“Xocalı qatilinin dostu “səmimi” “müttəfiq”liyini Ukraynada da təsdiqlədi…”

Hakimiyyətdə olduğu dövrdə  40 minə yaxın Rusiya kəndinin yox olmasına göz yuman imperator üçün yüz Xocalı boyda şəhərin, lap bütöv Azərbaycanın, Ukraynanın yer üzündən silinməsi fərq etməz…

 

Xocalı soyqırımının 30-cu ildönümünü də yaşadıq. Hələlik yenə də Xocalısız… Gücümüz yalnız Ağdamın kəndlərindən Xocalı şəhəri istiqamətinə azan səsi yaymağa çatdı… Buna da şükür… İnşallah, Allaha səcdə etməyə çağıran həmin səda Xocalı şəhərinin özündə də səslənər… Allah  Xocalıda, ümumiyyətlə, Qarabağ uğrunda  bütün savaşlardakı şəhidlərimizə rəhmət eləsin!..  

 

*** ***

 

On illərdir  “Xocalıya ədalət!” deyirik… Fəqət, özümüz özümüzə qarşı ədalətliyikmi? Özümüz daim zülmün yox, ədalətin, zalımın yox, məzlumun, yəni zülmə məruz qalanın yanında oluruqmu?.. Yoxsa yalnız nəfsimizin, vəzifə, var-dövlət tamahımızın arınca gedirik?..

 

*** ***

 

Fəal oxucularımızın yadında olar; bir neçə gün öncə “Putin nələri etməlidir ki, Azərbaycan xalqı onun səmimi müttəfiqliyinə inansın?..” başlıqlı yazı təqdim etmişdik. Yazının başlığından belə anlaşılmamalıdır ki, bu sətirlərin müəllifi müttəfiqlik haqda  məşhur(!)  Moskva bəyannaməsindən sonra Rusiyanın hazırkı liderinin Azərbaycan xalqına qarşı səmimi olacağına inanır. Xeyr, həmin materialda da qeyd etmişik ki, buna yalnız sadəlöhvlər və ya özlərini bilərəkdən aldadanlar inana bilər… O yazıda biz, sadəcə, onun səmimiliyinə gerçəkdən əmin olmamız üçün Putinin Azərbaycanla, xüsusən Qarabağ və Ermənistanla bağlı siyasətində nələri etməli olduğunu xatırlatmışıq… Təəssüf ki, əksəriyyəti ruslarla eyniköklü slavyan ukrayınlardan ibarət olan Ukrayna xalqına(!) qarşı genişmiqyaslı hücuma başlayandan sonra faktiki Rusiyanın imperatoru statusunda olan bu şəxsdən səmimilik gözləməyin yersizliyi bir daha isbat olundu…

 

Əvvəla, Vladimir Putin heç öz mənsub olduğu rus millətinə qarşı səmimi deyil. Sadəcə, onun saxta “milli dəyərlər”, “vətənpərvərlik” təbliğatı rusların kütlə şüuru ilə yaşayan xeyli hissəsini hipnoz edə bilib. Əksəriyyət isə hələlik ölkədəki dəhşətli “FSB”-polis rejimi ucbatından etirazlarını əyani şəkildə ifadə edə bilmir. Putini dəstəkləyənlər isə əksərən onun qurduğu “KQB”-korrupsiya şəbəkəsi hesabına vəzifə, mülk, para sahibi olanlar və sadəcə, fitrətən kölə xislətli insanlardır.  Qeyd edək ki, məhz “KQB”-korrupsiya rejiminin başında durması və artıq  ən azı, Rusiyanın ən görməli bir sıra məkanlarındakı nəhəng saraylarının mövcudluğunun faktlarla təsdiqi və s.  onun öz xalqına, millətinə qarşı heç bir sevgisinin olmadığını sübut edir…  

 

Yeri gəlmişkən, 20-30 ildir əksər keçmiş sovet ölkələrində kök salmış “KQB”-korrupsiya şəbəkələrini də elə Putin həzrətləri özü idarə edir və onlardan karlı hesab da alır… Və bu gün ölkənin mərkəzi və bir neçə iri şəhəri istisna olmaqla bütövlükdə ruslar özləri çox ağır iqtisadi-sosial durumda yaşayır.  Putinin hakimiyyətdə olduğu 20  ildən çox müddətdə  Rusiyada bəzi məlumatlara görə 40 minə yaxın kənd yox olub… Niyə? İnsanların yaşayışı üçün qəsdən şərait yaradılmamasına görə…  Ölkənin neftindən, qazından, uranından, almazından və s. əldə olunan gəlirlərin 90 faizinin diktator başda olmaqla   5-10 məmur və biznesmen oliqarxların əlində olması səbəbindən… Bu da soyqırımın başqa, sürünən bir növüdür… Hər bir millətin özəyi, soykökü  kəndlərdən başlayır. Kəndlərin məhvi, millətin məhvi deməkdir… Odur ki, 40 minə yaxın Rusiya kəndinin yox olmasına göz yuman Putinin yüz Xocalı boyda şəhərin, lap bütöv Azərbaycanın yer üzündən silinməsi fərq etməz…

 

*** ***

 

Ukraynaya hücumu ilə də bu imperator digər xalq və millətlərə göstərdi ki,  görün, öz milliyyətim – ruslarla eyniköklü olan slavyan ukrayınlara qarşı belə rəftar etdiyim halda  başqa millətlərə, xalqlara qarşı necə davrana bilərəm… Yəni Putin üçün səmimiyyət, ədalət anlayışı yoxdur… Onda ədalət anlayışı olsaydı, Robert Köçəryanın Xocalı soyqırımının əsas təşkilatçı və icraçılarından olduğunu bilə-bilə onunla dostluq edər, qarşı-qarşıya oturub gülə-gülə pivə içərdimi? Əslində o, heç Köçəryana da qarşı səmimi deyil. Onları birləşdirən əsas məsələ hər ikisinin keçmiş SSRİ-dən qalma “KQB” inventarı olması və siyasi, həm də iqtisadi fəaliyyətlərini buna uyğun qurmalarıdır… Elə Azərbaycandakı “KQB” inventarlarıyla da hər ikisi dost olub və dostdurlar… Biz də Putindən müttəfiqlikdə, ittifaqda ədalət, səmimilik umuruq… Söhbət rus xalqından getmir, çünki son yüzilliklərdə, demək olar ki, heç bir hakimiyyət başçısı bu xalqa da qarşı səmimi, ədalətli olmayıb… Bu gün rusların da böyük əksəriyyəti  Ukrayna ilə, heç bir ölkə ilə savaş istəmir, sadəcə, dediyim kimi, “FSB”-polis rejimindən qorxurlar… Amma  Gülüstandan, Türkmənçaydan bəri bu imperiya rəhbərliklərinin Azərbaycanın xanları, bəyləri, I katibləri, prezidentləri ilə ittifaqlarının nəticəsini yaxşı görmüşük… Keçmiş Sovet İttifaqın etibarını 20 Yanvarda da gördük… Elə Xocalını da törədən onun tör-töküntüləri deyildimi? İndi də yeni  Xocalı qatilinin dostu olan yeni “səmimi”, “ədalətli” müttəfiqimizin “etibarı”nı, “səmimiyyəti”ni Ukraynada da gördük. Elə Xocalı soyqırımı günündə bir Azərbaycan ailəsi də onun əmri ilə davranan ordunun atdığı mərminin qurbanı oldu… Hələ belə getsə, ukrayın və s. ilə bərabər yüz minlərlə soydaşımızın da həyatı təhlükədədir…

 

Allah zalım çarın başının elə Rusiya xalqının özü tərəfindən əzilməsinə şərait yaratsın!..

 

Sultan Laçın    

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button