Əks halda  göydən “üç alma”yox, “Bayraktar” düşəcək…

Dünyada bəzən elə pis hadisələr baş verir ki, yaxınlığından, uzaqlığından asılı olmayaraq ya birbaşa, ya da dolayısı ilə başqalarına da təsir edir. Söhbət koronadan getmir, ümumiyyətlə təbiət hadisələrindən getmir, virusların, selin, zəlzələnin ömrü uzun olmur, amma elə məsələlər var ki,  uzunmüddətlidir, çünki mövcudluğu ətrafa, planetə, insanlara, ölkələrə, millətlərə bədbəxtlik gətirməkdən başqa bir şey deyil. 

 

Dünən Rusiya Dövlət Dumasının deputatları Donetsk Xalq Respublikasını və Luqansk Xalq Respublikasını müstəqil dövlət kimi tanımağa səs verdilər. Spiker Volodin də sevincək müraciətin dövlət başçısı Putinə göndəriləcəyini elan etdi və bu sevinc yalnız Volodinin simasında deyildi. Tanınma elan olunandan sonra deputatlar ayağa qalxıb necə sevinclə əl çalırdılar, lap keçmiş sovet iclaslarında olduğu kimi “ gurultulu alqışlar ovasiyaya keçdi və zalı “Eşq olsun” şüarları bürüdü”. 

 

Bu hadisə yalnız Ukrayna dövlətinəmi aiddir? Yox, bu Ukrayna ilə bərabər, Moldovanın Pridnestrovyesinə, Gürcüstanın Abxaziya və Cənubi Osetiyasına, həm də Azərbaycanın Qarabağına da təsir edəcək bir hadisədir. Təbii, bizi özümüz maraqlandırır. Bu hadisə Qarabağdakı vəziyyətə hansı şəkildə təsir edə bilər? Məsələ burasındadır ki, Duma deputatlarının qərarına sevinən həm də Ermənistandır. Erməni mediası “Artsaxın DXR-dən nəyi əskikdir” deyib sevinc çığlıqları atır və üstəlik Rusiyaya da minnət qoyur ki, erməni xalqı qarşısında “reabilitasiya olmaq” istəyirsə mütləq Dağlıq Qarabağı tanımalıdır. 

 

Dövlət Dumasının spikeri qeyd etdi ki, “Donbasda yaşayan Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün DXR və LXR-in tanınması vacibdir”

Qarabağda Rusiya vətəndaşları yoxdur, amma buna doğru ilk addım kimi Qarabağ rus icması yaradılır, həm də ruslar olmaya-olmaya. Sabah patriarx Kirill Xocalıda təzə tikdikləri provaslav kilsəsinə keşiş heyəti də göndərəndən sonra məsələ “müqəddəsləşəcək”. Qarabağ erməniləri də Rusiya vətəndaşlığını qəbul etməyə tam hazırdırlar. Sonra da “təhlükəsizliyin təmin olunması”bəhanəsi ilə tanış ssenari səhnəyə atıla bilər. 

 

Ən pis ssenarini ona görə ortaya qoyuruq ki, şimal qonşumuz ənənəsinə sadiqdir, imperiya ambisiyası davam edir. Rusiya Dövlət Dumasının dünənki tanınma “əməliyyatı”( bütün qanunlara zidd olan bu əməli yalnız “əməliyyat”adlandırmaq olar) Azərbaycan üçün ciddi siqnaldır. Azərbaycan sülhməramlıların nəzarət etdiyi ərazilərə dövlət nəzarətini bərpa etmək üçün təcili intensiv diplomatik danışıqlara başlamalıdır. 

 

Xankəndidə isə “dövlət evcik-evcik” oyununa start verilib. Araik Arutunyan müharibə bitəndən sonra vəzifəsini tərk edəcəyi barədə dediklərini indi reallaşdırmaq istəyir. 10 noyabr Bəyanatından sonra separatçıların hansısa seçki keçirmək hüququ yoxdur. Mövcud status-kvo heç bir seçki yolu ilə dəyişə bilməz və ya qondarma Konstitusiya reforması keçərli deyil. Sabah Araik ölsə belə onun səlahiyyətləri kiməsə tapşırılmalıdır, seçki keçirmək Azərbaycana müharibə elan etməkdir. Bu məsələni Azərbaycan sərt şəkildə sülhməramlılar qarşısında qaldırmalı və əks halda hərbi güc tətbiq edəcəyi barədə xəbərdarlıq etməlidir. 

 

Azərbaycan Xankəndi probleminin həlli üçün siyasi mexanizm-yol xəritəsini elan etməli, konkret vaxt müəyyənləşdirməlidir. Rusiya da, Ermənistan da, separatçı rejim də bilməlidir ki, “Artsax nağılı” bitib. Buna mane olduqda göydən üç alma yox, “Bayraktar” düşəcək.

 

Moderator.az-ın Analitik qrupu

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button