20 faizdən 100 faizlik ağıla doğru…

Rusiya ilə münasibətlər təkcə münasibətlər olaraq nəzərdən keçirilməməlidir. Təxminən, bu, dünyanın  quru ərazisinin 1⁄8 hissəsini əhatə edən qitələrarası ölkə sayəsində dövlət siyasətinin materikal imkanlar qazanması, dünyaya daha iri ekrandan baxmaq üçün platforma yaradılmasıdır. Yeni dünyada Prezident İlham Əliyevin də dediyi kimi qlobal nizam yaradılmaqda, baş rollarda isə artıq Şərqlə Qərbin siyasi körpüsü, iqtisadi zənciri və mədəni müstəvisi olan Azərbaycan da yer alır. O baxımdan, dünyanın gərgin, yeni düzənə hamilə olduğu bir gündə, silahların dilinin açıldığı bir zamanda bizim sərhədlərdə pas tutmağa hazırlaşan “snaryad” qablarında sülh, əməkdaşlıq, ikitərəfli və bərabər hüquqlara söykənən, investisiya, kapital mühiti yaradan mövqe – “güllər” əkilməkdədir.

 

Məsələn, dünən Moskvada bağlanan müqavilə barədə danışaq:

 

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalandı. Tarixin simvolik anlamı ola bilər, ümumiyyətlə isə bu Bəyannamə uzun müddətdir müzakirə edilirdi. Azərbaycan bu gün öz uğurlu siyasət kursu ilə regionun önəmli dövlətidir. Ölkəmiz öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür.

 

Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar dünya siyasətində mövqelərimizin nə qədər vacib olduğunu nümayiş etdirir. Azərbaycan həmişə öz qonşularıyla mehiban münasibətlər saxlayıb. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”

 

Vətən müharibəsindən sonra yeni bir fenomen kəşf etdik. Vətənin sərhədləri təkcə işğaldan azad edilən torpaqlara bitmirmiş, sərhədlərin siyasi üfüqlərində ucsuz-bucaqsız türk çölləri uzanmaqdadır. Artıq bu yolun yolçusu “tək millət” devizi ilə  yola çıxan Azərbaycan – Türkiyə, region ölkələri və Türk respublikalarıdır.

2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təqdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri  müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir.  2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir. İran və Gürcüstanla müxtəlif sahələr üzrə yaxşı əlaqələrimiz mövcuddur. Çoxşahəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. 

 

Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı Azərbaycandır. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir. NATO ilə münasibətlər uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham ƏIiyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Y.Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Azərbaycanın qonşuları ilə və digər ölkələrlə sağlam siyasi münasibətlərə malik olmağı bir çox ölkələr üçün də örnək olmalıdır. 

 

Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Unutmamalıyıq ki, Rusiya Azərbaycanın qonşusu, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. 

 

Rusiya ilə dəqiq işləmək, bərabər işləmək, bu ölkədə yaşayan milyonlarla azərbaycanlının “Şimal derjavası”nın elitasında, siyasi və mədəni həyatında önəmli rol almasına səbəb olmaqla qalmır, onların yüksək postlarda iki xalq arasında mühüm əməkdaşlıq mövqeyi yaratmağa da imkan verir.

Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Azərbaycan digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirir. Azərbaycan Rusiya ilə müxtəlif sahələr üzrə əməkdaşlıq edir. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Moskva Bəyannaməsinin əsas qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. 

 

Bəyannamədə bir çox vacib məqamlar yer alıb. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almalıdır. Azərbaycan bu Bəyannaməyə qədər də Rusiya əleyhinə aşıq fəaliyyət göstərən şəxslərin və təşkilatların Azərbaycan ərazisində olmamağına diqqət edibdir. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır ki, bu sahədə də Ermənistanın ləng davranışlarına qarşı Rusiya daha sərt və praktiki addımlar atmalıdır. Bəyannamədə vacib məqamlardan biri də odur ki, Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər.

 

Prezident İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi.  Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Xüsusi bir nünası da qeyd etmək lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi  güc,  bacarıq, qətiyyətli diplomatiya tələb edir.

 

Bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında  yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir. 

 

Müttəfiqlik Bəyanatı 10 noyabr müqaviləsindəki öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə rıçıqlar verəcək. Məsələn, sənəddə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Bu, Azərbaycana separatistlər və revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir. 

Sənəd Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətlərini tənzimləyir, üçüncü ölkələrə münasibəti və ya xarici siyasi kursu yox. Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri rəsmi Bakının prioritet hesab etdiyi məsələlərdə prinsipial mövqe nümayiş etdirməsinə mane olmayacaq.

 

  Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatla tənzimlənir. Bu bəyanatın müddəalarının dönmədən icra olunhması Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamədə də öz əksini tapır. Rusiya sülhməramlılarının Qarabağda qalmasının müddəti 5 ildir. Tərəflərdən hər hansının tələbi ilə onlar həmin ərazidən çıxmalıdırlar. Rusiyanın Azərbaycanla bağlı siyasəti, verilmiş rəsmi açıqlamaların heç biri sülhməramlıların həmişəlik orda qalacağı barədə iddialar irəli sürməyə əsas vermir. İmzalanmış sənəddə belə bir bənd və ya buna işarə yoxdur. 

 

10 noyabr bəyanatı Azərbaycanın ərazi bütövlüyünə təminat verir. Əksinə, indiyə kimi ərazilərinin işğalı səbəbindən güclü manevr imkanlarına malik olmayan Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra beynəlxalq arenada da manevr imkanlarını əsaslı şəkildə yüksəldib. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə də Azərbaycanın müstəqil siyasətini təsbit edir, Rusiya bununkla bağlı üzərinə öhdəlik götürür. Sənədin mahiyyətinə əsasən, Rusiyanın Azərbaycana təsir imkanları azalır, Azərbaycan isə əlavə təminatlar almaqla daha da güclənir. 

 

Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi ilə Rusiyayla imzalanmış Moskva bəyannaməsi arasında çox ciddi fərq var. Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi “Azərbaycan Respublikası ilə Türkiyə Reaspublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, Rusiya ilə imzalanmış sənəd isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqqında” bəyannamədir. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini kordinasiya edirlər, bir birinə yardım göstərirlər (hərbi yardım da daxil olmaqla). Rusiya ilə imzalanmış bəyannamədə bunlar yoxdur.

 

“Ukraynaya qarşı fəaliyyətdə Azərbaycan Rusiyanın yanında dayanıb” iddiası isə siyasi cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu barədə mövqeyi tam aydındır. Azərbaycan heç vaxt üçüncü ölkələrə qarşı istifadə olunmasına imkan verməyib. Prezident İlham Əliyevin bu yaxınlarda Ukraynaya səfəri zamanı bu mövqe bir daha ifadə olunub.

 

Unutmamalıyıq ki, NATO ilə münasibətlərin 30 ilə yaxın yaşı var, lakin ölkəmizin strateji hədəfləri regionda digər geopolitik güclərin maraqlarını tanımaqdır.Bizim seçimimiz güc nisbətini dəyişmək və qlobal oyunlarda alətə çevrilmək deyil, yaxud forpostluq üçün də əsasımız yoxdur, niyyətimiz Gülüstan və Türkmənçaydan sonra bir xalq olaraq, öz taleyimizi dövlətimiz tərəfindən həll etməkdir. 

 

Azərbaycanın siyasi və tarixi təqvimi ilk dəfədir ki, qələbənin rəngləri ilə cilalanır, qalibiyyət tarixinin ilkin günü, ayı və ilinin əhəmiyyəti o qədər böyük və müqəddəsdir ki, dəyərini bəlkə ancaq İsa Peyğəmbərin 1-ci ilinin, birinci gününün, birinci saatı ilə müqayisə etmək olar.

 

İlham Əliyev bu gün Qafqazın xilaskarı rolunda mühüm qərarlar verir. Moskva anlaşması Vətən müharibəsində qələbənin diplomatik meydanlarda güclənməsinə xidmət edən tarixi qərardır. Onun hər bir müddəası ordumuz və xalqımızın hərbi uğurunun siyasi mövqeyimizi dünyada nə qədər gücləndirdiyini sübut edir. 

 

Postmüharibə reallıqlarına diqqət yetirdikdə, Ermənistanı regionda xarici siyasət aktivi kimi silib atan Bakı, qarşıdakı dövrdə Ankara və Moskva arasında bütün coğrafi, iqtisadi və siyasi yolları daha da genişləndirəcək, Zəngəzur dəhlizini İrəvana gedən yola çevirəcək. Moskva müqaviləsi Ermənistana qarşıdır, lakin o mənada ki, İrəvan artıq Bakının siyasi qərarları arxasınca getməyə məhkumdur. Azərbaycan və Rusiya tarixində son iki yüz ildə belə bərbaərhüququlu müttəflqilik və tanıma aktı olmayıb.Təkcə zaman dəyişməyib, həm də ölkəmiz özünün dövlət subyekti kimi beynəlxlq aləmdə mövqeyini gücləndirib və etibarlı tərəfdaş kimi təsdiqləyib.İlham Əliyevin strateji qələbəsi bundadır.Vətən müharibəsi Azərbaycanın Moskva və dünya qarşısında müstəsnalığını, əhəmiyyətini artırıb. 

Azərbaycanın dövlət ağlı rəqəmlərin dili ilə necə də mötəşəm parlamaqdadır:

Məqsəd – 20 faiz işğalda olan torpaqların azad edilməsi idi,

Nəticə –  100 faiz üzərindəki real hədəflər, fəth edilən zirvələr və dünyanı bir-birinə bağlayan sülh, inkişaf, barış yollarıdır –  Əliyevin yüz faizlik yolları.

 

Zahid Oruc – Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button