“O, quzuyla şəkil çəkdirənə qədər gəlib şəhid ailələriylə görüşsün…”-Xocalıda ölən şəhid qardaşların anası…

“Bu gün ən azından özümdə təsəlli tapıram ki, artıq şəhidlərimizin ruhu şaddır, onların qisası alınıb. Cənab Prezident səkkiz erməni hərbçisinin geri qaytarılması üçün göstəriş verdi və inanıram ki, onların müqabilində biz də ölənlərimizin yerini biləcəyik. Mən inanıram ki, ölməmişdən öncə həyat yoldaşımın və iki oğlumun nəşini tapacam və onları da el adətiylə dəfn edərik. Xocalıya qayıdıb, evimizi-eşiyimizi abadlaşdırarıq, nəvələrimlə xoş gün keçirərəm. Baxmayaraq ki, yetmiş səkkiz yaşım var, elə bil ki, mən təzədən o sönmüş həyatıma, qırx beş yaşıma qayıtdım”

 

Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini, bir həftə erməni əsirliyində işgəncələrə məruz qalan, həyat yoldaşı və iki oğlu ermənilər tərəfindən qətlə yetirilən Narxanım Məmmədova deyib. N.Məmmədova o dəhşətli günlərini belə xatırlayıb:

 

 

“Biz iki dəfə qaçqın həyatı yaşamışıq. 1988-ci ildə qaçanda bir oğlum çayda boğuldu. Daha sonra Xocalıya gəlib orda özümüzə ev-eşik etdik. Ermənilər yenidən bizə burda zülm etdilər, insanlarımızı qətlə yetirdilər. Artıq dörd il idi ki, Xocalıda yaşayırdıq bizi girov götürdülər, həyat yoldaşımı və iki oğlumu qətlə yetirdilər. Özüm kürəyimdən yaralandım, azyaşlı oğlumun əlini avtomatla güllələdilər. Bir həftə əsirlikdə olmazın işgəncələrinə məruz qaldıqdan sonra Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən xilas edildik. Allah ona rəhmət eləsin. O, dörd balamı və məni xilas etdi. Xocalı faciəsinin otuz ili tamam olur, amma üzümüz ona görə gülür ki, şəhidlərimizin ruhu şaddır, torpaqlarımız azaddır. Biz inanırıq ki, Cənab Prezident Xocalı və Xankəndini də işğaldan xilas edəcək. Vətən müharibəsi zamanı sevindiyimdən bilmirdim ki, nə edim. Yetmiş səkkiz yaşımda gedib döyüşmək istəyirdim. Ona görə də təqüdümü aparıb silahlı qüvvələrimizin yardım fonduna köçürdüm”.  

 

 

N.Məmmədova Kənd Təsərrüfatı Nazirliyindən də şikayətlənib və onlara verilən torpağı hələ də əkə bilmədiklərini deyib:

 

“Üç ildir ki, bizə əkin üçün 3 hektar torpaq verilib. Torpağın nə subsidiyasını verirlər, nə də əkməyə imkan verirlər. Hər dəfə də zəng vurub deyirlər ki, topağın analizini verin. Bir sözlə, bizə süni problemlər yaradırlar. Nazir İnam Kərimov quzunu qucağına götürüb şəkil çəkdirənə qədər rayonlara gəlib şəhid ailələriylə görüşsün və görsün ki, burda başımıza hansı oyunları açırlar. Gəlsin biz şəhid ailələriylə də şəkil çəkdirsin”-deyə o, bildirib.  

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button