“Putinin nüvə təhlükəsi kartı öz qapısına vurulan qola bənzəyir”

Vladimir Putinin “soyuq müharibə”nin bitməsindən və Ukraynaya kütləvi surətdə müdaxiləsindən bir həftədən də az sonra nüvə təhlükəsi kartını oynaması ciddi diqqət tələb edir.

Demək olar ki, bu, “öz qapısına vurulan qol”a bənzəyir.

Konvension silah nöqteyi-nəzərdən Rusiya Ukraynaya nisbətən böyük üstünlüyə malikdir.

Putinin “strateji çəkindirmə qüvvələri” ilə təhdid etməsi onun ümidsizliyindən xəbər verir.

Hər şeydən öncə bu, onu sübut edir ki, hərbi müdaxilədə iştirak edən qoşunlar əhəmiyyətli uğur qazana bilməyib. Onların təcrübəsi və ruh yüksəkliyi kifayət deyil.

Ukrayna əsirliyinə düşən Rusiya əsgərləri danışıb ki, onlar qarşıdakı əməliyyatdan xəbərsiz olub. Onlar elə düşünüb ki, təlimə gedirlər, heç demə bir neçə saata düşmənə qalib gəlməli olduqları döyüşə atıblar.

Onların ağır vəziyyəti ölkənin bir neçə şəhərində etiraz nümayişlərini təşkil edə bilən Rusiya müxalifətçilərinin mövqeyini möhkəmləndirir. Bu nümayişlər bir neçə min iştirakçının həbsi ilə başa çatıb. Eyni zamanda Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyaların təsirindən kəskin surətdə geriləyib. Bu da Putinə daxildə müqaviməti gücləndirir.

Moskva beynəlxalq aləmdən təcrid edilib, onun tərəfdarlarının sayı son dərəcə məhdudlaşıb.

BMT Təhlükəsizlik Şurasının on beş üzvündən on biri ABŞ-ın təklif etdiyi və Rusiyanı pisləyən qətnaməni dəstəkləyib. Bitərəf qalanlar arasında Kremlin ən yaxın və ən güclü müttəfiqi Çini xüsusi qeyd etmək lazımdır. Çinlilər xəbər verib ki, Si Tszinpin Putinə Ukrayna ilə danışıqlara getməyi təklif edib. Bu məsləhəti Putin elə həmin gün rədd edib və alçaldıcı ritorikadan istifadə edib.

Putin bu münaqişəyə tarixi don geyindirmək istəyir. Həqiqətən də uzun illər Rusiya və Ukrayna vahid dövlət çərçivəsində mövcud olub. SSRİ-nin son lideri Mixail Qorbaçovun valideynləri Ukrayna kökənli ruslar olub. Karib böhranı zamanı ABŞ prezidenti C. Kennedi ilə qarşıdurmada olan Nikita Xruşşov Donbasda doğulub. Lakin Putin anlamır ki, beynəlxalq birlik Ukraynanı müstəqil dövlət kimi öz sıralarına qəbul etdikdən sonra tarixin təkərlərini geriyə döndərmək mümkün deyil.

Nüvə qarşıdurmasına eyhamın özü 1962-ci ildə SSRİ-nin Kubada ABŞ-ın şərq sahillərində istənilən nöqtəni vura biləcək nüvə başlıqlı raketləri yerləşdirməyə başladığı zaman yaranan Karib böhranını xatırladır. On üç əzablı günlərdən sonra Ağ evdə problemin həllini tapdılar. Ola bilsin ki, bu təcrübə bizim günlərdə də nüvə fəlakətindən yaxa qurtarmağa kömək edəcək.

Təsadüfən Karib böhranının qızışdığı zaman mənim yaxın qohumum İsayya Berlin ABŞ-da şəxsi səfərdə olub. O, ikinci dünya savaşında Uinston Çörçillin Moskvada və Vaşinqtonda şəxsi nümayəndəsi olub və hər iki paytaxtda yüksək qiymətləndirilib.

O gərgin payız günlərində bir axşam İsayya gecəyə dəvət edilib. Qəflətən gecənin keçirildiyi zalın qapıları açılıb və prezident Kennedi içəriyə daxil olub. O, İsayyanın zalda olub-olmamasını soruşub. Bundan sonra Kennedi ona yaxınlaşaraq əllərini sıxıb və çıxıb gedib.

Ertəsi gün İsaaya və həyat yoldaşı Ağ evə qeyri-rəsmi nahara dəvət edilib. Kennedi qonağa sadə olmayan sual verib: “Mən Rusiya liderinə öz evindəki silahdaşlarına nədən “təslim olduqlarını” və bizim sahillərimizdən nüvə təhlükəsini uzaqlaşdırdıqlarını izah edə bilməsi üçün nə təklif etməliyəm?”

Bundan bir müddət sonra sovet təyyarələri və raket qurğuları Kubadan çıxarılıb. Bir neçə ay keçdikdən sonra isə ABŞ Türkiyədən Sovet İttifaqının özünə bilavasitə təhlükə hesab etdiyi öz “Yupiter” raket qurğularını çıxarıb.

Bu günə dönərək demək olar ki, Ağ ev qarşısında oxşar dilemma var: cəsur, günahsız və qan içində olan Ukrayna vətəndaşlarına necə dəstək olmaq, eyni zamanda, Putinə “ağacdan düşməyə” və öz simasını saxlamağa, beləliklə də öz tərəfdarlarına hansısa hədiyyə etməyə imkan vermək…

Putinin nüfuzuna həm beynəlxalq aləmdə, həm də ölkə daxilində ciddi zərər dəyib, bunun bərpasına illər lazım olacaq. Atəşin dayandırılması düzgün atıla biləcək addım ola bilərdi, lakin bu addım ABŞ və Rusiya arasında uzunmüddətli razılaşmanın konturlarını işləyib hazırlamaqla müşayiət edilməlidir.

Putin bu savaşı Çeçenistandakı kimi apara bilməz, Bayden isə vəziyyətin birdəfəlik nəzarətdən çıxmasına imkan verə bilməz.

Efraim Halevi, “HaArets”, İsrail

Müəllif İsrailin “Mossad” təşkilatında 40 il ərzində xidmətdə olub və 1998-2002-ci illərdə ona başçılıq edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button