“Qərb “rus ayısı”nı anlamağa çalışmalıdır…”

Putinin hərəkətlərini pisləmək lazımdır, amma münaqişənin qarşısını almaq üçün Rusiyanı anlamağa çalışmaq gərəkdir.

 

Moderator.az xəbər verir ki, bu tezislə Britaniyanın “Times” nəşri çıxış edib və Finlandiyanın nümunəsini misal göstərib.

 

Fransa prezidenti Makronun Ukrayna ilə bağlı söylədiklərini mən düzgün, amma real saymıram. Rusiya prezidenti Putinlə danışıqlardan öncə Makron bəyan edib:

“Ukraynanın və ya hər hansı Avropa dövlətinin təhlükəsizliyi və suverenliyini heç bir halda şübhə altına almaq olmaz”.

 

Yəqin ki, biz məhz belə bir dünyada yaşamaq istərdik, lakin başqa dünyada yaşayırıq. Söhbət hərbi təcavüzün qanunazidd olmasından getmir. Məsələ güclü ölkələrin zəif ölkələri sıxışdıran zaman yaranan bərabərsizlikdədir.

 

Bütün ölkələr bu və ya digər dərəcədə öz suverenliklərinin tarixdən qaynaqlanan coğrafiyanın və iqtisadiyyatın gücü tərəfindən məhdudlaşmasıyla üz-üzə qalır.

 

1969-cu ildə Kanada ilə ABŞ arasında münasibətlərdən danışarkən Kanadanın o zamankı baş naziri Pyer Trüdo yumor hissi ilə deyib: “Sizinlə yanaşı yaşamaq fil ilə yatmaq kimi bir şeydir. Heyvan nə qədər dost və soyuqqanlı olsa da, əgər belə demək mümkünsə, onun hər bir nəfəsi, hər bədən hərəkəti sənə təsir edir”.

 

Əhalinin uyğun nisbətini nəzərə alsaq, belə müqayisəni Şotlandiya ilə İngiltərə arasında münasibətlərdən danışarkən aparmaq olar.

Vaşinqtonun qəbul etdiyi siyasi qərarlar Ottavaya necə təsir edirsə, Vestminsterdə qəbul edilən qərarlar da istənilən şəraitdə Şotlandiyaya təsir göstərəcək. 

Xüsusilə Avropa İttifaqının tərkibində müstəqillik şotland azadlığını maksimuma çatdıracaq, amma bu femonendən qurtulmağa Şotlandiya müvəffəq olmayacaq.

 

Ukraynanın da vəziyyəti qibtəediləcək deyil, çünki “rus ayısı”nın yanındadır. Eyni zamanda Rusiyanın özünün təhlükəsizlik problemləri var, bunu Makron da etiraf edib, amma diskusiyalarda bu,  yer almayıb. Belə problemlərin mövcudluğunu inkar etmək olmaz, baxmayaraq ki, Putin Rusiya maraqlarını həm qanuni, həm də qanunsuz yollarla qoruyur.

 

Çarların, komissarların və prezidentlərin vaxtında Rusiyanın tarixi və coğrafiyası bu ölkədə Qərbin hücumlarından və qəsdlərindən müdafiəsiz qalmaq kompleksi yaradıb. Tim Marşalın (Tim Marshall) “Coğrafiya məhbusları” kitabında deyildiyi kimi, 1812-ci ildə Napoleonun müdaxiləsindən başlasaq, Krım müharibəsini və iki dünya savaşında Almaniya ilə qarşıdurmanı da buraya əlavə etsək, “ruslar Şimali Avropa düzənliyində və ya onun yaxınlığında orta hesabla hər 33 ildə bir dəfə döyüşüblər”.

 

“Soyuq müharibə”dən sonra Rusiyanın necə inkişaf etməsi əsasən onun öz işidir, lakin Qərb onun tutduğu yola yaxşıya və ya pisə doğru təsir edə bilərdi. Şübhə yoxdur ki, sovet sistemi üzərində qələbədə alicənablıq və qəlb genişliyi elementi vardı. Amma eyni zamanda ifrat qalibiyyətlik payı da mövcud idi, belə bir hissiyat vardı ki, Rusiyanı küncə sıxışdırmağa, onu alçaltmağa və onda paranoya hissini yaratmağa müvəffəq olunub. Bunlar isə Putin kimi adamların peyda olması üçün ideal şərait idi. İndi Şərq və Qərb bunun bədəlini ödəyir.

 

NATO keşmiş Varşava Müqaviləsi iştirakçısı olan ölkələri və SSRİ respublikalarını “udmaqla”, əməli beynəlxalq münasibətlərin nizama salınmasına yardım etmədi, bu isə öz növbəsində Rusiyada plüralizmin yaranmasına mane oldu.

 

Ukraynanın və Gürcüstanın NATO-ya qəbul edilməsi gərginliyi gücləndirə və onsuz da təhlükəli olan vəziyyəti bir qədər də pisləşdirə bilərdi. İkinci dünya savaşından sonra Finlandiya Rusiyaya yaxın olması səbəbindən öz suverenliyinin bir hissəsini qurban verməyə və neytral ölkə olmağa məcbur oldu. Amma bu, Stalinin “Yejov əlcəkləri”nə düşməkdən xeyli yaxşı idi.

 

Putinin aqressiv hərəkətlərini yorulmadan pisləmək gərəkdir, amma Rusiyanı anlamağa çalışmaqla vəziyyəti yaxşılaşdırmaq mümkündür.

 

Kevin Prinql

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button