Şiddətli atışmaya görə toyumu yarımçıq saxladıq”

Xocalıda sonuncu toyun bəyi Vasif Qafarov olub. V.Qafarov 1965-ci ildə Xocalıda anadan olub. O, 1992-ci ildən Xocalı Özünümüdafiə Batalyonunun döyüşçüsü olub. Xocalı faciəsinin otuzuncu ildönümü haqda danışan V.Qafarov Moderator.az-a açıqlamasında tezliklə Xocalıya qayıdacağımıza inandığını bildirdi:

 

“Xocalı faciəsi ilə bir hadisədir ki, illər ötsə də unudulan deyil. Biz 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çaldıq, rayonlarımızın əksəriyyəti işğaldan azad edildi. Təbii ki, buna görə Ali Baş Komandanımıza və Müzəffər Ordumuza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. İndi gedişat onu göstərir ki, biz tezliklə Xocalıya qayıdacağıq”.

 

V.Qafarov daha sonra öz döyüş yolunu belə nəql edib:  

 

“Bizim postumuz aeroporta yaxın yerdə yerləşirdi. Düşmən artilleriyadan iki saat postumuzu atəşə tutdu. Qarqar çayının Alma bağı deyilən ərazisindən müşahidə edirdik və 366-cı polkun iki BMP-si aeroport istiqmətindən Xocalıya girdi. İnsanlar isə zirzəmilərə girmişdi. Biz insanları evlərdən çıxarıb xilas etmək üçün  şəhərdən aparmağa çalışdıq. Kətik meşəsinin yanında Çayqovuşan deyilən yerdə guya ermənilər əhalinin çıxması üçün koridor qoymuşdular. Gecə saatlarında millət ora toplaşdı”.  

 

“Məlum oldu ki, bizdən qabaqda gedən camaat ermənilərin mühasirəsinə düşüblər…”

 

“Təsəvvür edin fevral ayı, yerdə qar  və insanlar o soyuqda çayı keçib meşəyə girdilər. 12 kilometr Ağdam istiqamətində yol getməyə başladıq. Səhərə yaxın Qaraqaya deyilən istiqamətə çatanda gördük ki, atışma səsləri gəldi. Məlum oldu ki, bizdən qabaqda gedənlər ermənilərin mühasirəsinə düşüblər. Biz ora çatanda Əsgəran istiqamətindən iki BTR və iki “ZİL 131” gəldi. Onların içində hərbçilər dolu idi. BTR yolun ortasında dayandı və kim Ağdam-Şelli istiqamətinə keçə bildisə, keçdi, keçə bilməyəni isə meşəyə doldurdular”. 

 

“Adamların sağ qalanlarını isə əsir götürdülər…”

 

“Orda bizi atəşə tutdular və qadın, uşaq, cavan həlak oldu. Qəlpə gözümün qabağında adamın başını qoparıb apardı. Adamların sağ qalanlarını isə əsir götürdülər. Mənim üç dostum əsir düşdü və onlardan biri üç qardaş idilər. Onlar valideynlərinin gözünün qabağında Naxçıvanik deyilən istiqamətdə əsir düşdülər. Xocalıda mənim toyum sonuncu toy kimi xatırlanır. 1992-ci il yanvarın 22-də toyum oldu. Elə toyu da şiddətli atışmaya görə yarımçıq kəsdik. Şəkildə gördüyünüz dostlarım əsir düşdülər və indiyə kimi onlardan xəbər yoxdur”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button