“Rafiqin sağlığında bu mövzu haqda heç danışmamışıq”

““Ekranın səsi” xalq artisti, diktor Rafiq Hüseynliyə həsr edilmiş sənədli filmdir. Ekran əsərində Rafiqin televiziyaya gəldiyi ilk günlərdən arxiv materiallar yer alıb. Filmin özəlliyi ondan ibarətdir ki, sənədli filmi elə Rafiqin özü səsləndirir, onun səsi ilə xronogologiya bir-birini əvəzləyir. Görünütü də Rafiqə aiddir”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rafiq Hüseynlinin həyat yoldaşı Səbinə Hüseynli bildirib. O, daha sonra filmin ərsəyə gəlməsindən danışıb.

“Filmi Rafiq Hüseynlinin səsləndirməsi ideyasını mənə qızım Leyli təklif etdi və mən çox bəyəndim. Düzdü, biz arxiv materiallarla, verilişlərlə çox işlədik. Məndə o qədər materiallar var ki, onlarla 3 film ərsəyə gətirmək olar. Ekran işində Rafiqin Bakıda və Moskvada yaşayan dostları iştirak edir. Rusiyanın xalq artisti İqor Kostolovskiy, Yuli Qusman, Bakıda Rafiqin hər zaman yanında olan dostları, tələbələri, Nərgiz Cəlilova, Dilarə Səlim, Rafiq Həşimov, Ceyhun Əli və ailəsi olaraq Leyli və mən iştirak etmişik. Filmin təqdimatından sonra mən çoxlu sayda xoş sözlər eşitdim. Deyilənə görə ekran işi maraqlı alınıb. Filmi izləyən Rafiqsevərlər bir faktı da daha dəqiq biləcəklər ki, ilk xalq artisti, aparıcı Rafiq olub. Ona bu fəxri ad 1990-cı ildə verilib. O zamanlar aparıcılara fəxri adlar çox çətinliklə verilirdi. Böyük nailiyyətlər əldə etmək lazım idi ki, bu ada layiq görüləsən. “Əməkdar artist” fəxri adı da ona erkən yaşlarında verilmişdi. Biz bu filmi qızım Leyli ilə böyük sevgi və dəqiqliyinə qədər hazırladıq. Onu da qeyd edim ki, film Heydər Əliyev fondunun dəstəyi ilə hazırlanıb” deyə Rafiq Hüseynlinin həyat yoldaşı bildirib.

 

“Qızınız Leyli Hüseynli AzTV-də inglis dilində xəbərləri aparır. Demək ki, nəsil davam edir. Rafiq müəllim həyatda olsaydı onun aparıcılıq etməyini istərdi?” sualına isə Səbinə Hüseynli belə cavab verib.

“Qızım Rəssamlıq Akademiyasında 4-cü kursda təhsil alır. Telelviziyada da çalışır, inglis dili xəbərlərinin aparıcısıdır. Rafiqin sağlığında bu mövzu haqda heç danışmamışıq. Çünki aparıcı olmaq Leylinin planında yox idi. Leyli Akademiyanın 2-ci kursunda oxuyanda dedi ki, mən televiziyada işləmək istəyirəm. Siz bilirsiniz ki, dövlət televiziyasında Tədris Akademiyası var ki, ora gənclər qəbul olur və bir neçə aylıq kurslar keçirlər. Leyli ora çox uğurla qəbul olub, bitirdi. İlk gündən, ilk çəkilişdən böyük uğurla keçdi. Mən özüm də sözün düzü heç gözləmirdim. Artıq 2 ildən çoxdur ki, Leyli orada işləyir” deyə Səbinə Hüseynli bildirib.

 

Rafiq Hüseynlinin ölümündən danışan Səbinə xanım onun itkisi ilə barışa bilmədiyini deyir.

“Rafiq mənim üçün çox insanı əvəz edirdi. Həm həyat yoldaşı idi, sirdaş, dost, evin böyüyü, qızımın atası, sevdiyim insan idi. Hər bir şey Rafiqdə cəmlənmişdi. Eyni hissləri də o mənə qarşı duyurdu. Ona görə də ən doğma, ən yaxın, ən əziz adamımı itirdim” deyə həyat yoldaşı deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button