“İcra başçılarının eyni rayonda vəzifədə olma müddəti üç ildən artıq olmamalıdır…”

“Kadr dəyişiklikləri ölkə başçısı tərəfindən mütəmadi olaraq həyata keçirilir. Bu, istər yerli, istər mərkəzi İcra Hakimiyyətləriylə bağlı zaman-zaman baş verən təbii bir prosesdir. Yerli İcra Hakimiyyətində çalışan şəxslərin dəyişdirilməsi idarəetmədə yaxşı yanaşmalardan biri kimi tətbiq olunur”

 

Bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun  prezidenti Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev təyin olunan hər bir icra başçısının bir rayonda üç ildən artıq qalmamasını təklif edib:

 

“Hesab edirəm ki, ümumiyyətlə, yerli icra başçılarının eyni rayonda vəzifədə olma müddəti üç ildən artıq olmamalıdır. Çünki üç ildən artıq vəzifədə olanda istər-istəməz orda xoşagəlməz proseslərin olmasına əsas ola bilər. Təbii ki, daha yaxşısını müvafiq strukturlar bilirlər və onlar tətbiq edirlər. Amma düşünürəm ki, yerli İcra Hakimiyyəti institutu tamam reformaya məruz qalmalıdır, bu institutun ləğv edilməsinə və başqa bir formada yaradılmasına ehtiyac var. Xüsusən də regional səviyyəyə qaldırılması daha rasional yanaşmalardan biri kimi ola bilər. Ölkə başçısı tərəfindən səlahiyyətli nümayəndə institutunun tətbiqi baş verib və ilk baxışdan da görünür ki, bu səmərəli bir instituta da çevrilməkdədir. İstər Qarabağ, istərsə də Şuşa üzrə səlahiyyətli nümayəndənin fəaliyyəti çox yüksək qiymətləndirilir. Gələcəkdə isə bunun bütün ölkə üzrə tətbiqi baş verə bilər. Amma bu zamana bağlı olan məsələdir. Bunun müvafiq qaydada artıq tətbiqi prosesi praktikada zərurəti və eyni zamanda səmərəliliyi istər-istəməz uyğun dəyişikliklərin baş verməsini gücləndirəcəkdir”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button