“Sən necə xanımsan ki, mətbəxlə aran yoxdur? Ən çox da Firuzə xanım mənə sifariş verir…”

“Mən pandemiyadan çox-çox öncə şirniyyatlar hazırlayırdım. Təxminən 2008-ci ildən. Öz yaxınlarım, dostlarım üçün hansısa xoş günlərində şirniyyat, tort hazırlayıb, hədiyyə olaraq aparırdım. Sonra gördüm ki, bu işi bacarıramsa niyə də ondan pul qazanmayım? Pandemiya düşəndən mən təkcə şirniyyat yox, həm də polofabrikat yeməklər etməyə başlamışam. Kiyev kotleti, xəmir yeməklər, və s. Sifarişçilər də mənim tanıdığım insanlar, rəfiqələrim, sənət dostlarımdır. Ən çox mənə sifariş verən müğənni Firuzə İbadovadır. Tez-tez onun üçün gürzə, düşbərə, tort hazırlayıram. Bilirəm ki, bayram öncəsi sifarişlərim artacaq”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevda Əliqızı deyib. O daha sonra əlavə edib.

“Mənə elə gəlir ki, burada heç bir ayıb iş yoxdur. Ən əsası da odur ki, mən sənətimdən vaxt tapıram və hər şeyi çatdırıram. Bütün bunların hamısını özüm təkbaşına edirəm. Heç bir köməkçim yoxdur. Ara-sıra nəvəm düşbərə bükməyə köməyə  gəlir. Bu günlərdə “Bizimləsən” verilişində qonaq oldum, orda da bu haqda məlumat verildi. Verilişindən sonra bir neçə insan mənə yazdı ki, Sevda xanım biz sizə sifariş etmək istəyirik. Yavaş-yavaş sifarişçilərimin sayı da artır” deyə müğənni bildirib.

 

“Sevda Əliqızı bununla özünü gündəmə gətirir” deyənlərə isə müğənninin cavabı belə olub.

 

“Heç vaxt bu işimlə özümü gündəmə gətirmək fikrim olmayıb, olmaz da. Bilirsiniz niyə? Çünki mənim mətbəximə böyük sevgim var. 7 yaşımda birinci dəfə plov hazırlamışam. Uşaqlıqdan biş-düşə həvəsliyəm. Qadın evinin həm xanımı olmalıdır, həm də nökəri. Bizim sənət aləmində elə xanımlar var ki, soruşursan ki, filan yeməyi hazırlaya bilirsən? Deyir ki, aa yox, mənim mətbəxlə aram yoxdur. Sən necə xanımsan ki, mətbəxlə aran yoxdur?! İndiki kişilərin çoxu mətbəxdə elə gözəl yeməklər hazırlayırlar ki. Nəvəm Hüseynin 12 yaşı var. Bir yeməklər hazırlayır ki, gəl görəsən. Deyirəm ki, yəqin bu da məndən ona keçib. Oxumaqdan çox mətbəxdə vaxt keçirməkdən zövq alıram. Biş-düşlə gündəmə gəlmək istəsəydim çoxdan mən instaqram səhifəmdə özümü reklam edərdim” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button