“Sənətkaram sözündən heç xoşum gəlmir, əslinə baxanda mən nə sənətkarlıq göstərmişəm ki?!”

“Doğum günü mənim üçün əslində sıradan bir gündür. İnsan gənc yaşlarında ad günlərinə, onları dəbdəbəli keçirməyə ehtiyac duyur. Bilirsiniz ki, mən də Sovetlər dönəmində sənətə gələn, tanınan bir müğənniyəm. Sənətkar sözünü deyə bilmirəm, çünki sənətkaram sözündən heç xoşum gəlmir, sevmirəm bu sözü. Əslinə baxanda mən nə sənətkarlıq göstərmişəm ki?! Sadəcə qəlbimin, fikrimin, duyğularımın düşüncələrini musiqiyə köçürüb oxumuşam”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, dəyərli sənətkar Nisə Qasımova bildirib. Sənətkar doğum gününü sevdikləri ilə qeyd etdiyini bildirib.

 

“Dostlarım, əzizlərim, qohumlarım, əsasən də övladlarım hər il məni məcbur edirlər ki, mütləq doğum gününü qeyd etməliyik. Bu il də oğlumun istəyi ilə yaxın çevrəmi ətrafıma toplayıb, restoranlardan birində doğum günümü qeyd etdik. Hər kəsə təşəkkürümü bildirirəm ki, onlar bu günü qeyd edib, məni təbrik etmək istədilər. Amma dərindən düşünəndə görürəm ki, yaş üstə yaş gəlir. İnsan geriyə-gəncliyə getmir, irəli gedir. Bu irəliləyişdə saniyələr, dəqiqələr, saatlar, günlər, aylar, illər var. Ona görə də düşünürəm ki, insan doğum günündən sonra hər saatın, saniyənin qədrini bilməlidir. O gündən başlayıb həyatını daha düzgün, dolğun yaşamaq lazımdır” deyə xalq artisti bildirib.

 

Nisə Qasımova ona xoş sözlər yazan, doğum gününü təbrik edən sosial şəbəkə izləyicilərini də unutmayıb.

 

“Onların hər birinə sizin vasitənizlə öz təşəkkürlərimi bildirirəm. Vaxtım az olduğuna görə hər bir mesajlarını rahat cavablandıra bilmirəm. Cavablandırmayanda da görürəm ki, mənə çox doğma, yaxın olan insanların bəziləri məndən inciyirlər. Bu kimi hallar məni üzür. Ümumi təşəkkür edirəm, bəlkə də bu kifayət edir, bəlkə də etmir. Bundan da əlavə onların sevgisinin əvəzini bir kəlmə sözlə vermək olmur. Mən hər kəsi öpüb qucaqlayıram, bir-birinizi sevməkdə heç vaxt usanmayın” deyə o bildirib.

 

Xalq artisti ən böyük arzusundan da danışıb.

 

“Hər zaman bir-birimizə insanların xoş yaşaması, can sağlığı ilə bağlı arzu-diləklər deyirik. Amma mən 10 ildən çoxdur ki, nəyisə arzu etmək niyyətində olmuram. Arzular içindən arzu doğur, onlar bitmək-tükənməz bir anlamdır. Ona görə də mənim niyyətimdə müəyyən planlar, işlər görmək olur. Allah məsləhət bilsə fikrimdə olan planları həyata keçirəcəyəm. Allahdan istəyim, arzum budur ki, ailəm, övladlarım, nəvələrim xoşbəxt olsun. Onlar inşallah ki, vətənimizə, dövlətimizə layiqli bir insan kimi böyüyüb yaşasınlar. İşğaldan azad olunmuş torpaqlara getmək də mənim ən böyük istəklərimdən biridir. Allah nəsib etsə mən də işğaldan azad edilmiş torpaqlara gedəcəyəm. Qarabağ bizim üçün bir ağrı, acı, nisgil idi. Çox şükür ki, qələbə çaldıq. Artıq rahat, istənilən bir zamanda, istər ailəmizlə, istərsə də sənət dostlarımızla o torpaqları bir daha görmək bizə nəsib olacaq” deyə Nisə Qasımova bildirib.

Xalq artisti yaradıcılıq planlarından da danışıb.

 

“Oxuyacağım hər bir yeni mahnının öncə sözləri üzərində fikirləşirəm. Mənim üçün mövzu seçiminin maraqlı, aktual olması vacibdir. İstəmirəm ki, bu gün oxuduğum mahnılarım vaxtilə oxuduğum “Yalan dünya”, “Məni satdın nəfsinə”, “Qayıtdım” adlı mahnılarımdan geri qalsın. Allah nəsib etsə  gözəl şairimiz İkram Əliyev mənim oxumağım üçün çox gözəl sözlər yazıb. O bu şeirdə bir insanın mənəvi kimliyini izah edir. Hazırda bu mahnılar üzərində çalışıram” deyə xalq artisti bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button