“İmzalanan Moskva Bəyannaməsi Ermənistanın maraqlarına ciddi zərbədir”

Azərbaycan qonşusu olan Rusiya ilə ikitərəfli münasibətləri daim inkişaf etdirməkdə maraqlı olub. Azərbaycan bütün qonşu və müttəfiqləri ilə bərabər hüquqlu və qarşılıqlı əlaqələrin qurulması üçün səylərini əsirgəməyib. Rusiya Xocalı və 20 Yanvar kimi faciələrin fonunda azərbaycanlıların yaddaşında heç də xoş izlər buraxmayıb və hər zaman şimal qonşumuzu xatırlayanda qəzəb və nifrət hakim kəsilib insanımızın düşüncələrində. Amma soyuq başla ətrafımızda, eləcə də dünyada baş verən prosesləri analiz edəndə fərqli mənzərə ortaya çıxır.

Azərbaycanın dövlət və milli maraqları, xüsusən də Vətən Müharibəsindən sonra yaranan yeni mövcud reallıqlar şəraitində, bu səylərin artırılmasını da labüd edirdi.  Moskvada imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” də bu baxımdan həm “Şuşa Bəyannaməsi”nin, həm də “Bakı Bəyannaməsi”nin məntiqi davamı kimi dəyərləndirilə bilər. 14 aya yaxın bir müddətdə hazırlanan və Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini nəzərdə tutan bu sənəd, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uzaqgörən və ardıcıl siyasətinin nəticəsidir. 44 günlük savaşda Azərbaycanı göylərə qaldıran Ali Baş Komandanın uzun müddət ərzində hazırlanan bu sənədi imzalamadan öncə dərindən analiz etdiyinə əminəm.  Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyində, suverenliyində, ərazi bütövlüyü məsələsində heç bir güzəşt etməyəcəyini dəfələrlə nümayiş etdirib.

Rusiya və Azərbaycan arasında rəsmi münasibətlər daim əməkdaşlıq, dostluq, mehriban qonşuluq, dərin mədəni və humanitar əlaqələrə əsaslanıb. İmzalan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” isə bu münasibətləri keyfiyyət və mahiyyət baxımından daha üstün-müttəfiqlik səviyyəsinə yüksəldib.

43 bənddən ibarət bu Bəyannamənin əsas istiqamətləri Rusiya Federasiyası və Azərbaycan Respublikasının münasibətlərini iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanır. Hər iki ölkə bu Bəyannamə ilə bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həllinə sadiq qalacaqları barədə öhdəlik götürüblər.

Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütdüyü də vurğulanır. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürüblər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almalıdır. Azərbaycan bu Bəyannaməyə qədər də Rusiya əleyhinə açıq fəaliyyət göstərən şəxslərin və təşkilatların Azərbaycan ərazisində olmamağına diqqət edibdir. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır ki, bu sahədə də Ermənistanın ləng davranışlarına qarşı Rusiya daha sərt və praktiki addımlar atmalıdır.

Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər.

Bəzi siyasi qruplar və ya ayrıca şəxslər bu müqavilənin mahiyyətini təhrif edir,  onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə və “Şuşa Bəyannaməsi”nə xələl gətirən addım olmasını iddia edirlər. Bu tam yanlış yanaşmadır. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” ilə Moskavda imzalan “Bəyannamə”nin müqayisəsi absurddur.  Bütün dünya bilir ki, Azərbaycanla Türkiyəni yalnlz imzalanan hansısa sənədlər toplusu deyil, bir millət iki dövlət dəyərləri birləşdirir. Rusiya ilə imzalanan sənədin hazırlanmasına uzun müddət sərf edildiyini və iki qardaş ölkə arasında münasibətlərin səviyyəsini nəzərə alsaq, Moskva sənədinin rəsmi Ankara ilə razılaşdırıldığına əmin ola bilərik.

Digər tərəfdən isə Rusiya-Azərbaycan əməkdaşlığı yeni məsələ deyil. Ən azından Rusiya bizim ən böyük silah tədarükçülərimizdən biridir. Rusiyadan idxal edilən bir çox silah, qurğu, texnika və komplekslər Silahlı Qüvvələrimiz tərəfindən həm Vətən Müharibəsində, həm də post müharibə dövründə uğurla istifadə edilir. Odur ki, regionda formalaşdırdığı yeni reallıqlar fonunda Rusiya ilə müttəfiqlik haqqında sənəd imzalaması tamamilə siyasi-hərbi maraqlarımıza uyğundur. Azərbaycan hazırda Türkiyə və Pakistandan başqa, qonşu ölkələrlə bərabər BMT, NATO, Qoşulmama Hərəkatı, TDT və İƏT ilə aktiv əməkdaşlıq edir. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Hazırda Azərbaycanın Aİ ilə müzakirələri aktivləşib və münasibətlərimiz tam yeni mərhələyə qədəm qoyur. Yaxın gələcəkdə Aİ və İtaliya ilə bənzər məzmunlu əməkdaşlığa dair sənədin imzalanacağı da gözlənilir. Əslində həm Qoşulmama Hərəkatında sədrlik etmək, həm də Türkiyə, Rusiya, Aİ ilə paralel şəkildə və yüksək səviyyədə əməkdaşlıq etmək ciddi diplomatik və siyasi bacarıq tələb edir. Qarabağdakı separatçı meyllərin azğınlaşması və bütün bunların Rusiya sülhməramlılarının gözləri önündə baş verməsi fonunda, imzalanan bu Bəyannamənin separatçı rejimin təxribatlarına son qoymaq, Paşinyan hökumətini sərhəddə atəşkəsi pozmaq əvəzinə, imzaladığı sənədlərdəki öhdəlikləri yerinə yetirməyə yönləndirmək istiqamətində atılan addımlara vadar etməlidir. Bu baxımdan imzalanan Bəyannamə Ermənistanın maraqlarına ciddi zərbə kimi dəyərləndirilməlidir.

 

Ülvi Quliyev, Milli Məclisin deputatı

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button