“Bibim 10 il həmin şəxslə qeyri-rəsmi nigahda yaşayıb, övlad da arzulayırdı…”

Xalq artisti Zərnigar Ağakişiyevanın qardaşı qızı Fəxriyə İsrafilova Moderator.az-ın suallarını cavablandırıb.

 

– Fəxriyə xanım, Zərnigar xanım sizə necə bibi olub?

 

– Bibi kimi çox gözəl, mehriban insan idi. Bir qədər sərt, çətin xasiyyətə malik qadın olsa da, bununla belə çox mülayim insan idi. Allah hər kəsə bir cür xasiyyət, xarakter verir.

 

– Deyilənə görə qohumlarını evinə buraxmırdı…

– Bibim erkən yaşlarında ailəsindən ayrılaraq Bakıya oxumağa gedib. Biz hal-hazırda Qubada onun ata-anası ilə qaldığı evdə yaşayırıq. Kiçik yaşlarından tək-tənha yaşadığına görə bu cür həyat tərzinə alışmışdı. Ona tək yaşamaq daha rahat idi, səs-küyü xoşlamırdı. Qohumları ona heç bir pislik etməyib, sadəcə bibimin xasiyyəti bu cür idi. Sanki özü-özündən küsmüşdü.

 

– Sizə qarşı münasibəti necə idi?

 

– Mən tələbəlik illərində bibimin yanında qalmışam. O vaxt bibimin Yasamalda bir otaqlı evi var idi. Gəl-get edirdim. Soyuqluq son illərdə olmuşdu. Hər şeyə rəğmən o bibim idi. Biz doğmalarımızı, əzizlərimizi özümüz seçmirik, Allah onları özü bizə verir.

 

– Zərnigar xanım həyatda ana deyildi. Tələbəlik illərinizdə sizə analıq hissini yaşada bilirdi?

– Ana olmasa da uşaqlara qarşı çox qayğıkeş idi. Hər şeyə kritik yanaşırdı. Onun verdiyi tövsiyələr, etdiyi nəsihətlər həyatımın hər dönəmində mənə lazım olur. O məni öz övladı, balası kimi qəbul etmişdi. Xoşu gəlməyən bir şey olanda o dəqiqə üzümə deyirdi. Sözü üzə deyirdi, qayğıkeş olmağı ilə yanaşı həm də tələbkar idi.

 

– Teatrdan küskünlüyünün səbəbi nə idi?

 

– O Həsən Turabovla yaxın dost olub, bir-birinin xətrini çox istəyirdilər. Uzun illər teatrda çiyin-çiyinə işləmişdilər.  O direktor olanda bibim çox böyük sevinclə evə gəlib demişdi ki, onu özümüzə müdir seçdik. Amma bir müddət sonra onların arasında inciklik baş verdi. Bilmirəm, deyəsən rol bölgüsünə görə nəsə olmuşdu. Onların hər ikisi də böyük sənətkar idi. 

 

– Zərnigar xanım ailə həyatı qurmuşdu?

– Bəli, Gəncədə çox hörmətli Əli müəllim var idi. Bibim onunla qeyri-rəsmi nigahda yaşayırdı. Hətta birlikdə bizə də gəlmişdilər. Yadımdadır, nənəm də onda sağ idi.

 

– Neçə il birgə yaşadılar?

 

– Təxminən 10 il. Bibim ailə həyatı haqqında danışmağı sevməzdi. Övlad da arzulayırdı, istəyirdi. 

 

-Ayrılmaqlarının səbəbi nə olub?

 

-Əli müəllimdən qısqanclıq zəminində ayrılmışdı. Qastroldan qayıdanda hansısa sənət dostu bibimə demişdi ki, həyat yoldaşın səndən başqa da kiminləsə görüşür. Bu söz ona çox pis təsir etmişdi. Əqrəb bürcü idi, qısqanclığı ona bağışlamayıb. Hətta gəlib bibimə yalvarıb ki, gəl barışaq. Bibimin qəlbi qırılmışdı, onunla yenidən bir araya gəlmək istəməyib. Əli müəllim bibimdən öncə dünyasını dəyişmişdi.

 

-Zərnigar xanımın Bakıdakı evində kimlər yaşayır?

 

-Ev mənim adımdadır. Bir-iki dəfə çəkiliş üçün qapını açıb, içəri təmizləmişik. Bibimdən yadigar qalan əşyalarını, fotolarını, geyimlərini qoruyub həmin evdə saxlayırıq.

 

-Evi özü sizə vəsiyyət etmişdi?

-Xeyr, mənə heç bir vəsiyyət etməmişdi. Özü də inanmazdı ki, bu tezliyində öləcək. Bizim o biri qohumlarımızla bibim arasında evə görə problem yaşanmışdı, çox dərinə getmək istəmirəm. Ona demişdilər ki, evi adımıza keçir, sabah sən olmayanda problem yaranacaq. Bibim bu söhbəti mənə də demişdi. Dedim ki, bibi mən bura ev üçün gəlməmişəm, məni gözəl tanıyırsan. Mənə deyirdi ki, nəyim varsa sənindir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button