“Bu saat Ukraynada 8 milyondan çox vətəndaş silah götürməyə hazırdır…”-SOYDAŞIMIZ

“Dünən mən Kiyevdə Mərkəzi Zabitlər Evində növbətçi idim: könüllü orduya yazılmaq istəyən vətəndaşların telefon zənglərinin ardı-arası kəsilmirdi…”

 

“Bu səbəbdən hətta Rusiyanın genişmiqyaslı hücumu olduğu təqdirdə belə, ölkənin böyük ərazisinin işğal oluna biləcəyini ehtimal etmirik…”

 

“Ukrayna artıq 8-ci ildir ki, Rusiya tərəfindən demək olar, müharibə vəziyyətindədir.  2014-cü ildə Putin Krımı ilhaq etdi və Şərqi Ukraynanın xeyli hissəsini –Donbası nəzarətə götürdü. Bütün bunlarla və hazırkı təhdidləri ilə Rusiya ilk növbədə özünü çox mürəkkəb duruma salıb. Qərbin qəbul etdiyi sanksiyalarla beynəlxalq aləmdə təklənib. Bu gün Belarusdan başqa Rusiyanın yanında duran ikinci  bir ölkə, demək olar ki, yoxdur. Və Rusiya bu saat arzuolunmaz, əlisıxılmaz bir dövlət statusundadır. Belə bir şəraitdə, təbii ki, Qərbdə də Rusiya probleminin biryolluq həll olunmasını istəyən qüvvələr, o cümlədən siyasətçilər var”. 

Bunu Moderator.az-a açıqlamasında ölkə ətrafındakı son durumdan bəhs edən Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri  olan hərbi ekspert Elxan Nuriyev bildirib. 

 

“Amma Rusiya özü-özünü bu vəziyyətə gətirib çıxardı. Başını soxdu depressiv regionlara: Donbasa, Krıma. Əlavə xərc qoyub həmin regionları millitarlaşdırdı. Məsələn, 2014-cü ildən bəri Krımın militarlaşdırılması 5 dəfə artıb. Yəni oradakı hərbi qüvvə və texnikanın sayı 5 dəfə çoxalıb. Fəqət, Rusiyanın təhdidlərinə baxmayaraq Ukrayna bu gün də NATO-ya və Avropaya Birliyinə üzv olmağa can atır. Bu, ölkə Konstitusiyasında da təsbit edilib və  Ukrayna xalqı da bunda iddialıdır. Son sorğulara  görə NATO-ya üzvlük tərəfdarları olan vətəndaşlar əhalinin təxminən 70 faizini təşkil edir. Odur ki, vəziyyət gərgin olaraq qalır. Ötən ilin aprelindən bəri Ukraynanın şərq, cənub-şərq və şimal(yəni Belarusla) sərhədləri boyu Rusiya 150-170 minə yaxın hərbi qüvvə toplayıb. Və mənim  bir hərbi mütəxəssis olaraq əsas təhlükə gözlədiyim istiqamətlərdən biri  məhz Belarusdur, çünki Lukaşenko hakimiyyətinin Ukraynaya münasibəti bəllidir. Bundan başqa Qara dəniz, Kerç boğazı, Azov dənizi, Mariopol istiqamətləri də həssasdır. Bunu da Rusiyanın Krımla quru əlaqələrini genişləndirmək niyyəti ilə bağlamaq olar. Amma nəzərə almaq gərəkdir ki, Ukrayna ordusu artıq 2014-cü ildəki ordu deyil. Ölkə də kifayət qədər hazırlıqlı və təchiz olunmuş 200 min nəfərlik ordu var. Və rəsmi Kiyevin arxasında NATO kimi hərbi blok və bütövlükdə Qərb dünyası dayanır”- açıqlamasının ardında belə deyən hərbi mütəxəssis bütövlükdə Ukrayna xalqının öz vətənini qorumaq üçün həmrəy olduğunu da ifadə edib.

 

“Eyni zamanda Ukrayna xalqı da sıx birləşib. Özü də ölkədəki rusdilli əhalinin böyük əksəriyyəti də öz vətənlərini istənilən təcavüzdən qorumağa hazırdır.  Mən Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri kimi tez-tez müharibə bölgəsində, Donbas ətrafında oluram. Orduda və ehtiyatda olan yüksək vəzifəli rus mənşəli hərbçilərin çoxunu tanıyıram. Onların da hamısı özlərini Ukrayna vətəndaşı kimi bu ölkəni qorumağa borclu hesab edir. Bu mənada xarici təcavüz təhdidi Ukrayna xalqını birləşdirib. Və bunda yoldaş Putinin də böyük “xidmətləri” olub.  Eyni zamanda Ukrayna xalqı öz ordusuna inanır. Ötən həftə keçirilmiş sorğulara görə əhalinin 86 faizi “Ən çox etibar etdiyiniz dövlət qurumu hansıdır?” sualına cavab olaraq Ukrayna ordusunun adını çəkib.  Ordu da dediyim kimi, son 8 ildə çox güclənib. Hərbçilərin, o cümlədən generalların əksəriyyəti 2014-cü ildən bəri böyük döyüş təcrübəsi qazanıb. Silahlı Qüvvələrin təchizatı normaldır. Hazırda Ukrayna ordusunda  ən aşağı rütbəli hərbçilərin əmək haqqı 700 dollardır. Yüksək rütbəlilər isə 2 min dollaradək maaş alır. Onu da deyim ki, 200 minlik ordudan əlavə, xalq özü də bütövlükdə döyüşməyə hazırdır. Dünən mən Kiyevdə Mərkəzi Zabitlər Evində növbətçi idim: könüllü orduya yazılmaq istəyən vətəndaşların telefon zənglərinin ardı-arası kəsilmirdi. Və digər ekspertlələ birgə hesablarımıza görə, bu gün Ukraynada 8 milyondan çox vətəndaş silah götürməyə hazırdır… Bu saat ölkənin 60 minlik ehtiyat ordusu var. Onlarla yeni taborlar yaradılır. Bu səbəbdən hətta Rusiyanın genişmiqyaslı hücumu olduğu təqdirdə belə, ölkənin böyük ərazisinin işğal oluna biləcəyini ehtimal etmirik”- deyə hərbi ekspert vurğulayıb. 

 

Hərbi ekspert Elxan Nuriyevin Ukraynadakı durum barədə daha ətraflı fikirləri ilə yaxın müddətdə onunla geniş müsahibədə tanış ola bilərsiniz.

 

Moderator.az-ı izləyin!

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button