Azərbaycan mediası: fərqlilik, alternativ fikir problemi

Böyük media şəbəkəsi olan Bi-Bi-Si-nin jurnalist əməkdaşlarına olan təlimatında bir məqam xüsusi olaraq vurğulanır-“informasiya və məlumatı hazırlayarkən qarşı tərəfin də mövqeyini, fikrini öyrənmək”. Bu və digər prinsipləri əsas götürdüyündən  Bi-Bi-Si-nin məlumatları və verilişləri hər zaman maraqlı, ingilislər demişkən”zövqlü” olur.

   

Bəs bizdə necədir vəziyyət? Təəssüflər ki, bəzi media qurumları məlumatı birtərəfli yaymaq və alternativ fikirə əsaslanmamaq istəyirlər. Bəzi hallarda isə ictimaiyyəti öz qeyri-dəqiq və birtərəfli məlumatlarının təsiri altında saxlamağa çalışırlar.Belə media qurumları sanki rus yazıçısı Saltıkov-Şedrinin qəhrəmanlarını xatırladır:”vuraram, dağıdaram!”. 

   

Yenə təəssüflər ki, mediada açıqfikirliliyə, problemə fərqli yanaşmağa hələ də Şərq despotizminin əlamətləri  və sovet rejiminin ziyanlı davranışlarından irəli gələn məqamlardan yanaşılmaqdadır.Təəsüflər ki,Sovet əxlaqından tam xilas olub milli və vətəndaş dəyərləri ölçülərini cəmiyyətdə formalaşdıra bilmirik.

   

Bu gün media surərlə inkişaf etməkdə, insanların bütün davranış sisteminə təsir etməkdədir.Əgər ənənəvi media ilə Yeni media arasında 500 ildən çox bir dövrün olduğunu və son otuz ildə formalaşan Yeni medianın(sosial şəbəkələr,  bloqçuluq və.s)  həyatımıza çox sürətlə daxil olduğunu diqqətdə saxlasaq onda maraqlı nəticələrlə qarşılaşarıq.1990-cı illərin əvvəllərindən elekton medianın həyatımıza daha güclü təsir imkanlarını qeyd etsək(əlavə edim ki, Azərbaycanda ilk elektron qəzetlər “Zerkalo” və “Yeni Müsavat” qəzetləri olub və 1995-ci ildən fəaliyyətdədirlər),deməli qarşısı alınmayan  bu informasiya və məlumatlar bolluğunda bir ciddi kateqoriyanın  da ortalığa çıxdığını görərik – vicdan və məlumatların yayılması prosesində vicdanlılıq.ABŞ jurnalistləri yazır ki, bizdə mətbuat haqqında qanun yoxdur və problemlər mülki məhkəmələrdə həll edilir, lakin biz çox məsələni həm də qanundan üstün olan vicdanımızla reallaşdırırıq.

       

Maraqlı yanaşmadır.Bəlkə bizim  bəzi media qurumları da bu haqda düşünsün və alternativ fikirliliyə, qarşı tərəfin məlumatına da diqqətli yanaşsın(yenə yadımdadır ki, M.Ə.Rəsulzadənin əleyhinə yazılar çap edən  bir mətbuat orqanının redaktoruna çatdırdım ki, bəlkə mənim də bu fikirlərə  qarşı olan bir yazımı çap edəsiniz? Cavab verdi ki, mümkün deyil.Sonralar mənə ad da çəıkdi, dedi ki, Ramiz Mehdiyevdən birbaşa göstəriş gəlib ki, Rəsulzadənin əleyhinə kampaniya aparılsın).

       

Təbii ki, bu gün media orqanlarında çalışan dostlarım və dəyərli tələbələrim var.Bəlkə mediamızı  bu zərərli “kampaniyaçılıq”dan qoruyaq və onun  yaxşı nümunələr, dəyərlər əsasında inkişafına imkan yaradaq?

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button