Sadə insanlar da millətimizə Baba ola bilər…

Bü gün Baba Hüseynov adlı 4 qəhrəman əsgər atası olan böyük bir insanı itirdik. Onun 4 oğulundan üçü- Füzuli, Fərman və  Sadiq ilə Ağdamda 1992-ci ildən bir hərbi hissədə, sonradan isə bir taborda xidmət etmişəm. Hər üçü sıravi igid əsgər, cəsur döyüşçü olublar. Füzuli 1994-cü il aprelin 17-də Ağdamın Yusifcanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. 

 

 

Ən sonbeşikləri Yaşar isə 10 ildən çoxdur XTQ-də xidmət edir. Yaşar 2014-cü il Gülüstan əməliyyatl, 2016-cı il Aprel döyüşləri və Vətən Müharibəsində fəaliyyətləri ilə daim seçilib. İlk dəfə 2014-cü ildə Gülüstan əməliyyatında yaralanıb, ikinci dəfə isə Vətən Müharibəsinin ilk həftəsində Mürovda ağır yaralanıb. 6 gündən sonra bir az özünə gələn kimi təkrar cənub istiqamətində döyüşlərə qatılıb və Şuşaya qədər döyüşüb. Şuşadakı qondarma rejimin qərargahı üzərindəki əski parçasını çıxarıb əvəzində Bayrağımızı sancan, Şuşa məscidinin minarəsindən qəhərlənərək ilk əzanı səsləndirən də Yaşar Hüseynov olub. 

 

 

Bu gün, həqiqətən də qəhrəmanlar yetişdirən bir Babanı itirmişik. Sadəliyi, vətənpərvərliyi, təvəzokarlığı, namusu və ləyaqəti sərvət bilən, bu keyfiyyətləri ilə milyonlarla insana söz ilə deyil, əməli ilə əyani nümunə olan və bundan sonra da xatirəsi qəlbimizdə daim yaşayacaq Babamızı itirmişik. Mən də bu mərasimdə iştirak etməli idim, amma şərait imkan vermədi və başsağlığımı buradan çatdırmalı oldum. 

 

Baba müəllim kimi nümunəvi insanlarımızın və onların qabarlı əllərlə yetişdirdiyi qəhrəman oğullar sayəsində Azərbaycan nəinki erməninin, hətta onların havadarlarının qarşısında dağ kimi dayanacaq.

 

Allah Füzuliyə, bütün şəhidlərimizə, onların valideynlərinə və Babamıza rəhmət eləsin! Məkanınız onsuz da cənnətdir!

 

Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button