“Heç vaxt ağlamayan anam Şuşanın işğalı günü hönkürtü ilə göz yaşı tökmüşdü”

“Bir erməni onların qızıllarını alıb, yarıyolda buraxmışdı”

“1922-ci ildə anamın 3 yaşı olanda nənəm 3 uşaqla Şuşadan qaçqın düşmüşdü. İrana getməli idilər, nənəmin orada bacısı yaşayırdı. 3 uşaqla nənəmi atla Arazdan keçirməli idilər. Nənəm də nə qır-qızılı varsa oğlunun bələyinə bağlamışdı. Bir erməni onların qızıllarını da alıb, yarıyolda qoymuşdu. Birtəhər nənəm gəlib Gəncəyə çıxmışdı. Babam o zaman xaricdə idi. Babamın Şəkinski soyadını təkcə anam götürüb. Xalam, dayım isə anamın Hacıyev soyadını daşıyırlar. Anam böyük qız olduğuna görə çox əziyyət çəkib. 15-16 yaşından çalışıb, anasına köməklik edib”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva bildirib. O daha sonra əlavə edib.

 

“Şuşa anamın, qardaşım Elçinin ən böyük arzusu idi. Düşünürəm ki, indi anamın ruhu çox şaddır. Anam hər yay Şuşada, Kəlbəcərdə dincəlirdi. Anamın heç vaxt göz yaşını, ağlamağını görməmişik, amma Şuşa işğal olunanda hönkürtü ilə ağlayırdı. Çox məyusam ki, bu günləri nə anam, nə də ki, qardaşım gördü. İbrahimxəlil xan anamın ulu babası, Xan qızı Natavan, Gövhər ağa yaxın qohumu idi. Orada bu nəslin böyük mülkləri var. Çox təəssüf ki, mən bu yaşda Şuşaya gedə bilmirəm, amma qızım Afət gedəcək. Allah şəhidlərin ruhunu şad etsin. Cənab prezidentimiz və Mehriban xanım zəfər günündə əllərində şəhid şəkilləri olan lövhə daşıyırdılar. İnanın Allaha həmin görüntüləri görəndə mən özümə gələ bilmirdim. Bütün ağır dərdlərimi unudurdum və təsəllim yerim olurdu. Mən bilirəm övlad itirmək nədir, Allah şəhid analarına səbr versin” deyə Solmaz Həmzəyeva bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button