ya bu rejimə son qoyacaq inqilab, ya da ölkənin dağılması…”

“Mən sizə “bağışlayın” deməkdən savayı nə deyəcəyimi bilmirəm”Xodorkovski ukraynalılara müraciət edərkən göz yaşlarını saxlaya bilmədi…

Hansı sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharizəsini dayandıra bilər? Rusiyalılar müharibə əleyhinə kütləvi etiraz aksiyalarına çıxacaqmı? Nədən Xarkov şəhəri Rusiya prezidentində bu qədər nifrət oyadıb? Putinin sonu necə olacaq?..

Moderator.az xəbər verir ki, rusiyalı biznesmen və müxalif siyasətçi, Rusiyanın müharibə əleyhinə komitəsinin təşəbbüskarlarından biri Mixail Xodorkovski “QORDON” nəşrinin banisi Dmitri Qordona müsahibəsində bu və başqa suallara cavab verib.

 

“Putin ukraynalıların onu gül-çiçəklə qarşılamadıqlarına çox təəccüb edib. Xarkov şəhəri onda nifrət oyadıb, o, bunun rus şəhəri olduğunu güman edirdi və onu xilaskar kimi qarşılayacağını gözləyirdi”

 

– Mixail Borisoviç, bugünkü ağılsızlığı, dəliliyi necə qiymətləndirirsiniz?

– Biz Putin rejiminin Ukraynaya və Ukrayna xalqına qarşı təcavüzkar müharibəsi ilə üz-üzəyik. Buna heç bir şeylə haqq qazandırmaq mümkün deyil. Mən bunun Donetskə və ya başqa nəyəsə görə baş verdiyini eşidəndə, məni əsməcə tutur.

– Siz Putini şəxsən yaxşı tanıyırsınız. Deyin, görək, Putinlə nə baş verir, o, dəli olub?

– Buna heç bir şübhəniz olmasın, paranoyanın kliniki əlamətləridir. Biz bunu ən yaxın adamlarını əyləşdirdiyi uzun masadan görürük, o, qorxur ki, onu öldürə bilərlər. Amma o, bu mənada dəli deyil ki, bununla az təhlükəli olub.

O, 20 illik avtoritar hakimiyyəti ərzində özü üçün xəyali dünya yaradıb. Bu xəyali dünyada Ukrayna xalqını heç kimə məlum olmayan benderlərdən və nasistlərdən qoruyur. Onlar həqiqətən Ukraynada var, amma onların sayı, məsələn, Piterdə olanlardan çox deyil.

Bəli, mən belə nasistlərlə Puterdə həbsdə yatmışam. Mən gözəl anlayıram ki, hər bir ölkədə dəlilər var, onlar hesab edir ki, Hitler yaxşı olub. Hə, indi nə edək? Sankt-Peterburqu bombalayaq?

Bir sözlə, o, belə bir dünyada yaşayır.

Mən anlayıram, indi sizdə Vətən müharibəsidir, Putin faşistlər kimi davranır, Ukraynanı yer üzündən silmək istəyir. Mən bunlar haqqında sakit danışa bilmirəm.

– Ukrayna xalqının, ordusunun belə müqaviməti Sizin üçün yenilik oldu?

– Mənim üçün xeyr. Mən bir an belə şübhə etmirdim ki, Ukraynanın azad xalqı mütləq özünü qoruyacaq. Mühasirəyə alınan Kiyevdə hamıya silah paylananda məndə heç bir şübhə qalmadı. Mən hesab edirəm ki, bu, 100 faizlik referendumun bir formasıdır. Bu o deməkdir ki, xalq və hökumət birdir, bir yerdədir. Bu, xalq savaşıdır.

–  Necə düşünsünüz, biz ölkəmizi qoruyub saxlaya biləcəyikmi?

–  Mənim buna zərrə qədər şübhəm yoxdur. Putinin nə etdiyini mən anlamıram. O, Xarkovu da, tutalım, Kiyevi də zəbt edə bilər, sonra nə baş verəcək? Nifrət etdiyi 40 milyonluq ölkə ilə nə etmək fikrindədir? Mən bunun izahını bilmirəm.

Mənə Putinin nə düşündüyü maraqlı da deyil. Amma onu müttəhimlər kürsüsündə görməyə ümid edirəm.

– Mən tamamilə inanıram ki, Putin Qərbin işə qarışmayacağına əmin idi. Rusiya 2008-ci ildə Gürcüstana və 2014-cü ildə Ukraynaya hərbi müdaxilə edəndə qarışmadığı kimi. Nədən Qərb bu dəfə belə güclü birlik nümayiş etdirir?

– Çünki qorxdular, onlar bu dəfə müdaxilə etməməkdən qorxdular. Və əsl liderlər peyda oldu. Kim düşünə bilərdi ki, Consonda liderlik qabiliyyəti üzə çıxacaq? Şoltsda liderlik qabiliyyəti yaranacaq və alman xalqı onu müdafiə edəcək? Bunların hamısı gənclər idi və hamı bir ağızdan dedi: “Uşaqlar, buna dözə bilmərik!”

– Qərbin Putinə və Rusiyaya qarşı iqtisadi sanksiyaları bu rejimə son qoya bilərmi?

– Mən heç vaxt Rusiyaya qarşı sanksiyalara tərəfdar olmamışam. Mən yalnız günahkarlara qarşı sanksiyaları dəstəkləmişəm. Amma indi müharibəni dayandırmaq üçün total iqtisadi sanksiyaların tərəfdarıyam. Bunun nəticələri ağır olacaq, o cümlədən xaricdə yaşayan ruslar üçün də, elə mənim üçün də ağır olacaq. Amma Xarkovda insanların qətlə yetirildiyini görəndə, biz dözməliyik. İnsanlar anlamalıdır ki, onların hökuməti təcavüzkar müharibə aparır. Müharibəni dayandırmaq üçün bunu etmək lazımdır.

Oliqarxlara gəldikdə, onlar da seçim etməlidir: ya Putini hərbi cinayətkar saymalı, ya da onunla birgə müttəhimlər kürsüsündə əyləşməlidirlər. Bu, şərəf və ləyaqət məsələsidir. Navalnı şüurlu surətdə həbsxananı seçib, amma şərəfini və vicdanını qoruyub saxlayıb.

– Mən şəxsən rusiyalıların kütləvi surətdə küçələrə çıxmasına inanmıram. Moskvada yarım milyon, bir milyon insan küçələrə axın etsəydi, Putinin sonu gələcəkdi. Siz buna inanırsınızmı?

– Biz bunun baş verməsi üçün çalışacağıq. Həmin iqtisadi sanksiyalar insanların beyinlərinə təsir edə bilər, hətta o milyon dediyinizdən minlərlə insan müharibəyə etiraz etsə, yetərli olacaq.

Rusiyanın iki variantı var: ya bu rejimə son qoyacaq inqilab, ya da yavaş-yavaş 19-cu əsrə dönüş, nəticədə Rusiyanın dağılması.

– Siz Putinin ətrafını yaxşı tanıyırsınız. Onlar anlayırlarmı, bu, artıq sondur?

– Yox, hələ anlamırlar. Hətta taktiki nüvə silahının tətbiqi də onlar üçün son deyil. Amma nə etmək olar? Faşistlər də anlamırdı, sonu bəllidir.

– Siz rusiyalıların küçələrə çıxmasının təşəbbüskarlarından birisiniz. Fürsətdən istifadə edərək, rusiyalılara müraciət edə bilərsinizmi?

– Mən onlara demək istəyirəm, mənim əzizlərim, mənim həmvətənlərim, bilirəm, qorxunuz var, kimisə 15 sutka, kimisə daha çox müddətə həbs edə bilərlər. Siz işinizi itirməkdən qorxursunuz.

Amma indi sizin qonşularınızı, dostlarınızı, bəlkə də qohumlarınızı öldürürlər, onları Ukraynada heç nəyə görə qətlə yetirirlər. Sizin qorxunuz bunun yanında heç nədir. Xahiş edirəm, martın 6-da küçələrə çıxın və bu müharibəyə “Yox!” deyin. Bu, təkcə insanların həyatını deyil, həm də sizin ruhunuzu xilas edəcək.

– Sizin Putinə müraciət etmək imkanınız var…

– Vladimir, siz həmişə mənə praqmatik təsir bağışlamısınız. İndi sizin üçün yaxşı çıxış yolu yoxdur. Siz həmişə deyirdiniz ki, Rusiya sizin üçün nəsə deməkdir. Ölkənizi məhv etməyin, müharibəni dayandırın və çıxın gedin. Etdiklərinizə görə üzr istəyin. Sizi mühakimə edəcəklər, amma indi dayansanız, mən özüm sizi müdafiə edəcəyəm. Xahiş edirəm sizdən, ölkəmizi məhv etməyin.

– Putinin sonunu necə görürsünüz?

– Kədərli və ya çox kədərli. Biz bilirik ki, Stalinin həyatı necə bitib: hamı tərəfindən atılmış sidik gölməçəsində. Ola bilsin ki, onu zəhərləyiblər.

Biz bilirik ki, faşist rejiminin başçılarının həyatı necə bitib, ya özlərini zəhərləyib, ya asıb, ya da onilliklərlə kameralarda yaşamağa düçar edilib. Putin də bunu anlamalıdır.

– Bilirsiniz, bu yeddi gündə mən düşünürəm ki, təsəvvürümə gəlməzdi ki, 21-ci əsrdə qonşu dövlət sənin üstünə təkcə müharibə ilə gəlməyəcək, bütün odlu gücünü şəhərlərimizə yönəldəcək, insanları bu qədər quduzcasına, qəzəb və kinlə, bu qədər nifrətlə, hətta bu qədər ruh yüksəkliyi ilə öldürə bilərlər… Sizə elə gəlmir ki, bütün bunlar səfeh yuxunu xatırladır?

– Tamamilə doğrudur. Elə mən də belə hisslər keçirirəm, sanki yuxudayam və bu yuxudan yaxa qurtara bilmirəm.

“Mən yuxu görürəm, amma bu, həqiqət ola bilməz. Yəqin hansısa filmə baxıram…”

 

Mən ukraynalılarla danışıram. Həyat yoldaşım da ukraynalılarla danışır, bu gün bombalardan qorunmaq üçün sığınacaqlarda olan dostlarımızla danışırıq.

Bu, mümkün deyil… Bununla yaşamaq olmaz, insanın şüuru bunu qəbul etmir…

Mənim həmvətənlərim də… yaxşı insanlardır. Onların başında maneələr var, onlar nəsə etməyə qorxurlar.

Siz rəqəmlərə diqqət yetirin: 88 % insan Ukrayna ilə yaxşı münasibətlərin tərəfdarıdır, 66 % isə… müharibənin tərəfdarıdır. Belə şey ola bilərmi?

Normal adam belə cavab verərmi? Deməli, bu insanlar xəstədir, milyonlarla insan xəstədir. Biz onların xəstə təxəyyülünə yol tapmalı və onlara kömək etməliyik.

– Mixail Borisoviç, bu illər ərzində Ukraynada Sizə hörmətlə yanaşıblar, Sizi Ukrayna xalqının dostu hesab ediblər. Zəhmət olmasa, bu günlər Sizi eşidən ukraynalılara müraciət edin.

– Hə…Dostlar, mən ümid edirəm ki, əvvəlkitək sizə dostlarım deməyə mənəvi haqqım var.

Mən birinci dəfə 2014-cü ildə sizin qarşınızda Maydanda çıxış etmişəm. Mən ən dəhşətli yuxumda da təsəvvür edə bilməzdim ki, ikinci dəfə mənim müraciətim belə olacaq. Mən sizə “bağışlayın” deməkdən savayı nə deyəcəyimi bilmirəm… bağışlayın… (göz yaşlarına hakim kəsilə bilmir).

– Çox sağ olun…

Mən əminəm ki, biz onsuz da qalib gələcəyik və təkcə öz xalqımıza deyil, Rusiya xalqına da xoşbəxtlik gətirəcəyik.

Xoşbəxtlik isə bircə sözdədir – azadlıqda!

Xoşbəxtlik – azadlıq deməkdir.

Mən söhbətimizi qəmgin notlarla bitirmək istəməzdim.

Hər halda həyat qalib gələcək, gülüş və yumor qalib olacaq.

Elə bir söz deyin ki, insanlarda təbəssüm oyansın və onlar inansınlar ki, həyat davam edir və qələbə bizim olacaq.

– Mən istəyirəm ki, aramızdakı mübahisə yalnız bir şey üstündə olsun – qaluşkalar, yoxsa pelmenlər? (hər ikisi düşbərəyə bənzər xörəkdir – red.). Bax, bunun ətrafında güzəştsiz mübarizə aparmaq gərəkdir.

– Çox sağ olun, Sizə minnətdaram.

– Siz də salamat qalın.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button