“Rusiya BMT TŞ-dan  kənarlaşdırıla bilərmi?..” – Tofiq Zülfüqarov cavab verir

“Amma 1939-cu ildə Finlandiyaya təcavüzündən sonra  SSRİ həmin təşkilatdan çıxarıldı…”

 

Ukraynaya açıq-açığına təcavüz edən, onun vətəndaşlarına qarşı faktiki terror və soyqırımı həyata keçirən Rusiya dövləti BMT Təhlükəsizlik Şurasının üzvüdür.  Həmin qurum isə BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan daimi fəaliyyət göstərən ali orqanıdır. Lakin xüsusən XXI əsrin əvvəllərindən bəri bəllidir ki, həmin ali orqanın üzvləri olan ilk növbədə ABŞ və Rusiya özləri planetdə beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdidlər yaradır. 2000-ci illərin əvvəlində və sonra ABŞ müxtəlif əsassız bəhanələrlə Əfqanıstan, İraq, Suriyanı və s. faktiki işğal etdi. 2014-cü ildən başlayaraq isə Rusiya müxtəlif bəhanələrlə Ukraynaya qarşı təcavüzlə məşğuldur. Krım faktiki dinc yolla ilhaq olunub. İndi isə genişmiqyaslı hərbi əməliyyatla bütöv Ukraynanın işğalına başlanıb. Yəni keçmişdə ABŞ, indi isə Rusiya özü TŞ üzvü olaraq BMT Nizamnaməsini pozub başqa bir ölkənin işğalına başlayıb. Bəs TŞ-nın belə üzvü, indiki halda Rusiya həmin qurumdan niyə kənarlaşdırılmır?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:  

 

“Hazırda Rusiyanın BMT TŞ-dan kənarlaşdırılması  mümkün deyil. Problem ondadır ki, xeyli müddətdir, BMT-nin reforması deyilən  bir proses çərçivəsində Təhlükəsizlik Şurasının sayı və funksiyaları barəsində fikirlər səslənməkdədir.  Amma həmin  islahatlar hansı şəkildə baş verəcək? Yəni onların nəhayətdə qəbul olunması da, hesab edirəm ki, məhz TŞ tərəfindən təsdiq olunmalıdır. Bu baxımdan, doğrusu, indiki mərhələdə BMT Nizamnaməsini pozan, planetdə təhlükəsizliyə ciddi təhlükə yaradan ölkənin, məsələn, indi Rusiyanın BMT TŞ-dan kənarlaşdırılma mexanizmlərini görmürəm. Hər halda bu, mənə məlum deyil. Amma II Dünya savaşından əvvəl oxşar bir təcrübə olmuşdu.  I Dünya  müharibəsindən sonra bir növ indiki BMT-nin funksiyalarını ilkin formada icra etməyə çalışan Birləşmiş Millətlər Liqası yarandı. Rusiya və ardınca SSRİ  həmin quruma üzv oldu. Və bilirsiz ki, 1939-cu ildə Finlandiyaya təcavüzündən sonra  SSRİ həmin təşkilatdan çıxarıldı. Sonra isə 1945-ci ildə BMT yarandıqda bu qurumun Təhlükəsizlik Şurasının üzvü oldu… 

 

Indi isə hələlik  BMT-də islahatlar gündəmdədir. Bildiyiniz kimi,  BMT Baş Assambleyasının sessiyasında Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı qətnamə layihəsi  müzakirə olunur. Həmin qətnamə 80-dən çox dövlət tərəfindən irəli sürülüb. Bu o deməkdir ki, artıq xeyli dəstək alıb və onun qəbul olunması gözlənilir. Ancaq bu sənədin mahiyyəti xeyli fərqlidir. Çünki BMT TŞ icra orqanıdır, amma Baş Assambleya parlament tipli bir orqandır.  Orada  heç bir üzv ölkədə veto hüququ olmur.  Sadə texniki səsvermə ilə bu və ya digər qətnamə qəbul oluna bilər. Həm də BMT TŞ-nin qətnaməsindən fərqli olaraq bu qətnamə  tövsiyə xarakterli olur. Halbuki, TŞ qətnaməsi imperativ xarakter daşıyır. Yəni mütləq icra olunmalıdır. Amma biz də Qarabağ təcrübəsindən yaxşı bilirik ki, heç TŞ qətnamələri də çox vaxt icra olunmur.  Bir sözlə, bütün bunlar sadəcə olaraq Qərb və Rusiya arasında siyasi qarşıdurmanın bir formasıdır…”

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button