Putin nələri etməlidir ki, Azərbaycan xalqı onun səmimi müttəfiqliyinə inansın?..

Rusiya lideri ölkəmizdəki “5-ci kalonu”nun fəaliyyətini durduracaq, Nəcməddin Sadıkovların, Araiklərin, Köçəryanların və s. həbsinə şərait yaradacaqmı?..

 

Heç bir sorğu aparmadan belə, demək mümkündür ki, əhalinin böyük əksəriyyəti Moskvanın səmimi müttəfiq olacağına inanmır…

 

Cənab Vladimir Putin əgər doğrudan da Azərbaycanı  lideri olduğu dövlətə müttəfiq, şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevi isə özünə dost sanırsa, Xocalı qatilləri olan terrorçu eks-prezidentlər Robert Köçəryan və Serjik Sərkisyan kimiləri dostlar siyahısından silməli və onların həbsinə əngəl olmamalıdır…

 

-FİKİR SAVAŞI…-

 

Azərbaycanın müstəqil(!) dövləti ilə Rusiya dövləti arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı… Artıq bunun məhz Rusiya lideri Putinin Ukraynadakı qondarma separatçı qurumları tanımasından dərhal sonra baş verməsini,  Azərbaycan Prezidentinin belə bir sənədə imza atmasının Şuşa Bəyannaməsini imzalamış qardaş Türkiyə tərəfindən necə qarşılanacağını təhlil və tənqid edənlər xeylidir. Adamın diqqətin o da cəlb edir ki, Şuşa Bəyannaməsi nömrələrlə sıralanmamış təxminən 34, Moskva Bəyannaməsi isə sıralanmış 43 maddədən ibarətdir… 

 

Deyək ki, bütün tənqidlərə rəğmən Rusiya ilə yeni bəyannamədə hər şey Azərbaycan dövləti və xalqının bu  günü və gələcəyi üçün faydalıdır. Ancaq burada əsas məsələ sənəddəki maddələrin necə icra olunacağıdır. Xalqlar arasında problem yoxdur, çünki Azərbaycan və Rusiya xalqları arasında faktiki müttəfiqlik on illərdir ki, mövcuddur. Belə olmasa, 3 milyona yaxın azərbaycanlı Rusiyada yaşayıb-işləməz… Ayrı-ayrı şovinist siyasətçi, jurnalist, aparıcı və s. çıxmaq şərti ilə bu xalqda Azərbaycana qarşı kütləvi düşmənçilik yoxdur… 

 

Amma  bu gün Azərbaycan ictimaiyyətində yaranan ümumi və cavab verilməli əsas sual bundan ibarətdir: əsrlərlə Azərbaycana ələ keçirilməli olan yağlı tikə kimi baxmış və onu müxtəlif dövrlərdə işğal edərək, əhalisini qılıncdan, güllədən keçirərək müstəmələkəyə çevirmiş bir imperiya dövlətinin, özü də bu gün də Ukraynaya münasibətdə və məhz Azərbaycan torpağı Qarabağdakı sülhməramlı sayılan ordusunun timsalında da imperiya ambisiyalarını və ermənilərə yenə də arxa durmaq planlarını biruzə verən Putin rejiminin səmimiliyinə inanmaq olarmı? Heç bir sorğu aparmadan belə, demək mümkündür ki, əhalinin böyük əksəriyyəti Moskvanın səmimi müttəfiq olacağına inanmır. Sadəcə, “5-ci kalon” və qeyri-iradi ona xidmət edən rus beyinli, manqurtlaşmış kütlə, həmçinin peşəsi özlərini aldatmaq hesabına olsa da, kimlərinsə xoşuna gəlmək xatirinə hər şeyi tərifləmək olan kölə xislətli kəsim Putinin bundan sonra Azərbaycana səmimi yanaşacağını dilə gətirə bilər…

 

Bilirəm ki, yazını oxuyan kimi dərhal  peşəsi dövlətin mənafeyindən çox öz karyerist maraqlarını güdən və Rusiya konkret “5-ci kalon”luq edən bəzi məmurlar, eləcə də son vaxtlar materiallarımızı lupa ilə oxuyan Rusiya səfirlyinin əməkdaşları düşünəcək ki, əşşi, bu kimdir e, iki gündən bir dövlətin, xalqın mənafeləri barədə iddialı fikirlər söyləyir. Adı yox, sanı yox, qoyun-keçi, dana satıb Ramiz Mehdiyevin on illərlə faktiki rəhbərlik etdiyi Atestasiya Komissiyasından rüşvət  doktor, professor adı almayıb, ermənilərin səngərdə əyilərək gəzdiyini sübut edən heç bir alimlik dərəcəsi yox, heç olmasa əməkdar jurnalist də deyil,  heç Jurnalistlər, yaxud Yazıçılar Birliyinin üzvü də deyil, filan-filan işlər üzrə ekspert də, politoloq da deyil, QHT-si-filanı da yoxdur… Bəli, cənablar, əfəndilər, yoldaşlar xalq dediyiniz məhz belə ad-san savaşı aparmayan kəsimdir. Bəndəniz də məhz həmin Rusiyanın əsrlər öncə Qarabağa gətirib alət kimi bəslədiyi erməni separatizmi, irqçiliyi, terrorçuluğu ucbatından öz torpağından didərgin düşərək on illərdir haqqı tapdanan,  Azərbaycanın daxilindəki “KQB”-“QRU”-korrupsiya şəbəkəsinin ölkənin milyardlarını talaması səbəbindən halal maaşıyla özünə mənzil ala bilməmiş və yataqxanada baba olmuş, doğma dədə-baba yurdu isə Rusiya hərbi kontingentinin faktiki himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalmış adi bir vətəndaşdır… Və onun heç olmasa, torpaqlarımızın xeyli hissəsinin azad olunmasından sonra Rusiya ilə bağlanan sənədin özünün, övladları, nəvələrinin gələcəyi üçün nə vəd etdiyini düşünmək və o haqda fikir söyləmək haqqıdır. Və Konstitusiya və qanunlarımızla bizlər bu hüquqdan heç kim məhrum edə bilməz…

 

Qayıdaq əsas mətləbə… Bəs Putin və onun hakimiyyəti, o cümlədən Qarabağdakı, Laçın dəhlizindəki ordusu nələri etməlidir ki, Azərbaycan xalqı onun Rusiya dövlətinin səmimiliyinə, dövlətimizlə gerçək müttəfiq olacağına inansın. Bunun üçün biz də bəyannamədəki 43 maddənin qarşılığında 5-10 maddə irəli sürək:

 

Əvvəla, hələ sovet dövrü və çar imperiyası dövründəki işğal, soyqırım, repressiya, deportasilardan, ekoloji terrorlardan və s. Azərbaycan xalqına vurulan zərərlərdən danışmırıq. Rusiya ən azı, 1991-1992-1993-cü illərdə keçmiş sovet ordusu və onun Rusiya Federasiyasının tabeliyinə keçmiş qalıqlarının işğalçı erməni birləşmələrinin tərəfində birbaşa iştirakı və ya texniki, təlim və s. dəstəyi ilə Azərbaycan ərazilərindəki insan qırğınları, talan və işğallara, xüsusən Xankəndindəki 366-cı alayın iştirakıyla Xocalıda törədilmiş soyqırım, talan və işğala görə rəsmən Azərbaycan dövləti və xalqından üzr istəməli və buna görə gərəkli təzminat ödəməlidir…

 

İkincisi, Putin doğrudan da Prezident İlham Əliyevlə görüşdə dediyi kimi, çar imperiyasını bərpa etmək niyyətində deyilsə, Azərbaycanda əsrlərlə fəaliyyət göstərən və  daim xalqımız, dövlətimiz əleyhinə iş apararaq ölkəmizi yenidən birbaşa müstəmləkə boyunduruğuna salmaq məqsədi güdən  kəşfiyyatını və “5-ci kalon”unu durdurmalı və Azərbaycanın dövlət mənafeyinə birbaşa xəyanət etmiş dövlət adamlarının həbsinə və qanunla cəzlandırılmasına müxtəlif əngəllər törətməməlidir. 

 

Üçüncüsü, xüsusən Azərbaycan ordusundakı keçmiş və indiki “QRU” və “FSB” şəbəkəsinin də dövlətçiliyimiz və təhlükəsizliyimiz əleyhinə fəaliyyətini durdurmalıdır.

 

Dördüncüsü,  1992-ci ildə Xocalı, Şuşa, Laçın və s. işğalı zamanı Azərbaycan ordusunda Baş Qərargah rəisi olmuş və Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham olunmuş, Rusiya ordusunda Baş Kəşfiyyat İdarəsinin, yəni “QRU”-nun agenti olduğunu özü Azərbaycan rəsmilərinə etiraf etmiş,  lakin konkret olaraq o vaxtkı Rusiya prezidenti B. Yeltsin tərəfindən himayə olunaraq Azərbaycan Prezidenti Heydər Əliyevin xahişinə rəğmən Bakıya ekstradisiyasına icazə verilməmiş general Şahin Musayevin(əgər sağdırsa) ölkəmizə təhvil verilməsini təmin etməlidir. 

 

Beşincisi,  Kreml  1992-1993-cü illərdə Azərbaycan ordusunda briqada və korpus komandiri, daha sonra isə düz 2021-ci ilin yanvarınadək – 27 ildən çox Baş Qərargah rəisi olmuş və bir çox yüksək vəzifəli general və zabitlərin şahidliyi ilə Azərbaycana qarşı xəyanətlərdə, maliyyə yeyintilərində, həmçinin 2017-ci ildə Tərtər ərazisində Azərbaycan ordusuna qarşı törədilmiş qətliam və işgəncələrin törədilməsində suçlandırılan  general Nəcməddin Sadıkovun Azərbaycan dövləti tərəfindən həbs olunmasını əngəlləməməlidir.

 

Altıncısı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq  Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı Ermənistana və konkret Xankəndindəki separatçı-terrorçu rejimə aid bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və çıxarılması təmin olunmalıdır.

 

Yeddincisi, əgər Moskva bəyannaməsində hər iki ölkə daxilində terrorçuluğa və separatçılığa qarşı mübarizədən bəhs edilirsə, o halda torpaqlarımızdakı Rusiya hərbi kontingentinin komandanlığı ilk növbədə Azərbaycanın təhlükəsizlik qüvvələri və Daxili Qoşunlarına lokal antiterror əməliyyatı keçirməsinə imkan verilməli və Xankəndində başda rejimin hazırkı rəhbəri, Azərbaycan dövləti tərəfindən İnterpolla beynəlxalq axtarışa verilmiş Arayik Arutyunyan olmaqla Vitali Balasanyan, Bako Saakyan, Arkadi Qukasyan, David Babayan və onlara sadiq təsbit edilmiş və ediləcək separatçı və terrorçu ünsürlərin həbsinə və ya zərərsizləşdirilməsinə şərait yaratmalıdır.

 

Səkkizincisi, “Laçın dəhlizi” deyilən ərazimizin Ermənistanla sərhəd hissəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd və Təhlükəsizlik Xidmətlərinin, həmçinin Gömrük Xidmətinin nəzarət-buraxılış məntəqələrinin qurulmasına imkan verilməli və dövlət sərhədimizdən ərazimizə keçən vətəndaşlığı və milliyyətindən asılı olmayaraq  hər bir kəsin kimliyinin, gəliş məqsədinin və avtomobilindəki yükünün nədən ibarət olmasının dəqiq öyrənilməsinə şərait yaradılmalıdır(Xəbər verdiyimiz kimi, bu günlərdə   Azərbaycan hakimiyyətindən icazə almadan  Qarabağa (2011-2012-ci illərdə) səfər etdiyi üçün 2017-ci ildə Bakıda həbsdə olmuş və  qısa müddətdə Azərbaycan Prezidenti tərəfindən əfv edildikdən 5 il sonra rusiyalı və israilli bloger Aleksandr Lapşin yenidən Laçındakı sərhədimizi pozaraq Qarabağa  səfər edib. Bax: )

 

Doqquzuncusu, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti Azərbaycan dövlətinin razılığı və icazəsi olmadan V.Putinin dəfələrlə vurğuladığı kimi, beynəlxalq hüquq baxımından da Azərbaycana məxsus torpaqlarda funksiyalarından kənar hansısa iş görülməsinə, tikinti işləri aparılmasına, abidə qoyulmasına və s. son qoymalıdır.

 

Onuncusu, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti Qarabağdakı erməni əhali, xüsusən uşaq və gənclərlə ideoloji, tarixi, mədəni və s. səpkidə eləcə də hərbi təlim yönümlü hansısa iş aparmamalıdır.

 

On birincisi, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin məsuliyyət zonasında Azərbaycan Respublikasının dövlət rəmzləri olan bayrağı və gerbi, eləcə də sülhməramlı sayılan hərbi kontingentin bilavasitə dislokasiya məkanları və avtomobilləri isrisna olmaqla digər ölkə (Ermənistan, Fransa və s.) bayraq və gerblərinin və yaxud separatçı rejimin rəmzləri sayılan “bayraq” və “gerb”lərin qaldırılmasına icazə verilməməlidir.

 

On ikincisi, Azərbaycan Silahlı Qüvvələrinin  avtomobil və texnika karvanlarının heç bir istisnasız sərbəst hərəkəti təmin edilməli və Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin məsuliyyət zonasında, o cümlədən “Laçın dəhlizi” adlanan Azərbaycan ərazisində dövlət bayraqlarının müşayiəti ilə hərəkətinə əngəl olunmamalıdır.

 

On üçüncüsü, Xankəndi, Əsgəran, Ağdərə və s. məntəqələrimizdəki separatçı və terrorçu rəhbərlər və onların əlaltıları həbs edilib zərərsizləşdirildikdən sonra bölgədə gələcəkdə etibarlı sülhün və dinc yanaşı yaşamanın təmin olunması məqsədi ilə Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin komandanlığı tədricən Azərbaycanın dövlət və hökumət nümayəndələrinə sovet dövründən Azərbaycan vətəndaşlığı olmuş və ya indi buna razılıq verməyə hazır olan yerli erməni sakinlərlə ünsiyyətinə və onların problemlərinin həlli üçün Azərbaycan tərəfində müraciətlərinin edilməsinə şərait yaratmalıdır.

 

On dördüncüsü, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və s. kimi Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin məsuliyyət zonasındakı ərazilərimizdə Azərbaycan dövlətinin gerçək yurisdiksiyasının icrasına tədricən şərait yaradılmalıdır.

 

 

On beşincisi, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı xəbər və reportajlarda, xüsusən də saytın Rusiyanın Azərbaycan ərazisindəki rəsmən sülhməramlı sayılan hərbi kontingentinə aid bölməsində həmin kontingentin məsuliyyət zonasındakı fəaliyyətinə dair mütəmadi dəyişən xəritələrdə Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə hörmət əlaməti olaraq; 

 

1. “Dağlıq Qarabağ” birləşməsi yerinə “keçmiş Dağlıq Qarabağ” birləşməsi işlənməli;

2. Hərbi kontingentin məsuliyyət zonasındakı bütün toponim, hidronimlər və s. yalnız müstəqil(!) Azərbaycan Respublikasının rəsmi siyasi-inzibati, fiziki və s. xəritələrindəki adlara uyğun qeyd olunmalıdır: məsələn, “Stepanakert” əvəzinə Xankəndi, “Mardakert” əvəzinə Ağdərə, “Aterk” əvəzinə Həsənriz və s.

3. 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Azərbaycan ordusunun nəzarətində olan ərazilərdəki məntəqə və yüksəkliklərin “texniki səhv” ucbatından özü də ermənilərin verdiyi adlarla heç bir əsas olmadan Rusiya hərbi kontingentinin məsuliyyət zonasına daxil edilməsi hallarına son qoyulmalıdır.

 

On altıncısı, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasında nəzərdə tutulmuş 5 illik müddətin tamamında Rusiya hərbi kontingenti Azərbaycan ərazisini tərk etməlidir.

 

On yeddincisi, Rusiya Prezidenti cənab Vladimir Putin əgər doğrudan da Azərbaycanı  lideri olduğu dövlətə müttəfiq, şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyevi isə özünə dost sanırsa, hazırda Ermənistanda revanşist və radikal müxalifət kimi fəaliyyət göstərən və Azərbaycan dövlətinin barələrində cinayət işi qaldıraraq beynəlxalq axtarışa verdiyi Xocalı qatilləri olan terrorçu eks-prezidentlər Robert Köçəryan və Serjik Sərkisyan kimiləri dostlar siyahısından silməli, onların rəhbərlik etdiyi erməni kəsiminin Azərbaycana qarşı revanşist çıxışlarına, xüsusilə yenidən “Qarabağı, Şuşanı, Hadrutu, Kəlbəəcəri və s. azad etmək” kimi çağırışlarına dolayısıyla dəstək verməməli və onların Azərbaycan dövləti tərəfindən həbs edilməsinə əngəl törətməməlidir…

 

Dəyərli oxucular,  Rusiya rəhbərliyinin Azərbaycan dövləti və xalqının dostluğunu qazanmaq üçün etməli olduğu unutduğumuz digər işləri sosial şəbəkələrdəki şərhlərinizdə əlavə edə bilərsiniz.

 

Beləliklə, son Moskva Bəyannaməsi ətrafında bir sıra pulitoloqların yaratdığı hya-küydən belə çıxır ki, Putin hakimiyyəti sadaladığımız tədbirlərin hamısını görməsə də, yarısını görəcək.  Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının 5 illik müddətinin bitməsinədək yaşayarıq – görərik…

 

Sultan Laçın 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button