurlar. Hətta Trampın dövründə də Vaşinqton Pekinlə münasibətlərdə qarşıdurma yoluna qədəm qoymuşdu. Bayden, əlbəttə ki, ritorikanı yumşaltdı, amma əslində bu siyasəti sələfindən daha ardıcıllıqla davam etdirir.

 

Die Welt yazır ki, öz növbəsində Rusiya SSRİ-nin dağılmasından 30 il sonra da ABŞ-ı özünün əsas geosiyasi rəqibi kimi qəbul edir. Gürcüstan münaqişəsi, Krımın ilhaqı, Suriya müharibəsi, Ukrayna ilə sərhəddəki gərginlik Vaşinqtonla qarşıdurmada Moskva özünün qlobal əhəmiyyətini vurğulamaq üçün bütün səylərini ortaya qoyur.

 

isə Kremldə dünya siyasətinin subyekti kimi deyil, “ABŞ-ın geosiyasi əlavəsi” kimi qəbul edilir. Eyni zamanda, Avropa Rusiyanın enerji ixracı üçün əsas bazar olaraq qalır. Kreml avropalıları parçalamağa və onları Vaşinqtondan ayırmağa çalışır ki, Rusiyanın təsir dairəsi postsovet məkanından kənara çıxaraq Aİ-nin tam ürəyinə qədər uzansın. Moskva buna Şimal axını2 kimi enerji sövdələşmələri və ya digər sərfəli investisiyalar vasitəsilə nail olmağa çalışır. Die Welt nəşri yazır ki, Kreml öz səylərində uğurludur: “Rusiya ilə münasibətlər daim avropalı siyasətçilər arasında mübahisələrə səbəb olur”.

 

Çin Rusiya üçün uzun müddət dünya kommunizmi quruculuğu yolunda təhlükəli rəqib, sonra isə uzun illər Kremlin sadəcə etinasız qaldığı qonşu idi. Lakin Vladimir Putinin hakimiyyətə gəlməsi ilə hər şey dəyişdi. 2014-cü ildən etibarən Səma İmperiyası Rusiya üçün alternativ tərəfdaşa çevrilib. Moskva və Pekin başa düşürlər ki, uzunmüddətli perspektivdə geosiyasi muxtariyyət onlar üçün hər hansı ittifaqdan daha vacibdir. Rusiyanın bəxti gətirsə, Çinlə münasibətləri strateji tərəfdaşlıqdan o yana keçməyəcək. Ən pis halda Moskva Pekinin “kiçik tərəfdaşı” roluna layiq görüləcək.

 

Eyni zamanda, Çinin Rusiya ilə münasibətlərə daha çox əhəmiyyət verməyə başladığını görməmək mümkün deyil. Pekin Olimpiadasında Vladimir Putin Çin prezidenti Si Tszinpinin görüşdüyü ilk dövlət qonağı oldu. Daha sonra onlar birlikdə NATO-nun şərqə doğru genişlənməsinə qarşı çıxış etdilər. Nəşr iddia edir ki, Vaşinqton Çin və Rusiyanın ərazi genişlənməsinə mane olur. Səma İmperiyası Tayvanı, Kreml isə  Ukraynanı mənimsəmək istəyir. Və bütün bu ərazi iddialarının məqsədi amerikalıları Pekinin və Moskvanın öz təsir dairəsi kimi qəbul etdiyi regionlardan qovmaqla yeni dünya nizamı yaratmaqdır.

 

Hələlik Çin və Rusiya arasında rəsmi alyans yoxdur, lakin onlar getdikcə daha çox birgə təlimlər keçirirlər. Pekinin fikrincə, Avropa hazırkı “geosiyasi dördlük”də praktiki olaraq heç bir rol oynamır, çünki onu asanlıqla parçalamaq olar. “Əvvəlki kimi, hər bir üzv ölkə öz maraqlarına əməl etməyə davam edir. Avropanın heç bir xarici siyasəti yoxdur”, deyə nəşr yekunlaşdırır.

 

Miraslan

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button