“Biz, nəhayət, Rusiyanın gerçək niyyətlərinin nədən ibarət olduğunun konturlarını görəcəyik”

Ötən gün Moskvada Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik haqqında bəyannamə kəskinləşən Rusiya-Ukrayna münasibətləri fonunda aydın səmada şimşək effekti doğurmasa da ciddi rezonansa səbəb oldu və sosial şəbəkələrin, medianın əsas gündəmini zəbt edib. Bu da təsadüfi deyil, söhbət Azərbaycanın taleyindən gedir və əsrlər boyu bizə divan tutan bir dövlətin istənilən formatda təklif etdiyi dostluğa, əməkdaşlığa, müttəfiqliyə adamın inanmağı gəlmir.

Görəsən, istiqlaçı deputat Vahid Əhmədov da bizim kimi narahatdırmı və onun imzalanan bu sənədə münasibəti necədir.

Moderator.az-ın əməkdaşı bu minvalla onun fikirlərini öyrənib:

“Əvvəla, cəmiyyətin narahatçılığını başa düşmək lazımdır. Çünki yaxın və uzaq tarixə qısaca ekskurs etsək, Rusiya ilə Azərbaycanı bir birinə bağlayan o qədər də xoş məqamlar olmayıb. Bir sözlə, Rusiya azərbaycanlıların yaddaşında heç də xoş izlər buraxmayıb və hər zaman şimal qonşumuzu xatırlayanda qəzəb və nifrət hakim kəsilib insanımızın düşüncələrində. Amma gəlin tələsməyək və emosiyasız, soyuq başla ətrafımızda, eləcə də dünyada baş verən prosesləri analiz edək. Bəri başdan unutmayaq ki, 44 günlük savaşda Azərbaycanı göylərə qaldıran Ali Baş Komandana sona qədər güvənmək və onun bu sənədi imzalayanadək yüz dəfə götür qoy etdiyini anlamaq lazımdır. Əmin olmaq lazım ki, İlham Əliyev Azərbaycanın müstəqilliyindən, suverenliyindən, ərazi bütövlüyündən nəinki Rusiyaya, bütün dünya üstümüzə gəlsə belə, heç bir güzəşt etməyəcək və o bu qətiyyətini ötənlərdə hamıya sərgilədiyi perfomansla sübuta yetirib. Elə 43 bəndlik bəyannamənin birinci bəndinə nəzər salmaq kifayətdir ki, orada Azərbaycanın əsas arzu və qayğılarının nədən ibarət olduğu aydınlaşsın:

“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bu, Rusiyanın bu günədək heç bir platformada etiraf və qəbul etmədiyi bir məqamdır ki, Azərbaycana hava su kimi lazım olan vacib elementlər orada əksini tapıb. Bu ayrı məsələdir ki, biz Rusiyanın səmimiyyətinə nə dərəcədə inanırıq və inanmallıyıqmı? Yeri gəlmişkən, bəyannamənin mürəkkəbi qurumamış Rusiya XİN saytında Azərbaycana qarşı baş verən təxribat bir daha onu düşünməyə vadar edir ki, Rusiya ilə dostluq edənin son dərəcə ehtiyatlı və sərvaxt olmasına ehtiyac var.

Gəlin görək Azərbaycan əslində bu sənədin müəllif olan Kremlin təklifini rədd edə bilərdimi və ya etməliydimi? Birmənalı olaraq qeyd etmək lazım ki, bu sənədin imzalanmasından imtina Azərbaycana baha başa gələ bilərdi. Rusiyanın Azərbaycana təsir və təzyiq alətlərinin nədən ibarət olduğunu xırdalamağa gərək duymuram, çünki aşağı-yuxarı hamı bunu bilir. Əslində bu sənədin bizə qaranlıq bəzi məqamları olduğunu etiraf etməliyik, yəqin ki, zamanında buna aydınlıq gətiriləcək və biz nəhayət Rusiyanın gerçək niyyətlərinin nədən ibarət olduğunun konturlarını görəcəyik.

Eyni zamanda mən bu bəyannamənin Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilə müqayisəsini də qüsurlu hesab edirəm. Rusiya və dünya da bilir ki, Azərbaycanla Türkiyəni yalnlz imzalanan hansısa sənədlər toplusu deyil, bir millət iki dövlət dəyərləri birləşdirir. Eyni zamanda onu da anlamaq lazımdır ki, Rusiya ilə imzalanan bu bəyannamənin hazırlanmasına aylar sərf edilib və heç şübhəsiz, rəsmi Ankarının bu sənədlərin bütün bəndlərini bir bir incələmək və can qardaşı ilə məsləhətləşmək fürsəti olub. Dünyanın indiki qarışıq və təlatümlü vaxtında Rusiya ilə Türkiyənin münasibətlərinin yüksələn xətlə inkişafı onu deməyə əsas verir ki, bu sənədin imzalanmasında Ankaraının da xeyir – duası olub. İndi bizim gözlədiyimiz əsas məsələ Rusiyanın öz öhdəliklərinə və imzaladığı sənədlərə nə dərəcədə səmimiyyətlə əməl edəcəyidir və heç şübhəsiz bizim ilk narahatçılğımız Qarabağdakı separatçı meyllərin azğınlaşması və bütün bunların Rusiya sülhməramlılarının nəinki gözləri önündə, bir çox hallarda onların xeyir duası ilə baş verməsidir. Ümid edək ki, bundan sonra vəziyyət tamamilə dəyişəcək və separatçı rejimin ərköyünlüyünə son qoyulacaq, eyni zamanda Paşinyan hökuməti imzaladığı sənədlərdəki öhdəliklərinə əməl edəcək.

Sonda bir məqamı da qeyd etmək lazım ki, bu sənədin məhz Rusiya ilə Ukrayna arasında kəskinləşən münasibətlərlə eyni dövrə təsadüf etməsini də şişirtməyə, faciə kimi qəbul etməyə gərək yox. Nəzərə almaq lazım ki, bu cüür görüş və sənədlərin imzalanması mərasimin vaxtı da aylar öncədən razılaşdırılır. Sadəcə imzalanmanın məhz həmin günə təsadüf etməsinin cəmiyyətdə və sosial şəbəkələrdə yaratdığı emosional ovqatı da mən anlayıram. Səbrlə proseeslərin davamını gözləmək laazım. İstənilən halda mən bu sənədin Azərbaycanın suverenliyini daha da möhkəmləndirəcəyinə, ərazi bütövlüyümüzün tam bərqərar olmasına xidmət edəcəyinə ümid etmək istəyirəm. 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button