“Böhranın həlli danışıqlara yox, Rusiya siyasi elitasındakı dəyişikliklərə bağlıdır…”

“Elə təhlükəsizlik şurasının iclasında da açıq hiss olundu ki, Putin öz ətrafının dəstəyindən arxayın deyil…”

 

“Xəbərlər dolaşır ki,  Putin nə Moskvada, nə də Soçidədir, Uralda- haradasa bunkerdədir. Və istər-istəməz Qorbaçovun taleyi, Faros macərası yada düşür…”

 

“Belə getsə, Ukraynada partizan hərəkatı qaçılmazdır…”

 

“Artıq Ukraynadakı durum dedikdə bir neçə mövzu meydana çıxır. Ölkənin daxilindəki və ətrafındakı vəziyyət… Hərbi əməliyyatları hamı izləyir, gedişat məlumdur. Hiss olunur ki, Rusiya hələ də böyük şəhərləri ələ keçirməyincə hərbi əməliyyatlar davam edəcək. Yəni Xarkov və Kiyevi hücumla almaq böyük itkilər, dağıntılar tələb edən bir əməliyyat olacaq. Hələki böyük şəhərlər mühasirəyə alınır”. 

 

Bu fikri Moderator.az-a açıqlamasında  Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov ifadə edib. 

 

“İkincisi, artıq belə nəticəyə gəlmək olur ki, Ukrayna xalqı tərəfindən partizan hərəkatını təşkil olunacağı da qaçılmazdır. Çünki  bunun elementləri də görünür. Ərazi müdafiə batalyonları da geniş fəaliyyətdədir. Eyni zamanda gözlənilməyən yerlərdə kişilər, hətta qadınlar tərəfindən Rusiya ordusuna hücumlar olur, onların texnikaları ələ keçirilir, yaxud yandırılır və s.”- açıqlamasının davamında belə deyən politoloq  Ukraynaya təcavüzün başlanması ərəfəsində və hazırda Rusiya daxilində baş verənlərə də toxunub.

 

“Ukraynanın ətrafında baş verənlərə gəldikdə, görürük ki, ən gözlənilməz proseslər Rusiyanın özü ilə bağlıdır.  Tərəflərin son iki görüşündən və Zaporojye AES-dəki  ağlasığmaz olaydan sonra hamı da anlayır ki, böhranın həlli yolu danışıqlar yox, Rusiyanın siyasi elitasında dəyişikliklərə bağlıdır. Və hesab edirəm ki, bu fikir artıq Rusiyanın özündə də formalaşıb…  

 

Bəzi beynəlxalq müşahidəçi və təhlilçilər Putin tərəfindən Rusiya xalqına yeni müraciətin gözlənildiyini bildirir. Onun hansı məzmunda olacağını hələlik heç kəs bilmir. Amma hesab edirəm ki, bu müraciət ilk növbədə baş verənlərə aid ola bilər. Və bu, Putinin öz ətrafının dəstəyindən arxayın olmamasından irəli gəlir.  Savaş başlanmamışdan öncə də siyasi elitanın Putini dəstəkləməkdə böyük tərəddüd keçirdiyi hiss olunurdu. Elə təhlükəsizlik şurasının iclasında da açıq hiss olundu ki, Rusiya liderinin Ukraynaya təcavüz qərarına birmənalı dəstək yoxdur… Və artıq neçə gündür, xəbərlər dolaşır ki,  Putin nə Moskvada, nə də Soçidədir, Uralda- haradasa bunkerdədir… Bu da çox qəribə bir davranışdır. Və istər-istəməz Qorbaçovun taleyi, Faros macərası yada düşür… Bir sözlə, vəziyyət həddindən artıq gərgindir. Və bu məsələdə Azərbaycan da ölçülüb-biçilmiş bir siyasət həyata keçirməlidir”- deyə sabiq baş diplomat vurğulayıb. 

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button