Sovet ordusunda xidmət etmiş kimlər “QRU” agentliyinə cəlb edilib?..-Sabiq nazir müavini 

“Mən Bakıdakı 295-ci sovet diviziyasında da siyasi şöbənin rəisi vəzifəsini icra edəndə bir neçə dəfə xüsusi idarənin partiya iclaslarına  qatılıb orduda gedən işlər haqda bəzi məlumatları eşidəndə qeyri-iradi çaşırdım…”  

 

Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, ordu quruculuğundakı çətinliklər, birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib… 

 

-Mehman müəllim, Seyfəli birliyi dağıdılandan sonra korpus komandiri  Surət Hüseynov dedi ki, birliyin dağıdılması üçün Prezident Aparatından konkret kim göstəriş verib? O vaxtkı prezident Əbülfəz Elçibəyin xəbəri olmuşdumu bu məsələdən?..

 

-Xeyr,  Surət bu haqda konkret heç nə demədi… Sadəcə, dedi ki, mənim gücüm çatmadı. Ancaq sonradan belə dəqiqləşdirilməmiş informasiyalar yayıldı ki, guya kimlərsə  Elçibəyə Surət Hüseynovun Seyfəlidəki qruplaşmanı Qarabağı azad etmək üçün yox, hakimiyyəti devirmək üçün hazırladığı haqda məlumat verib. Və məhz buna görə  dövlət başçısı dərhal həmin qruplaşmanın dağıdılması haqda göstəriş verib. Lakin 1993-cü ilin yazından mən Prezident Aparatında çalışanda da həmin informasiyalar təsdiqini tapmadı…

 

Bilirsiz, məsələ ondadır ki, SSRİ dağılandan sonra Qarabağ məsələsi həll olunmamalıydı. Ona görə də Rusiya və onun Azərbaycandakı adamları bunun üçün, yənin Azərbaycanın torpaqlarını azad edə bilməməsi üçün əllərindən gələni edirdilər.  Göründüyü kimi, bu gün də II Qarabağ savaşındakı qələbəmizdən sonra da Moskva çalışır ki, məsələ tam həllini tapmasın, erməni separatçı-terrorçu silahlı birləşmələri Azərbaycan torpaqlarında qalsın və nəticədə Rusiya hərbi kontingentinin burada hələ uzun illər qalmasına şərait yaransın… 

 

-Bəs sizi təcrid edən adamların danışığından ayırd edə bilmədiniz ki, onlar azərbaycanlıdırlar, rusdurlar, yoxsa?..

 

-Yox, açığını deyim ki,  məni təcrid edib saxlayanların heç danışıqlarından da hansı millətdən olmaqlarını ayırd edə bilmədim… 

 

-Bu, siz də şübhə yaratmadı ki, sizin təcrid olunmağınız və Seyfəli birliyinin dağıdılması hələ o zaman ordusu Azərbaycanda olan Rusiya “QRU”-sunun işi ola bilər?

 

-Bu da ola bilərdi. Amma təəssüf ki, əlimizdə heç bir fakt yoxdur…

 

-Bəs  3 gün təcrid olunmağınızdan sonra Müdafiə Nazirliyinə, MTN-ə, DİN-ə rəsmi şikayət vermədiniz ki, sizin kimlər tərəfindən və nə üçün oğurlanıb təcrid olunmağınızı araşdırsınlar?

 

-Yox, bilirsiz. O vaxt indiki kimi deyildi. Hərc-mərclik, dərəbəylik idi… Ona görə də kiməsə şikayət etməyin əhəmiyyəti yox idi…

 

Yeri gəlmişkən,  keçmiş Baş prokuror İxtiyar Şirinov açıqlamalarından birində məlumat vermişdi ki, guya o vaxt  “QRU”-nun( Rusiya Baş Kəşfiyyat İdarəsi) Yevlaxda  gizli həbsxanası olub. Rusiyanın iradəsinə tabe olmayan Azərbaycan hərbçiləri, zabitləri, Qarabağda ermənilərə qarşı döyüşlərin fəal iştirakçılarını həmin qanunsuz həbsxanaya toplayıb olmazın işgəncələrə məruz qoyurdular, onları sıradan çıxarırdılar. Belə bir şey haqda sizin məlumatınız olmayıb ki? Bəlkə 2017-ci ildə Tərtərdə yüzlərlə hərbçimizin işgəncələrə məruz qalmasını da elə o vaxtkı şəbəkənin davamçıları təşkil edib?

 

-Açığını deyim ki, bu haqda heç bir məlumatım olmayıb və öz gözlərimlə belə bir şeyin şahidi olmamışam. Amma bilirəm ki, Yevlaxda yun zavodunun binasında və Mingəçevirdə  Surət Hüseynovun bazaları var idi. Rus hərbçilərin isə 1992-1993-cü illərdə  Yevlaxda, yaxud Gəncə və Mingəçevirdə təcridxanaları-filanını görməmişdim… O vaxt Rusiyanın Gəncədəki 23-cü diviziyanın qəraragahına artıq Surət Hüseynov öz korpus rəhbərliyi ilə yerləşmişdi. Amma Rusiyanın 104-cü hava-desant diviziyası hələ orada idi…

-Mehman müəllim, siz neçə illər sovet ordusunda da alay, diviziya komandirlərinin siyasi, ideoloji işlər üzrə müavini kimi çalışmısız. Hansı nəticəyə gəlmisiz, “QRU” agentliyinə kimlər və necə cəlb edilib?

 

-Sovet dövründə ruslardan qeyri-millət nümayəndələrindən əyani şəkildə hərbi akademiyaya daxil olanlar o vaxt “osobıy otdel” deyilən sovet ordusunda xüsusi idarə araşdırırdı. Onlar arasından seçim edirdilər. Həmin idarənin razılığı olmasa, qeyri-millət nümayəndələrinin akademiyaya daxil olması qeyri-mümkün idi.  Və hər respublikadan da onları təşkil edən əsas xalqlardan yox, azsaylı xalqların nümayəndələrindən və ya qarışığı olanlara üstünlük verirdilər.  Onları təhsil müddətində ələ alır və sonradan öz vətənlərində və ya xaricdə xüsusi tapşırıqlar icra etməyə vadar edirdilər. “QRU” isə sovet ordusunun əsasən xaricdəki kəşfiyyat əməliyyatlarını icra edirdi.  Və SSRİ dağıldıqdan sonra artıq “QRU” keçmiş müttəfiq respublikalara qarşı da kəşfiyyat işləri görməyə başladı və sovet dövründə “osobı otdel”in ələ aldığı həmin hərbçilər  öz ölkələrinə, o cümlədən Azərbaycana qarşı işləməyə başladılar. “QRU” onlar tərəfindən müttəfiq respublikaların orduları, ictimai-siyasi həyatı barədə məlumat toplanması üçün yararlanmağa başladı… 

 

Mənə də sual verilərsə ki, bəs sizi nə əcəb, “QRU”-nun caynağına keçirməyiblər. Cavab verərəm ki, buna real və hüquqi səbəb var idi.  Çünki Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 21 yanvar 1967-ci il tarixli  sovet ordusu və hərbi dəniz donanmasında partiya siyasi işinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarı olmuşdu. Həmin qərarda deyilirdi ki, xüsusi xidmət orqanlarına siyasi işçi olan zabitlər üzərində işləmək qəti şəkildə qadağan olunur. Çünki onlar özləri ordu və donanmada partiya siyasətinin ötürücüləri hesab olunurlar. Buna görə də özüm şahidiyəm ki, xüsusi idarənin partiya iclaslarına, yaxud hansısa ümumi tədbirlərinə  diviziyadan yalnız  siyasi şöbənin rəisi qatıla bilərdi. Hətta diviziya komandirinə də iştirak etməyə icazə verilmirdi. Mən  Bakıdakı 295-ci sovet diviziyasında da bir müddət siyasi şöbənin rəisi vəzifəsini icra etmişəm. Bu müddətdə mən bir neçə dəfə xüsusi idarənin partiya iclaslarında iştirak etmişdim. Və orduda gedən müəyyən proseslər haqda bəzi məlumatları eşidəndə qeyri-iradi çaşırdım.  

 

-Seyfəli birliyi dağıdılandan sonra siz nə ilə məşğul oldunuz? 

 

-Sonra biz  yenidən 4 tabor yaradıb Ağdam istiqamətinə 2-ci Fərrux əməliyyatını keçirmək üçün yollandıq. Təəssüf ki, bu əməliyyat da yenə də Nəcməddin Sadıqovun və digərlərinin “dırnaqarası” “qəhrəmanlığı” sayəsində baş tutmadı… 

 

Bundan sonra hələ Kəlbəcərin, Ağdərənin işğalı, 1993-1994-cü ilin qış kampaniyasındakı uğursuz Murov əməliyyatı və s. gəlir ki, bu faciələrdə də Rusiyanın adamlarının böyük rolu oldu. İnşallah, bu haqda da gələcək söhbətlərimizdə danışarıq…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button