“Ümidlə yaşayırdıq ki, atam şəhid olsa da anam əsirlikdədir, fotodan anamın da öldüyün gördük”

“Atam həmişə bizim qohumlara, anasına, atasına, qardaşına tapşırırdı ki, çalışın heç vaxt erməniyə əsir düşməyin. Nə olursa-olsun son gülləni özünüz üçün saxlayın. Çünki atam özü də elə etmişdi. O mühasirədə olarkən qeyri-bərabər döyüşdə son gülləsinə qədər vuruşub. Daha sonra ermənilər ona deyib ki, təslim ol, biz səni əsirlərlə dəyişəcəyik. Amma atam bilirdi ki, onu diri ələ keçirib, başına olmayan işgəncələr gətirəcəkdilər. Ona görə də o sonuncu əl qumbarasını partladıb özünü şəhid etmişdi, ətrafındakı onlarla erməni də məhv olmuşdu”.

 

Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov bildirib. O daha sonra atasının döyüş yolundan danışıb.

“Xocalı soyqrımı baş verəndə mənim 8 yaşım var idi. Bu faciə zamanı hər iki valideynimi, 49-a yaxın qohumumu itirmişəm. Atam o vaxt Xocalı rayon orta məktəbində hərbi hazırlıq müəllimi çalışırdı. Mən xatırlayıram ki, o vaxtkı polis gəlib Xocalı sakinlərinin əlindən silahları alırdı. Artıq əldə ov silahı da qalmamışdı. Hər hansı hücum olarsa dərhal qarşısı alınsın deyə məhəllə-məhəllə postlar qurulurdu. Həmin o postlardan biri də bizim evin qarşısında idi. Biz uşaq idik, görürdük ki, orada tonqal qalayırdılar, səhərə kimi yatmayıb, keşik çəkirlər. O vaxt Xocalının gəncləri qərara gəlmişdilər ki, özünümüdafiə dəstəsi yaratsınlar. Mənim atam Tofiq Hüseynovu Xocalı özünümüdafiə dəstəsinin komandiri təyin etmişdilər. Bir sözlə Xocalının igid oğlanları toplaşıb doğma vətənlərini müdafiə edirdilər. Artıq Xocalı 4 bir tərəfdən müsahirəyə alınmış, hava və maşın yolu da bağlanmışdı. Yol olmadığına, vertolyot da vurulduğuna görə məcbur olurdular ki, mənim atam və atamın dəstəsində olan insanlar ermənilərin içərisindən meşə ilə keçib, patron alırdılar ya hardansa avtomat tapıb Xocalıya gətirirdilər. Belə-belə bir az əldə silah toplamışdılar. Atama “Mixaylo” ləqəbi verilmişdi. Biz də uşaq idik, gecələr kiminsə zirzəmisinə dolurduq, səhərə kimi qalırdıq orada, ermənilər də Xocalını ağır texnikalardan atəşə tuturdular. Sonra atam öz dəstəsi ilə ermənilərin bir neçə hərbi istehkamını, fermasını darmadağın etdi. Hətta bir neçə əsir də götürmüşdülər. Onlar tək Xocalını müdafiə etmirdilər, bir neçə Xocalı kəndlərini da mühafizə edib, erməni hücumunun qarşısını alırdılar” deyə Milli Qəhrəmanın övladı bildirib. Murad Hüseynov deyir ki, atasını itirəndən sonra anasının yaşadığına ümid edib.

“Biz elə bilirdik ki, anam, nənəm, əmim erməni əsirliyindədir. Ümidlə yaşayırdıq ki, atam şəhid olsa da anam əsirlikdədir. Bir neçə il əvvəl sosial şəbəkədə biz anamızın bir fotoşəkilini gördük. Mən baxıram anamın, xalamın, xalamın iki övladı Çingiz və Çinarənin meyiti ordadır. Ermənilər meyitlərin üstündən keçib Xocalını qarət edirdilər. Bir tək atamın məzarı var. 44 günlük müharibədə rəşadətli Azərbaycan ordusu Xocalının qisasını aldı, artıq Qarabağda şəhid olanların ruhu şaddır” deyə Murad Hüseynov bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button