Bakının İrəvana növbəti sürprizi…

Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki çoxşaxəli siyasi addımları rəsmi Bakının həm region, həm də regiondan kənar ölkələr ilə əməkdaşlığının möhkəmləndirilməsinə mühüm töhfələr verir. Azərbaycan nadir ölkələrdəndir ki, ənənəvi strateji tərəfdaşlarından başqa İsrail, İran, Səudiyyə, Rusiya, Ukrayna kimi barrikadanın əks qütblərində dayanan ölkələrlə kifayət qədər geniş və faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Məhz Prezidenti İ.Əliyevin bu məqsədyönlü addımları işğalçı Ermənistanın dalana dirənməsini, onun hərbi imkan və potensialının Azərbaycan ilə müqayisə edilməyəcək dərəcədə zəif qalmasını və sonunda Ordumuzun Vətən Müharibəsində düşmən üzərindəki qəti qələbəsini təmin etdi. 

Müharibədən sonra Türkiyə ilə “Şuşa Bəyannaməsi”, Pakistan ilə “Bakı Bəyannaməsi” imzalandı. Ermənistan ərazisində Rusiya bazasını təhlükəsizlik zəmanəti kimi saxlamasına baxmayaraq, müharibə və ondan sonrakı dövrdə İrəvanın ən yaxın müttəfiqi olan Kreml ilə münasibətlərində müəyyən qədər soyuq küləklər əsməyə başladığı da kimsəyə sirr deyildi. 

Bakı və Ankara “Şuşa Bəyannaməsi”nin hazırlanmasına Vətən Müharibəsinin bitməsindən dərhal sonra başladılar. Sənəd hazırlıqları tamamlanana qədər işğalçı Ermənistan haqq etdiyi siyasi zərbələri qəbul etməyə başladı. Bəzi lokal döyüşlərdə geri çəkilmələri nəzərə almasaq, İrəvana Vətən Müharibəsindəki məğlubiyyətindən sonra ilk ağır zərbəni keçən ilin aprelində Türk Dövlətlər Təşkilatından aldı. Təşkilatın Baş katibi B.Amreyev, Türkiyə Prezidenti R.T.Ərdoğan, Türk Şurasının fəxri sədri N.Nazarbayev, Özbəkistan Prezidenti Ş.Mirziyoyev, Qırğızıstan Prezidenti S. Japarov, Türkmənistan Prezidenti Q.Berdiməhəmmədov və Macarıstanın Baş naziri V. Orban Vətən Müharibəsində Qələbə münasibətilə Azərbaycan xalqını və Prezidentini təbrik etdilər. Azərbaycanı qələbə münasibətilə təbrik edən TDT-yə daxil olan ölkələrin 3-ü KTMT-nin üzvü olduğunu nəzərə alsaq, bunun Ermənistan üçün nə qədər ağrılı və acılı olduğunu təsəvvür etmək çətin olmaz. Qazaxıstan Respublikasının Prezidenti K.J.Tokayevin və Belarus Prezidenti A.Lukaşenkonun da Azərbaycanı ikinci Qarabağ müharibəsində Qələbə münasibətilə təbrik etməsini də bura əlavə edə bilərik. Keçən ilin may ayında isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə görüşündə Azərbaycanı Qələbə münasibətilə təbrik etdi. İrəvanda dərin narahatlıq yaradan bu hadisədən bir ay sonra Şuşada hər iki qardaş ölkənin Prezidentləri tərəfindən “Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd Ermənistanda bu günə qədər geniş audiotoriya tərəfindən aktiv müzakirə olunur. Düşmən ölkədə rezonans və narahatlıq yaradan növbəti sənəd, iyul ayında isə Azərbaycan, Türkiyə və Pakistan palamentlərinin spikerləri tərəfindən imzalanan “Bakı Bəyannaməsi” oldu. Ermənistan növbəti şok terapiyaya avqust ayında məruz qaldı. İran Prezidenti İ.Raisi andicmədən dərhal sonra Azərbaycan parlamentinin spikeri S.Qafarovanı Vətən Müharibəsində əldə etdiyi Qələbə münasibətilə təbrik etdi. 

 

Bütün bu faktlar göstərir ki, Azərbaycan həm ənənəvi müttəfiqləri, həm də Ermənistanla müsbət münasibətləri olan ölkələrlə əməkdaşlığını genişləndirərək həm regionda lider mövqeyini möhkəmləndiririr, həm də Ermənistanı mövcud reallıqları qəbul etməsi və seperatçı rejimin tabe edilməsi üçün siyasi-diplomatik həmlələrinə fasilə vermir.

Məğlub Ermənistanın və seperatçıların istinad edə biləcəyi son “divar” Rusiya idi. Daim Azərbaycanla Rusiyanı Qarabağda qarşı qarşıya gətirməyə cəhd edən düşmən qüvvələrin son ümidi də söndü. Azərbaycanın növbəti müttəfiqlik barədə sənədi məhz Rusiya ilə imzalanması, Ermənistanda daha geniş əks-səda doğuracaq. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev Moskvada səfərdədir. Bu səfər daha əvvəlcədən planlaşdırılıb. Bu gün Azərbaycan və Rusiya dövlət başçıları arasında baş tutacaq görüşdə Azərbaycan və Rusiya arasında “Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə” imzalanacaq. Bu sənəd 2021-ci ilin iyununda Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa bəyannaməsi” ilə təxminən eyni mahiyyətə malik olacaq. 

 

İstənilən halda sənəd hələ imzalanmayıb, odur ki, sənədlə tanış olmadan onun tərkibi haqqında dəqiq nəsə söyləmək olmaz. İstənilən halda Azərbaycan və Rusiya arasında imzalanacaq “Bəyannamə” hər iki ölkənin bərabərhüquqlu münasibətlərini tənzimləməklə onların müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə əməkdaşlıq prinsiplərini özündə əks etdirəcəyi ehtimal olunur. İmzalanan bu tipli sənədlər tərəflərin heç birinə “böyük qardaş” statusu verə bilməz. Digər tərəfdən “Bəyannamə” əməkdaşlıq haqqındadır, deməli heç bir halda tərəflərdən birinin, digərinin daxili proseslərinə müdaxilə etməsini də nəzərdə tuta bilməz. 

 

Əslində Azərbaycan və Rusiya arasında “Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə”nin hazırlanmasına 2021-ci ilin ilk həftələrindən başlayıb. Bu tip sənədlərin hazırlanması və razılaşdırması adətən uzunmüddətli qarşılıqlı müzakirələr tələb edir. Təxminən 1 ildən sonra adı çəkilən sənədin mətni hər iki ölkənin Prezident Administrasiyası və aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən razılaşdırılıb. Artıq sənəd imzalanma mərasimi üçün hazırdır.

 

Prezident İlham Əliyev hələ 2021-ci ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edərkən belə bir cümlədən istifadə etmişdi: “Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır”. Bu cümlədən məlum olur ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması yeni gündəmə çıxan məsələ deyil.

 

Prezident İ.Əliyevin təbrikdə istifadə etdiyi “Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır” cümləsi hansısa sənədin müzakirə edildiyini və onun imzalanmasının mümkünlüyü barədə ehtimalları təsdiqləyirdi. Yeni il ərəfəsində işlənən bu cümlə Ermənistan mediası tərəfindən müəyyən narahatlıqla qarşılansa da, Yeni il tətili səbəbindən İrəvanda bunün üzərində çox dayanmadılar. Bəlkə də Ermənistan Rusiya ilə Azərbaycan arasında belə bir sənədin imzalanmasına ehtimal vermirdi.

Əslində bu fəaliyyətlərdən əvvəl də Azərbaycan ilə Rusiya arasında ikitərəfli səmərəli əməkdaşlıq bir çox sahələri əhatə edib. Azərbaycan-Rusiya İşguzar Şurası aktiv fəaliyyət göstərir. Hazırda ölkəmizdə 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Nəqliyyat, maşınqayırma, tikinti, təhlükəsizlik, konsaltinq və digər sahələrlə bərabər hərbi və hərbi texniki sahədə də əməkdaşlıq davam edir. Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” zavodu ilə əməkdaşlığı nəticəsində hazırlanan hərbi yük maşınları uzun müddətdir ki, Azərbaycanın müxtəlif güc strukturlarında istismar edilir. Bir çox Rusiya silahlarının ölkəmizdə lisenziyalı istehsalı həyata keçirilir. Rusiya Azərbaycanın iri silah tədarükçülərindən biridir. Rusiyadan idxal edilən bir çox silah, qurğu, texnika və komplekslər Silahlı Qüvvələrimiz tərəfindən həm Vətən Müharibəsində, həm də post müharibə dövründə uğurla istifadə edilir. Odur ki, regionda formalaşdırdığı yeni reallıqlar fonunda Rusiya ilə müttəfiqlik haqqında sənəd imzalaması tamamilə siyasi-hərbi maraqlarımıza uyğundur. Azərbaycan hazırda Türkiyə və Pakistandan başqa, qonşu ölkələrlə bərabər BMT, NATO, Qoşulmama Hərəkatı, TDT və İƏT ilə aktiv əməkdaşlıq edir. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Hazırda Azərbaycanın Aİ ilə müzakirələri aktivləşib və münasibətlərimiz tam yeni mərhələyə qədəm qoyur. Yaxın gələcəkdə Aİ və İtaliya ilə bənzər məzmunlu əməkdaşlığa dair sənədin imzalanacağı da gözlənilir. Əslində həm Qoşulmama Hərəkatında sədrlik etmək, həm də Türkiyə, Rusiya, Aİ ilə paralel şəkildə və yüksək səviyyədə əməkdaşlıq etmək ciddi diplomatik və siyasi bacarıq tələb edir.

 

İstənilən halda Rusiya ilə imzalanan müttəfiqlik haqqında “Bəyannamə”  Ermənistanın müttəfiqlərinin bir birinin ardınca Azərbaycanın orbitinə keçməsi, Moskvanın Bakı ilə qarşılıqlı, o cümlədən hərbi əlaqələrə üstünlük verməsi və işğalçı ölkənin ən azından sülh sazişinə qədər dalanda saxlanılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu “Bəyannamə” işğalçı ölkəni Qarabağ və Azərbaycanla sərhəd məsələsində KTMT üzvlüyündən və Rusiya ilə strateji müttəfiqlik münasibətlərindən yararlanmaq imkanlarından məhrum edir. Digər tərəfdən isə Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir. Bakı barrrikadan hər iki tərəfi ilə aktiv əməkdaşlıq etsə də, mövcud vəziyyətdə münaqişə tərəfləri və ya rəqiblər arasında seçim etmir. Azərbaycan çox ölkə və təşkilatlarla əməkdaşlıq edib, edir və edəcək, lakin kimsənin daxili işlərimizə müdaxilə etməsinə də heç bir zaman imkan verməyib. Bundan sonra da bu siyasət dəyişməz və sabit olaraq qalacağı şübhəsizdir. 

 

Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button