“Həmin uşaq atamın maşınının nömrəsini palçıqla örtmüşdü ki, polisə xəbər verməsinlər”

“Baş prokuror atamın tamaşasına üstündə şiş kabablar, manqalla birlikdə gəlmişdi”

 

Xalq artisti, böyük sənətkar Möhsün Sənaninin qızı Gülər Sənani Moderator.az-ın suallarını cavablandırıb.

 

-Gülər xanım, öncə istərdim uşaqlığınızdan bizə danışasınız.

 

-Əvvəla çox sağ olun ki, atamı yad edirsiniz. Mən çox xoşbəxtəm ki, bu cür bir ziyalı ailədə böyümüşəm. Bu ailədə insana hörmət, diqqət görmüşəm. Atam, nənəm, anam çox xeyirxah insanlar idilər. Onlar çalışırdılar ki, hamıya kömək etsinlər. İstər maddi cəhətdən, istərsə də mənəvi cəhətdən. Bizim evimizin qapıları bağlanmazdı. Atamın yanına o qədər xahişə gəlirdilər ki. Kimi evinə telefon çəkdirmək istəyirdi, atam ona görə xahiş edirdi, kimini işə düzəldirdi, kiminsə sürücülük vəsiqəsini alırdılar atamın yanına gəlirdilər, atam gedib alıb verirdi onlara. Bütün yaxşılıqları da təmənnasız, təmiz qəlblə edirdi. Bir neçə epizodu sizinlə bölüşmək istəyirəm. 10-cu sinfi bitirib, gəlmişdim evə. Nənəm də plov hazırlamışdı, bu günü qeyd edirdik. Bu an qapının zəngi çalındı. Atam getdi qapını açmağa, 2-3 dəqiqə sonra ağlaşma səsi eşitdik. Qapıya tərəf gedəndə gördük ki, bir qız yapışıb atama ağlayır. Yaxınlaşan kimi qızı tanıdım. Bu mənimlə paralel sinifdə oxuyan Kadırbekova soyadlı qız idi. Heç mənim rəfiqəm də deyildi. Sən demə qız riyaziyyatdan 2 alıb, 2-ci ilə saxlayırlar onu. Evə yox, atamın yanına gəlib ki, ona kömək etsin. Atam da ona ürək-dirək verir ki, qızım, dərdin təki bu olsun, hər şey düzələndir. Telefonu götürüb riyaziyyat müəlliminə zəng etdi, dedi ki, filankəsə sən 2 yazmısan, elə et ki, o da attestat ala bilsin. Həmin dəqiqə də o müəllimə atama müraciət etdi ki, Möhsün bəy, mənim soyuducum yoxdur, mənə köməklik edin (gülür). Atam dedi ki, ünvanını de. Dəstəyi qoyub başqa yerə zəng etdi və dedi ki, filan ünvana bir soyuducu göndərin. Beləliklə iki şəxsin işi düzəldi. Qız hardan bilirdi ki, atam bu işin öhdəsindən gələcək?! Demək ki, evdə bu söhbət olub ki, Möhsün Sənani belə xeyirxah insandır, hamıya kömək edir. Mən atamın qızı idim, hara gedirdisə onunla birlikdə gedirdim. Səhərlər atam bazara gedirdi, sonra da Sovetskiyə gedib təndir çörəyi alıb, evə gələrdi. Bir dəfə də atamla birlikdə bazara getdik. Sovetskidə də evlər çox idi, uşaqlar hamısı küçədə oynayırdılar. Hansısa həyətdən bir uşaq maşın yoluna sıçradı. Maşının arxasına dəydi, maşın sanki atdı onu kənara. Atamın rəngi-ruhu saraldı, maşını saxladı. Mən də maşında əsirdim. Camaat küçəyə yığışdı. O vaxt da həmin dəqiqə polisə xəbər edirdilər. 8-9 yaşında bir oğlan uşağı gəldi ki, Möhsün dayı, heç nə olmayıb, tez sür get. O an da atam özündən asılı olmadan sürüb getdi. Gəldik evə. Atam dedi ki, götür çörəkləri, qalx yuxarı mən də indi gəlirəm. Dedim ki, ata ora gedirsən?! Dedi ki, hə! Dedim ki, mən də səninlə gedirəm. Atam gedib həmin uşaqlar üçün dükandan şokolad aldı və hamısı ilə də böyük insanlar kimi əl verib, görüşüb gəldi. Sevindik ki, uşaqların heç birinə heç nə olmayıb. Evə gələndə gördük ki, maşının nömrəsi palçıq içindədir. Atam dedi ki, bu uşaq gör nə qədər mənə hörmət edir ki, nömrəni palçıqla örtüb ki, heç kim polisə xəbər verməsin. Kimin ağlına gələ bilərdi bu? Atamı nəinki böyüklər, uşaqlar da çox istəyirdi, daim hörmət edirdilər.

 

-Möhsün Sənani uzun illər Akademik Milli Dram Teatrında çalışıb, aparıcı səhnə ustalarından biri olub. Sizi özü ilə teatra aparırdı?

 

-Mən tez-tez atamla teatra gedirdim. Atamın bütün rollarını da əzbərdən bilirdim. Premyeradan öncə tamaşanı tənqidçilərə, nazirlik işçilərinə göstərirdilər, tamaşaya düzəlişlər edirdilər. Mən də həmin vaxt tamaşaya baxırdım. Mənim dediklərimlə onların dedikləri üst-üsdə düşürdü. Məsələn, deyirdim ki, ata, stolun üstündəki süfrə də, sənin köynəyin də ağ rəngdədir. Sən fonda itirsən. Ya geyimini dəyiş, ya da süfrəni. Yaxud da deyirdim ki, filan səhnədə sən süni güldün, mən sənə inanmadım. Bütün tənqidlərimi qəbul edirdi. Bir dəfə də İslam Səfərlinin “Göz həkimi” tamaşası nümayiş olunurdu. Orada atamın bütün rolunu əzbərdən bilirdim. Atamın sevgilisinin adı Güliçka idi. Güliçka ilə görüşür, çıxıb gedir. Arxasıyca qışqırır ki, Güliçka, arada mənə dəyərsən. Əsərdə atamın oynadığı obrazın dilindən bu söz yoxdur. Başa düşdüm ki, atam mənə işarə etdi ki, antrakt olanda gəlim onun geyim otağına. Elə də etdim. Gəlib nə gördüm?! Bakının baş prokuroru Abdulla İbrahimov atamı dünyalar qədər istəyirdi. Manqal, üstündə şiş, müxtəlif kabablarla gəlib tamaşaya. Sən demə atam məni çağırır ki, gəl sən də kabab ye.

 

 

-Teatra, incəsənətə bu qədər həvəsli olan biri niyə atasının yolunu davam etdirməyib?

 

-Heç vaxt bu sənətdə olmağı arzu etməmişəm. Arzu etsəydim bəlkə də atamın sənətdəki yolunu davam etdirərdim. Mənim ibtidai sinifdə Lüdmila İvanovna adlı bir müəllimim var idi. Həmin müəllimi o qədər çox sevirdim ki, ona görə müəllimlik sənətini seçdim. 46 ildir ki, Bakı Dövlət Universitetində rus dili fənnini tədris edirəm. Universiteti bitirib, orada qalmışam. Bu vaxta kimi heç kimi incitməmişəm, heç kim də məndən inciməyib.

 

-Atanız filmlərdə də xarakterik obrazlar yaradıb. Məsələn, “O olmasın, bu olsun” filmindəki Qoçu Əsgər obrazı ən yaddaqalan rollarından biridir. Özü necə, bu obrazı sevirdi?

 

-Bəli, bu obrazı çox sevirdi. Hər çəkilişə atamla gedirdim. “O olmasın, bu olsun” filminin çəkilişlərində də iştirak etmişəm. Orada bazar səhnəsi var, bazardan dəvələr aparırdılar. Çəkilişdən öncə mən ətrafa göz gəzdirirdim. Sən demə dəvələrdən biri lap qulağımın dibində imiş. Qorxudan özümü o tərəfə atdım. Atam gəlib dəvəyə dedi ki, qızıma sataşsan səni burdan Qaraquma sürgün edərəm! (gülür). Ətrafındakılar hamısı başladı gülməyə, dedilər ki, ay Möhsün müəllim, burda da qoçuluq edirsən?! Biz də elə bir məhəllədə yaşayırdıq ki, hər küçə başı qədeşlər, cayıllar dayanardı. Atamı görən kimi oturan tez ayağa qalxardı, siqaret çəkən onu tez arxasında gizlədərdi. Ehtiramla, hörmətlə yanaşıb atamla söhbətləşərdilər. 

 

-Gülər xanım, atanızın son günlərini necə xatırlayırsınız? 

 

-O mənə elə ata olub ki, mən onun üçün nə etsəm də azdır. Atam xəstəxanaya düşəndə mən də onunla birgə qalırdım. Hər zaman yanında idim. Atam yaxşı deyildi, həkim də mənə demişdi ki, ömrünə az qalıb. Özümə yer tapa bilmirdim. Çalışırdım ki, göz yaşlarımı görməsin. Çıxıb çöldə ağlayıb, sonra atamın yanına gəlirdim. Bir gün üzünü mənə çevirib dedi ki, ay Gülü, xətrimə elə xurma düşüb ki. Özü də qış vaxtıdır, yanvar ayı. İndi hər şey var, o vaxt meyvə tapılmırdı. Dedim ki, papa mən sənin üçün taparam. Çölə çıxıb taksi tutdum, ona da başa saldım ki, filankəsin qızıyam, mənə xurma lazımdır. Sür Mərdəkana, qapı-qapı gəzim, bəlkə kimdənsə tapdım?! Sürücü də canla-başla məni apardı. Qapı-qapı gəzdim. Sağ tərəfdəki qapılara mən, sol tərəfdəki qapılara sürücü baxırdı. Bir evdən 3 xurma tapdım. Sevinə-sevinə gəldim. Dedim ki, papa sənin üçün xurma tapmışam. Bir dilim kəsib qoydum ağzına. Xurmanı udandan sonra uzun müddət baxdı üzümə və dedi ki, çox sağ ol, oğlumsan! Bu söz mənə kifayət idi. Atam xəstəxanada yatan ildə, yəni1981-ci ildə Rəsul Rza ilə Nigar xanım da xəstəxanada idilər. Nigar xanım Rəsul müəllimin qoluna girib, gəldilər atama dəyməyə. Daha doğrusu vidalaşmağa. Güc-bəla ilə ayaqlarını çəkə-çəkə gəldilər, stul qoydum oturdular. Əllərini atamın əlinin üstünə qoydular, sizə deyim ki, 2-3 dəqiqə bu adamlar bir-birinə baxıb, bir kəlmə söz deyə bilmədilər. Qəhər boğurdu onları. Bir kəlmə demədən, yenə də əllərini atamın əlinin üstünə vurub, çıxıb getdilər. Bununla da onlar xudafizləşdilər. Atam da getdi, Rəsul müəllim də getdi, Nigar xanım da (kövrəlir). Günün bu günündə də mən atama rəhmət oxumadan başımı yastığa qoymuram. Hər gün o mənimlədir. Bir iş lazım olanda, kiminsə yanına gedəndə, özümə görə yox, Sənani soyadıma görə mənə hörmət ediblər. Atama hamı rəhmət oxuyur.

 

-Atanızın ölümündən sonra həyatınızda nə dəyişdi?

 

-Mən o boşluğu, arxasızlığı hiss etdim. Atamdan danışanda həmişə Şəhriyarın şeiri yadıma düşür. Deyir ki, “Bir insan gedirsə dünyadan əgər, sən elə bilmə ki, tək bir can gedir, hər sönən baxışda min-min arzular, hər kiçik tabutda bir cahan gedir”. Mən atamdan sonra cahanımı itirmişəm. Hərdən elə istəyirəm ki… Heç olmasa bir dəfə uzaqdan da olsa onu görəydim.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button