Qərb Rusiyaya “ağrı hiss etdirməlidir”…

Sərt sanksiyalar Rusiyanı səfil dövlətə çevirəcək və milyonlarla insanın yoxsullaşmasına səbəb olacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazır. Britaniya qəzetinin redaksiya yazısında Moskvaya qarşı “görünməmiş” məhdudiyyətlər barədə iddialar alqışlanır.

 

Rusiya sanki Ukraynanın xuliqan böyük qardaşıdır. Keçən il yazdığı geniş məqalədə Vladimir Putin iki ölkənin yaxınlığını onun adaşı, Novqorod və Kiyev knyazı olan Müqəddəs Vladimirin X əsrdə etdiyi “mənəvi seçim”lə müəyyən etdiyini söyləmişdi. Putin 1991-ci ildə sovet peyklərini “tarixi vətənlərindən” ayıran Sovet İttifaqının dağılmasından təəssüfləndiyini bildirmişdi. O, Qərbin qaranlıq qüvvələrini müstəqil Ukrayna formalaşdırmaq istəyində ittiham edərək, bunun “bizə qarşı kütləvi qırğın silahlarından istifadə” ilə müqayisə oluna biləcəyini demişdi.

 

Putin bu həftə sonu Rusiyanın qonşusuna olan “sevgisini” Ukrayna sərhədi yaxınlığında 169 minə qədər əsgər toplaması, ən azı bir ukraynalı əsgərin öldüyü əraziləri atəşə tutması və rusiyayönlü iki bölgədə hərbə çağırış yaşlı kişilərin səfərbər edilməsini dəstəkləməsi ilə nümayiş etdirdi. Dünən ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiyanı müdaxiləyə bəhanə əldə etmək məqsədilə “özgə bayrağı altında əməliyyatlar” keçirməkdə ittiham edib. Amerika kəşfiyyatı Putinin yaxın günlərdə Kiyevə hücuma başlayacağını ehtimal edir.

 

Avropada bu gün SSRİ-nin Polşanı işğal etməklə hədələdiyi 1980-ci ildən bəri ən ciddi hərbi qarşıdurma yaşanır. Rusiya prezidentinin Ukrayna ilə bağlı ambisiyalarına elmi və tarixi don geyindirmək cəhdləri bizi aldatmamalıdır. Putin sübut etdi ki, o, dünya lideri yox, daha çox milli cinayətkar dəstənin lideridir. Putin Rusiyası qorxu gəlməklə yaltaqlıq yolu ilə insanların şüurunu manipulyasiya edir. O, Britaniya torpağına qaçanları öldürtdürməyə cəhd edir və Kreml tənqid edən Aleksey Navalnını dəmir barmaqlıqlar arxasına atır. Qərb liderləri Putinlə diplomatik danışıqlara gedə bilməz, o, ancaq güc dilini başa düşür.

 

Harris dünən Rusiyanın müdaxiləsi halında “görünməmiş iqtisadi nəticələr” barədə xəbərdarlıq edib. Bu sözlər möhkəm qətiyyətlə dəstəklənməlidir. 2014-cü ildə Krımı ilhaq edəndən bəri Putinin “Rusiya qalası” onu sanksiyalardan qoruyan strategiya yürüdür. Mərkəzi Bankın ehtiyatlarını artıraraq ABŞ dollarından asılılığını azaldır. Bu dəfə Rusiyanın ağrı hiss etməsi üçün cəza tədbirləri daha sərt olmalıdır.

 

Sanksiyaların kəskinliyi şəxsən Putinin ətrafına və onun əlaltılarına yönəlməlidir. Biz onların Naytsbric və Surreydəki aktivlərini dondurmalı, Britaniyada bahalı özəl məktəblərdə oxuyan uşaqlarını evlərinə göndərməliyik. Rusiyanı məişət elektronikasında və hərbi cihazlarda istifadə olunan Qərb istehsalı olan mikrosxemlərə çıxışdan da məhrum etmək lazımdır.

 

İqtisadiyyatları Rusiya ilə bağlı olan Aİ ölkələrinin liderləri ən aqressiv hərəkət kursundan yayınırlar. Rusiyalı hüquqi şəxslərin Aİ banklarına təxminən 60 milyard dollar borcu var ki, bu da onların ABŞ banklarına olan borcundan dörd dəfə çoxdur. Avropa istehlak etdiyi qazın təxminən 40%-ni Rusiyadan alır. Bu səbəblərdən Amerikanın Rusiya banklarına qarşı sanksiyalar tətbiq etmək, onları SWIFT beynəlxalq ödəniş sisteminə çıxışdan məhrum etmək və “Şimal axını-2” qaz kəmərinin istifadəyə verilməməsi təklifi müqavimətlə qarşılanıb. Aİ liderlərinin öz maraqlarını bir kənara qoymasının vaxtıdır. Qərb ölkələri, o cümlədən Britaniya etiraf etməlidir ki, əgər Rusiyaya real ağrı vermək istəyirlərsə, bu, özləri üçün müəyyən qədər ağrılarla doludur. Alternativ daha pisdir. Avropa öz tarixində yeni qaranlıq səhifə aça biləcək münaqişə astanasındadır.

 

Şiddətli sanksiyalar Rusiyanı qovulmuş dövlətə çevirəcək və milyonlarla insanın yoxsullaşmasına səbəb olacaq. Bu faciəvidir, lakin dünya ictimaiyyətinin öz avtokratiyasına qarşı xalq üsyanlarından qorxan Putinə təzyiq göstərməsinin yeganə yolu yəqin ki, budur. Sanksiyalar tətbiq olunanda vahid cəbhə yaradılmalıdır. İndiyə qədər dinc bəyanatlar verən Almaniya kansleri Olaf Şoltsun ritorikasını sərtləşdirməsini alqışlamalıyıq.

 

Ötən həftə sonu Münhendə Qərb liderlərinin iştirakı ilə keçirilən təhlükəsizlik konfransı az ümidvericidir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirakçılara bildirib ki, Rusiya və Çin “mövcud beynəlxalq qaydaları” əvəz edəcək “yeni dövr”ə başlamaq istəyirlər. Bunun qarşısı başlamadan alınmalıdır.

 

84 il əvvəl Avropa liderləri başqa bir diktatorla problemi həll etmək üçün Münhendə toplaşdılar. Ancaq nasist Almaniyasını dayandıra bilmədilər. Bu gün Putin həddini aşmazdan əvvəl – o, buna çox yaxındır – vahid Qərb ona cəza sanksiyaları dəyənəyini açıq şəkildə nümayiş etdirməlidir.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button