Paytaxtın “ağ ciyərlər”inə qənim kəsilənlərə haqq etdikləri cəza veriləcəkmi..?

Dünyanın və Azərbaycan gündəminin baş xəbəri təbii ki, Ukraynada baş verənlərdir və Rusiyanın 21-ci əsrdə beynəlxalq hüquqa və insanlıq adına nə varsa hamısına tüpürərək işğalçılıq həyata keçirməsidir.

 

Belə bir emosional və həssas dönəmdə ölkənin daxili həyatı ilə bağlı xəbərlərin nə dərəcədə diqqəti cəlb edib-etməyəcəyi mübahisə doğursa da nəzərə almalıyıq ki, həyat davam edir və Azərbaycan cəmiyyəti dünyadakı prosesləri dörd gözlə izləsə də ölkə daxilində baş verənlərdən də xəbərsiz qalmamalıdıər.

 

Bu baxımdan bir ay öncə paytaxtda yaşıllıqlara divan tutulması və sözün həqiqi mənasında baş verən ekoloji terrorla bağlı Baş Prokurorluğa Moderator.az rəhbərliyinin ünvanladığı məktubun taleyi ilə bağlı oxucularımızı məlumatlandırmağı özümüzə borc bilirik. Məsələ burasındadır ki, həmin məktub və məktuba əlavə edilmiş videomaterial elektron poçt və disklə birlikdə yazılı məktub formasında Baş Prokurorluğa çatdırılmışdı. Bir müddət sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyindən bizə müarciət edilərək həmin əraziyə birlikdə baxış keçirilməsi təklif edildi. Bildirdik ki, bir halda ki, məktubumuz nazirliyə yönləndirilib, o zaman görəcəyiniz tədbir barədə bizi məlumatlandırmağınız kifayət edəcək.

 

Biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışlarına və jurnalistlərə olan məxsusi diqqətinə arxalanaraq özümüzü onun köməkçiləri qismində görürük və ictimai nəzarətin həyata keçirilməsinə öz töhfəmizi verməyə çalışırıq. Biz gördüyümüz neqativləri qeydə alaraq müvafiq instansiyalara göndəririk, adekvat ölçü götürülüb-götürülməməsi bizim səlahiyyət həddimizdə deyil. İstənilən halda ümid edirik ki, ekologiyaya qənim kəsilənlərə haqq etdikləri cəza və tənbeh tədbirləri həyata keçiriləcək, bizim də bir media resursu olaraq bundan xəbərimiz olacaq…

 

Oxucuların diqqətinə həmin məktubu və videomaterialı təqdim edirik. Qeyd edək ki, video saytın Youtube səhifəsinə 1 ay öncə yerləşdirilsə də bloka qoymuşduq və rəsmi qurumların qərarını gözləyirdik. 

 

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə!

 

Çox hörmətli Kamran müəllim!

 

Müzəffər Ali Baş Komandan, hamımızın qürur və iftixar ünvanı olan prezident İlham Əliyevin yanvarın 12 – də ölkə telekanallarına müsahibəsində ictimai nəzarətin həyati əhəmiyyətini vurğulayarkən media mənsubları haqqında səsləndirdiyi qiymətli fikirlər və bir çox hallarda həqiqətləri məhz mətbuatdan öyrənərək dərhal reaksiya verilməsi üçün göstəriş verdiyini dilə gətirməsi bizləri çox məmnun etməklə yanaşı üzərimizə böyük öhdəliklər qoyub. Vaxtilə prezidentin səsləndirdiyi “jurnalistlər mənim köməkçilərimdir” fikirləri də Azərbaycan jurnalistlərinə verdiyi böyük önəmin əlaməti idi və buna görə hər bir media mənsubu ali rəhbərin bu çağırışına qoşularaq fəal vətəndaşlıq mövqeyi sərgiləməyi özünə borc bilib. 

 

Hörmətli Kamran müəllim!

 

Vaxtilə Ulu Öndər deyirdi ki, kim bir ağac kəsirsə elə bil mənim qollarımı kəsir və onun bu sözü təkcə milyonların qəlbində özünə yer tutmadı, ölkənin dörd bir yanında poster və plakatlarda sevilən şüara çevrildi. Pandemiyanın gətirdiyi ictimai təngnəfəslik fonunda şəhərimizin ağ ciyərləri hesab olunan yaşıllıqların qorunması ikiqat önəm kəsb etdi. Belə bir şəraitdə şəhərin mərkəzində ekoloji terror törədilməsinə biganə qalmaq bu cinayətə ortaq olmaq anlamına gələ bilər. Bu səbəbdən də ölkənin ən nüfuzlu media təsisatlarından biri hesab olunan Moderator.az İnformasiya Agentliyi əməkdaşının rastlaşdığı bu qanunsuzluğu ictimailəşdirməzdən öncə həmin videogörüntünün prokurorluq orqanlarına göndərilməsini məqsədəmüvafiq hesab edirəm və öncədən göstərəcəyiniz operativ reaksiya üçün sizə təşəkkürümü bildirirəm.

 

Belə ki, paytaxtın Nərimanov rayonunda, Azərbaycan Voleybol Federasiyasına gedən yolun kənarında, Əcəmi Naxçıvani küçəsində onlarla irigövdəli şam ağaclarının qəsdən qurudulması heç də təsadüf hesab olunmamalı, ən adi gözlə həmin ağacların bilərkədən kəsilərək ərazidən kənarlaşdırılmasına hazırlıq görüldüyü açıqca görsənir. Görünür, ekoloji terrorçular həmin ərazidə hansısa tikinti aparılmasına hazırlıq işləri üçün ilk növbədə yaşıllıqlara divan tutmağa başlayıblar. Ona görə də prokurorluq orqanlarının əraziyə baxış keçirərərək müvafiq ölçü götürmələri məqsədəmüvafiq olardı. Ümid edirəm ki, prokurorluq orqanları ilə medianın səmərəli əməkdaşlığı həm də prezident İlham Əliyevin son çağırışına birlikdə verəcəyimiz böyük töhfə olacaq. Öncədən minnətdarlığımı bildirirəm. 

 

 

Hörmətlə, Zülfüqar Hüseynzadə,

Moderator.az İnformasiya Agentliyinin rəhbəri

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button