“Deyirdilər ki, eşitmişik Əhmədlə aranızda sevgi yaşanıb, bir-birinizi sevirsiniz?”

“Əhməd Salahovla biz universitetdə eyni illərdə oxumuşuq. O məndən 1 kurs aşağı oxuyurdu. Bizim də “Sən həmişə mənimləsən” televiziya tamaşasında 3 il idi ki, məşqlərimiz davam edirdi. Yadıma gəlir ki, rejissor Gülcahan xanım dedi ki, çəkilişə bir tələbə oğlan lazımdır. Mənim də ilk ağlıma gələn Əhməd Salahov oldu. Çünki Əhməd o vaxtlar institumuzun ən yaraşıqlı tələbəsi idi. Sanki bir Alen Delon idi. Hələ də yaraşıqlı siması üz cizgilərində və gözlərində qalıb. Mən Gülcahan xanıma dedim ki, bizim institumuzda Alen Delona bənzəyən bir aktyor var. Beləliklə Əhmədi çəkilişə dəvət etdilər. Gülcahan xanım gördüyü ilk gündən Əhmədi qəbul etdi və hər zaman da deyirdi ki, heyf bu əsərdə oğlanın heç bir sözü yoxdur. Ekrana yaraşan siması var, o danışmasa belə siması, gözləri çox söz söyləyir”.

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, tanınmış aktrisa Məlahət Abbasova sənət dostu, tərəf müqabili Əhməd Salahov haqda danışarkən bildirib. O daha sonra əlavə edib.

“Demək olar ki, Əhməd “Sən həmişə mənimləsən” tamaşasında kiçik rolda oynayırdı, amma baxışları ilə, göz yaşları ilə həmin kiçik rolu elə oynayırdı ki, inanın baş rollar qədər öz rolunu gözəl ifa etmiş oldu və insanların, əsasən də qızların yaddaşında iz qoydu. Yadınızdadırsa, ekran işində belə bir səhnə var. Həsənzadə gedəndən sonra gənc oğlan Nargilənin arxasınca baxır, ona üzülür və gözündən yaş gəlir. Yadıma gəlir ki, rejissor Gülcahan xanım ona belə bir mizan verməmişdi. Hava çox soyuq idi, mən də monitorun başında idim. Onu Əhməd özü elə oynamışdı və Gülcahan xanıma demişdi ki, mən sadəcə belə hiss etdim. Televiziya rejissorları Gülcahan xanım da, Tariyel Vəliyev də aktyoru sərbəst buraxırdılar ki, nə hiss edirsə onu da oynasın” deyə aktrisa bildirib.

 

Sənətçi bildirib ki, “Sən həmişə mənimləsən” televiziya tamaşasından sonra hamı onun Əhməd Salahovla aralarında böyük sevgi yaşandığını zənn edib.

“Bəzən tərəf müqabillərini tamaşaçılar bir-birlərinə çox yaraşdırırlar. O vaxtları məndən də, ətrafımdan da, sinif yoldaşlarımdan da soruşurdular ki, eşitmişik səninlə Əhmədin arasında sevgi münasibəti var, bir-birinizi sevirsiniz. Dedim ki, xeyr, yalandır. Əhmədlə bizim aramızda dostluqdan başqa heç bir münasibət olmayıb. Əhmədin inanılmaz dərəcədə çox sevənləri var idi, qısqanılan bir insan idi. Yadıma gəlir ki, Əhməd elə birinci həyat yoldaşını da öz qadın pərəstişkarları içərisindən seçmişdi. Əhmədin üzündə hər aktyorda olmayan bir işıq var. Tamaşaçı bəzən qəhrəmanları bir-birinə yaraşdırır. Əslində məni Həsənzadəyə də yaraşdırırdılar, amma Həsənzadənin yaşı çox olduğuna görə bir az da yaraşdırmaqdan boyun qaçırırdılar. Çünki bu platonik sevgi idi. Bu sənət insanları vaxtında çox işlərə imza atan korifeylərimizdir. Uzun illər sonra mən Əhmədlə müəllifi olduğum “Məlahətli söhbətlər” verilişimdə görüşdüm.

Bu həqiqətən də mənim üçün çox sevindirici bir hal idi. Həyat bizi xaricən dəyişdirsə də, Əhmədin üzündəki o işıq, nur yenə mənə 1987-ci illəri xatırlatdı. Yenə oturub danışıb, söhbətləşdik. “Sən həmişə mənimləsən” tamaşası ilə mən sənətə gəldim, böyük uğurlar əldə etdim. Harda oluramsa olum, nə o yaradıcı heyəti, nə də aktyorları unuda bilmirəm. Çox istərdim ki, sənətkarlarımızdan filmlərdə istifadə olunsun. Çünki onlar vaxtilə çox işlərə imza atıblar. Bəzən verilişimə aktyorları çağıranda soruşurdum ki, bir iş görürsünüz? Deyirdilər ki, xeyr, heç kim bizi çəkilişlərə dəvət etmir. Mən onların bu sözünə çox üzülürdüm. Əslində bu dəyərlərə, sənət insanlarına sahib çıxmaq lazımdır. Əhməd bir səssiz rolu ilə bütün Azərbaycanın sevimlisi oldu. Onun bu dəqiqə boş vaxtı olmalı deyil. O həqiqətən də Azərbaycan üçün bir dəyərdir” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button